Şuşaya artıq Bakıdan deyil, Füzulidən gedəcəyik

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşaya səfərini xaricdə yaşayan soydaşlarımız sevinclə qarşılayıblar. SİA-nın xəbərinə görə, Qubadlıda doğulub-böyüyən, hazırda Fransada yaşayan Mirvari Fətəliyeva bu barədə öz fikirlərini paylaşıb:

- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Qarabağın mədəniyyət paytaxtı Şuşaya səfərini çöx böyük qürur hissi ilə, həvəslə, sevinclə izlədim və düşünürəm ki, bütün dünyada yaşayan azərbaycanlılar da eyni hissləri yaşadılar. Füzuli rayonunda beynəlxalq hava limanının təməlinin qoyulması, böyük mədəniyyət xadimlərinin güllələnmiş heykəllərinin Şuşaya qaytarılması ilə onların ruhunun da buraya qaytarılması, inanın ki, çox sevindirici və qürurverici anlar idi. Mən bütün azərbaycanlıları təbrik edirəm. Biz Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq anları yaşayırıq və fəxrliyəm ki, mənə də bu anları yaşamaq qismət oldu. Xoşbəxtəm ki, doğulub-böyüdüyüm torpaqlara yenidən qayıtmaq, ailəmlə birlikdə qayıtmaq qismətim olacaq. Bunun üçün ordumuza, Ali Baş Komandana dərin təşəkkürümü bildirirəm və yenidən Qarabağda görüşmək ümidilə deyirəm.

Ulu babaları Şuşada yaşayan və İbrahimxəlil xanla çalışan, özü hazırda Kanadada məskunlaşan Yeganə Cəfərova:
- Mən uzaq Kanadadan qələbəmizin hər anını izləmişəm. Qarabağa hər gedən olanda sanki bu səfərlər ürəyimizin çox incə tellərinə toxunur. Mən cənab Prezidentin və Mehriban xanımın Şuşaya səfərlərini əvvəldən axıra qədər izlədim və elə bildim ki, mənim ayaqlarım o torpaqlara yenidən dəydi, gücümün artdığını hiss elədim, ümidim artdığını hiss elədim. Bir daha inandım ki, Şuşaya erməni ayağı dəyməyəcək. Mənim ulu babalarım Şuşada olub, İbrahimxəlil xanla çalışıblar. Prezidentin necə qürurla o torpaqlara getməsi, özü maşın sürərək Şuşaya getməsi böyük bir nümunə idi. Ali Baş Komandanın orada öz əli ilə bayraq qaldırması, tarixi abidələri tək-tək ziyarət etməsi o demək idi ki, Şuşanın bərpası çox tez bir zamanda olacaq. Cənab Prezident Füzulidən, Xocavənddən keçəndə, o yollar yadıma düşdü. Şuşada büstlər qoyulan yerdə-Mədəniyyət evinin qarşısında konsertlərdə olmuşam, orada stullar düzülərdi, konsertlərə tamaşa edərdik. Mən orada həyatın əvvəlki kimi canlanacağını hiss elədim. Həm də o gözəl Şuşamızın necə dağıdılması mənə çox pis təsir elədi. Şuşanın yenidən cənnətə dönməsini səbirsizliklə gözləyirəm. Çox sevindim ki, Füzulidə beynəlxalq hava limanı tikiləcək. Bu səfər məni Şuşaya bir az da yaxınlaşdırdı. Biz artıq Bakıdan Şuşaya deyil, Füzulidən Şuşaya gedəcəyik.

Şuşada doğulub-böyüyən, hazırda Niderland Krallığında yaşayan Xatirə Sərdarqızı:
- Prezidentin Şuşa səfərini bütün azərbaycanlılar kimi, bütün şuşalılar kimi mən də həyəcanla izlədim. Mehriban xanım Əliyevanın instaqram səhifəsini diqqətlə izləyirdim ki, Ali Baş Komandanın Şuşaya daxil olduğu anı görə bilim. Cənab Prezidentin Şuşa şəhərinin içində məktəbimizin yanından keçməsini, Mamayı bulağının yanından aşağıya doğru irəliləməsini, mehmanxananın üstündəki yazını oxuduğu anları izlədim. Maşını Gövhər Ağa məscidindən aşağı sürməsi, sola dönərək irəliləməsi sayəsində bəzi yerləri uzun illər sonra görmüş oldum. Orada mənim atamın iş yeri vardı, o yerlər mənə həm də ona görə çox doğma idi ki, uşaqlığım demək olar ki, orada keçmişdi. Ermənilərin Şuşanı nə vəziyyətə saldığını gördükcə, məyus oldum. 30 il ərzində Şuşada heç bir abadlıq işləri görülməmişdi, məhəllə mədəniyyətimiz tamamilə dağıdılmışdı. Mən Prezidentin hər Şuşa deyəndə səsinin titrədiyini, qəhərləndiyini hiss elədim. Ali Baş Komandanın Şuşadakı o məğrur duruşu, dəmir yumruğunu Cıdır düzündə qaldırması qələbənin nida işarəsi idi. Məni bir də ən çox təsirləndirən Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin güllələnmiş büstlərinin, məhz Prezidentimizin qətiyyəti sayəsində Şuşaya geri dönməsi idi, bu çox təsirlidir. Həmin heykəllərin yaraları da artıq Şuşada sağalacaq. Şuşa ilk dəfə öz Prezidentini qəbul elədi. Bu inanılmaz bir səfər idi.

Xankəndidə doğulub-böyüyən, hazırda Norveçdə yaşayan Arzu Əliyeva:
- Cənab Prezidentin və hörmətli Mehriban xanım Əliyevanın Şuşaya səfərini böyük qürur hissi ilə izlədim. Məni ən çox sevindirən işlərdən biri Füzuli rayonunda beynəlxalq hava limanın təməlinin qoyulmasıdır. Əlbəttə, xaricdə yaşayan azərbaycanlıların Qarabağa rahat gəlib-getməsi üçün böyük imkan yaranacaq. Ali Baş Komandanın Şuşa səfərində həm də tarixi ədalət yerini tapdı, Natəvanın, Bülbülün, Üzeyir bəyin büstlərinin öz yerinə qaytarılması sevindirici və qürurvericidir. Mən Xankəndidə yaşayanda Şuşaya hər zaman gedib-gəlmişəm və biz o büstləri həmişə orada görmüşdük. 30 il idi ki, onlar öz doğma yerlərindən uzaq düşmüşdülər. Çox sevinirəm ki, dahilərimizin büstləri də vətənə qovuşdu.

Ağdamda doğulub-böyüyən, hazırda Türkiyədə yaşayan Məhsəti Şərif Özyürək:
- Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfəri elə Şuşa zəfərini elan etdiyi gün qədər təsirli idi. Ali Baş Komandanın səhər tezdən, birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Şuşaya yola düşərkən paylaşdıqları qısa videoda “İstiqamət Şuşa” deyən zaman gözlərindəki qüruru və sevinci görmək nə gözəl idi. Bu tarixi səfər idi. Qürurla izlədik. Düşmənin yallı getdiyi cıdır düzündə çay içib mesaj verdi, yaralanmış büstləri yenidən torpağına apardı və rəsmi açılışını etdi.

İnanın bu səfəri birnəfəsə və dəfələrlə izlədik.

Mən çox qururlandim, 30 il sonra Ali baş Komandan qalıb sərkərdə kimi geri döndü və torpağın əsl sahibinin kim olduğunu göstərdi.

İnanın xaricdə yaşayanların başı daha uca oldu. “Niyə torpaqlarınızı ala bilmirsiniz, torpağınızi necə verə bilərsiniz?” suallarına boynumuzu bükərək izah verməyə çalışmaqdan yorulmuşduq. İndi başımız uca gəzirik. Prezidentin xaricdə yaşayan azərbaycanlıların, eləcə də xarici vətəndaşların Şuşaya gəlməsi üçün Füzulidə tikilən yeni hava limanı barədə danışması, tikintinin təməlini atması bizi ikiqat sevindirdi və qururlandırdı. Təşəkkürlər Ali Baş Komandanım və ordumuzun igid əsgərləri!

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə