Bir nəfər kimi Sizin, dövlətimizin, ordumuzun yanındayıq! Prezidentə yazırlar

Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırıb. Bu, Azərbaycan vətəndaşlarının Prezident, Ali Baş Komandan İlham Əliyevə göndərdiyi təbrik və təşəkkür məktublarından da aydın görünür.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarından əlavə bir sıra xarici ölkələrin vətəndaşları da dövlətimizin başçısına məktublar ünvanlayırlar.

SİA Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

İsmayıllı rayonunun müharibə, əmək və silahlı qüvvələr veteranları adından Əlaləm Babayev yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində düşmənə layiqli cavab verilmişdir. Ordumuz gün ərzində uzun illər işğal altında olan yeddi kəndimizi və ən strateji yüksəklik olan Murovdağ silsiləsini mənfur düşməndən azad etmişdir. Bu qələbələr bizi çox sevindirir. Biz çox inanırıq ki, Sizin rəhbərliyinizlə şanlı ordumuz işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad edəcək və zəfər çalacaq. Çünki bizim işimiz haqq işidir”.

Bakı şəhərinin sakini Arif Əliyev: “Hörmətli cənab Prezident, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatını qətiyyətlə dəstəkləyirik. Ordumuzun uğurları hər bir azərbaycanlı kimi, bizə də sevinc və sonsuz qürur hissi yaşadır. Qarabağ bizim doğma dədə-baba torpağımızdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu gün bizim mübarizəmiz haqq mübarizəsidir. Azərbaycan vətəndaşları bir nəfər kimi Sizin, dövlətimizin, Ordumuzun yanındadır. Biz əminik ki, Azərbaycan Ordusu Sizin Ali Baş Komandanlığınızla düşmən üzərində layiqli zəfər çalacaq, Azərbaycan bayrağı əzəli torpağımız Qarabağda dalğalanacaq. Otuz ilə yaxın doğma torpaqlarından didərgin düşən soydaşlarımız tezliklə öz yurdlarına qayıda biləcəklər. Bu haqq yolunda zəfər çalacağımıza inanırıq və bu yolda Sizə, ordumuza yeni uğurlar diləyirik”.

Bakı şəhərinin daha bir sakini Ağayar Məmmədov: “Hörmətli cənab Prezident, Sizin və çox hörmətli Mehriban xanımın Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğı bizim gələcəyə ümidimizi daha da artırır. Cənab Ali Baş Komandan, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün ordumuza verdiyiniz tapşırıq nəticəsində Silahlı Qüvvələrimizin Ermənistan ordusunu darmadağın etməsi hər birimizdə tezliklə böyük qələbəyə qovuşacağımıza əminlik yaradıb. İnanırıq ki, Sizin müdrikliyiniz və qayğıkeşliyiniz sayəsində az itki ilə qələbə qazanacağıq. Allah Sizi və ailənizi qorusun”.

Şirvan şəhərinin sakini Leyla İbadovanın məktubunda deyilir: “Hörmətli cənab Prezident, Ali Baş Komandan, mən bir vətəndaş, bir müəllim olaraq son zamanlarda baş verən hadisələrlə bağlı atdığınız addımları bəyəndiyimizi və Sizi dəstəklədiyimizi bildirirəm. Biz başa düşürük ki, Siz Azərbaycan xalqının 30 illik nisgilinə son qoymaq üçün, şəhidlərimizin məzarlarında rahat uyuması, torpaqlarımızın işğaldan azad olunması və gələcək nəsillərin xoşbəxtliyi üçün bu addımı atmış, ölkədə hərbi vəziyyət elan edərək əks-hücum əmrini vermisiniz. Şərəfli mübarizəmizdə sözsüz ki, şəhidlərimiz də olacaq. Ancaq biz bilirik ki, azadlıq bəxş edilmir, qan bahasına alınır. Odur ki, düşmənin amansızlığı, müharibənin dəhşəti Azərbaycan xalqını qorxuda bilməz. Keçən gün ordumuzun apardığı hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, kənd Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndlərinin azad olunması və Murov yüksəkliyinin ordumuzun nəzarəti altına keçməsi xəbəri vətəndaşlar içərisində çox böyük sevinc və nikbinlik yaradıb. İnanırıq ki, Sizin apardığınız düzgün siyasətiniz və Azərbaycan Ordusunun əzmi, şücaəti sayəsində düşmən məhv ediləcək, torpaqlarımız bütünlüklə azad olunacaq, şəhid analarının yanan qəlbinə su səpiləcək. Cənab Ali Baş Komandan, əmin olun ki, bu çətin və şərəfli işdə Azərbaycan xalqı yekdilliklə Sizin yanınızdadır”.

Qobustan şəhərindən Rəssam Azadə yazır: “Hörmətli cənab Ali Baş Komandan, bu gün hamının düşüncəsi bütünlüklə Azərbaycan əsgərinin döyüş əzminə, qələbə ruhuna köklənib. Bu köklənmə vətənsevərlikdir, Azərbaycan əsgərinin gücünə, qüdrətinə inamdır, Ali Baş Komandanın əmri ilə döyüşən hərbi qulluqçularımıza vətəndaş xeyir-duasıdır. Yurdumuzun hər qarışı mənim üçün əziz və doğmadır. Vətənə xidmət etmək, onu qorumaq bizim müqəddəs və şərəfli borcumuzdur. Bu borcu ləyaqətlə yerinə yetirdiyimə görə qürurluyam. Xalqımız qəhrəman, cəsur xalqdır. Zaman-zaman Vətən oğulları yadellilərlə mübarizələrdə böyük igidlik və qəhrəmanlıqlar göstəriblər. Qanları və canları bahasına qoynunda dünyaya göz açıb yaşadıqları torpaqları qoruyublar. Bu gün bizim damarlarımızdan döyüşlərdə böyük qəhrəmanlıq və hünər göstərmiş babalarımızın qanı axır. Biz də onların qəhrəmanlıqlarını təkrar edərək, erməni işğalçılarını torpaqlarımızdan təmizləyəcəyik. Cənab Prezident, Ulu Tanrı bu haqq yolunda köməyiniz olsun”.

Saatlı şəhərindən Sevinc Əhədova: “Hörmətli cənab Prezident, Siz zamanın sınağından ləyaqətlə çıxmış bir lidersiniz. Bu sınaqlarda xalq Sizin arxanızda, Siz də xalqın önündə olmusunuz. Haqq mübarizəmizdə də qəsbkar, xəyanətkar erməni faşistləri zaman-zaman Sizin və ordumuzun layiqli cavablarını alıblar. Cənab Prezident, inanırıq ki, Sizin komandanlığınızla torpaqlarımızı mənfur düşməndən azad edəcək, bu mübarizədə qalib gələcəyik. Qadın olmağıma baxmayaraq, bu yolda Sizin əmrinizi gözləyirəm”.

Bakı sakini Tuncay Şamilzadə: “Hörmətli cənab Prezident, Azərbaycan xalqı daim Sizinlə fəxr edib, edir və edəcək də. Mən bu məktubu Sizə göz yaşları içində yazıram. Allah Sizi qorusun. Siz tək deyilsiniz, son damla qanımıza qədər Sizinləyik. Var olun! Yaxşı ki, Sizin kimi Ali Baş Komandanımız, Prezidentimiz var. Allah Sizi bizə çox görməsin”.

Bakının Xətai rayonunun sakini Aysel Hasanova: “Cənab Prezident, hər bir Azərbaycan vətəndaşı kimi, mən də Sizə güvənir, Sizə inanıram. Sizin siyasətinizi, ölkəmizin gələcəyi, vətəndaşlarımızın rifahı üçün qəbul etdiyiniz qərarları dəstəkləyirəm. İnşallah, işğal altında olan torpaqlarımız tezliklə azad olunacaq! Sizə güvənir, sizə arxalanırıq. Allah sizə və Vətənimizə kömək olsun”.

Binəqədi rayonundan Şərqiyyə Salmanova: “Cənab Prezident, Sizi və bütün Azərbaycan xalqını, azərbaycansevərləri təbrik edirəm. Ordumuzun şücaəti, Sizin uğurlu rəhbərliyiniz bizi uğura aparır. İşğal altındakı bütün torpaqlarımızın tezliklə azad olunması xəbərini verməyinizi Uca Allahdan arzu edirəm. Mən bir Azərbaycan övladı olaraq daim Sizi dəstəkləyir, uğurlarınızın, uğurlarımızın davamlı olmasını arzu edirəm. Gözün aydın, Azərbaycan! Qarabağ Azərbaycandır!”.

Şirvan şəhərinin sakini Leyla İbadovanın məktubunda deyilir: “Hörmətli cənab Prezident, Ali Baş Komandan, mən bir vətəndaş, bir müəllim olaraq son zamanlarda baş verən hadisələrlə bağlı atdığınız addımları bəyəndiyimizi və Sizi dəstəklədiyimizi bildirirəm. Biz başa düşürük ki, Siz Azərbaycan xalqının 30 illik nisgilinə son qoymaq üçün, şəhidlərimizin məzarlarında rahat uyuması, torpaqlarımızın işğaldan azad olunması və gələcək nəsillərin xoşbəxtliyi üçün bu addımı atmış, ölkədə hərbi vəziyyət elan edərək əks-hücum əmrini vermisiniz. Şərəfli mübarizəmizdə sözsüz ki, şəhidlərimiz də olacaq. Ancaq biz bilirik ki, azadlıq bəxş edilmir, qan bahasına alınır. Odur ki, düşmənin amansızlığı, müharibənin dəhşəti Azərbaycan xalqını qorxuda bilməz. Keçən gün ordumuzun apardığı hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, kənd Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndlərinin azad olunması və Murov yüksəkliyinin ordumuzun nəzarəti altına keçməsi xəbəri vətəndaşlar içərisində çox böyük sevinc və nikbinlik yaradıb. İnanırıq ki, Sizin apardığınız düzgün siyasətiniz və Azərbaycan Ordusunun əzmi, şücaəti sayəsində düşmən məhv ediləcək, torpaqlarımız bütünlüklə azad olunacaq, şəhid analarının yanan qəlbinə su səpiləcək. Cənab Ali Baş Komandan, əmin olun ki, bu çətin və şərəfli işdə Azərbaycan xalqı yekdilliklə Sizin yanınızdadır”.

Binəqədi rayonundan Xuraman Babayeva, Esmira Məmmədova, Maya İsayeva və Namiq Nağıyev yazırlar: “Hörmətli cənab Prezident, biz Sizinlə, ordumuzun şanlı qələbə əzmi ilə qürur duyuruq. İşğalçı düşmənə qarşı apardığınız düzgün siyasəti dəstəkləyir, Sizin arxanızda olduğumuzu bildiririk. Sizin rəhbərliyinizlə ordumuz uğurlu əməliyyatlarla xalqımızı sevindirdi. Bir neçə kəndin azad olunması xəbəri yeni qələbələrin carçısıdır. Sizin kimi Prezidentlə fəxr edirik. Qələbə bizimlədir”.

Səbail rayonundan Aysel Zeynalova: “Hörmətli cənab Prezident, bu məktubu yazarkən həm kövrəlirəm, həm də fərəhlənirəm. Şükür ki, o gün gəldi çıxdı. Heydər babanın da ruhu indi şaddır. Vətənimiz uğrunda bütün şəhid olanların da ruhu indi sevinir. Təbrik edirəm Sizi, mənim müdrik Prezidentim. Bu zəfər bütün azərbaycanlılarımızın zəfəridir. Deyilməyə o qədər sözlər var ki, amma həyəcandan söz tapa bilmirəm. Siz ki, bizə bu sevinc gözyaşlarını yaşatdınız, Allah Sizi həmişə var eləsin. Heydər babanın bir zamanlar fərəhlə dediyi bu cümləni, indi də mən fərəhlə deyirəm: Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!”.

Yevlax şəhərindən Osman Xəlilov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bir məcburi köçkün olaraq özümə borc bilirəm ki, Sizə təşəkkürümü və minnətdarlığımı bildirəm. Azərbaycanın bütün vətəndaşları kimi, mən də hər zaman Sizin apardığınız siyasətə inanıb Sizi dəstəkləmişəm. Sizin indi də Qarabağın azad olunması uğrunda göstərdiyiniz əzmi və mübarizliyi görüb susmaq mümkün deyil. Mən inanıram ki, işğal altındakı bütün torpaqlarımız yaxın vaxtlarda Sizin rəhbərliyinizlə azad ediləcək və biz məcburi köçkünlər öz doğma yurdlarımıza qayıdacağıq. Bir məcburi köçkün gənc kimi əminəm ki, o gün uzaqda deyil. Biz gənclər Sizi sevirik, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Vətənimizin uğrunda döyüşməyə hər an hazırıq, hörmətli cənab Prezident. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlarımız var. Allah şəhidlərimizə rəhmət eləsin. İnşallah, onların qanı yerdə qalmayacaqdır. Allah Sizi və əsgərlərimizi qorusun”.

Türkiyənin Adana şəhərindən Efe Hüsem yazır: “Hörmətli cənab Prezident, mən Türkiyənin Adana şəhərində həkim işləyirəm. Doğma Vətən, qardaş ölkə Azərbaycanda Tibb Universitetində təhsil almışam. Erməni işğalçıları ilə cəbhədə vuruşan qardaşlarıma lazım olarsa ya həkim kimi, ya da bacardığım başqa iş üzrə xidmət göstərməyə hər an hazıram. Şübhəsiz, çağırış etsəniz, ən qısa zamanda gələrəm. Ürəyim Sizinlədir. Allah yar və yardımçınız olsun”.

İstanbul şəhərindən Amanat Aydın: “Hörmətli cənab Prezident, Azərbaycan Ordusunun düşmənə qarşı lazımi müdafiə tədbirlərini ən yüksək səviyyədə təşkil etdiyini və əks-hücumla ermənilərə sarsıdıcı zərbələr endirdiyini sosial mediadan öyrəndim. Haqsızlığı özünə məslək bilən, qardaş ölkəmin insanlarına qəsd edən, adını belə çəkməyə dilim gəlməyən aciz topluya qarşı təbii ki, gücünüzün yetəcəyini atalarımızdan gələn qandan bilirəm. Ancaq ehtiyac olarsa, qardaş ölkəmin bu mübarizəsində hər zaman yanınızdayam. Türk milləti olaraq birimizə olunan haqsızlıq hamımıza edilən haqsızlıqdır. Hər zaman qardaş ölkəmin yanında olacağımı bildirir, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm”.

Ankara şəhərindən Suat Muratoğlu: “Hörmətli cənab Prezident. Mən Türkiyə vətəndaşıyam. Xaraktersiz ermənilərin əməllərini şiddətlə qınayıram. Davanız davam, yolunuz yolumdur. Azərbaycan mənim də ölkəmdir. Lazım gələrsə, Sizin ölkəniz üçün də vuruşmağa, şəhid olmağa tərəddüd etmərəm. Dualarım Sizinlədir. Ehtiyac olarsa, sevə-sevə cəbhəyə getməyə və qardaşlarımla birlikdə vuruşmağa hazıram. Allah yardımçısınız olsun. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza da qısa zamanda şəfa tapmalarını diləyirəm”.

İstanbul şəhərindən Hakan Yıldız yazır: “Hörmətli cənab Prezident, qardaş ölkəmizə və bütün vətəndaşlarınıza mənim və ətrafımda olan insanların səmimi salamlarını çatdıraraq haqq işinizdə uğurlar arzulayıram. Əziz Prezident, mən və ətrafımda olan çoxsaylı insanlar rəhbərliyinizlə qazanılan rəşadətli qələbə sevincini Sizinlə bölüşmək üçün yanınızda olmaqdan şərəf duyarıq. Azərbaycan bizim ikinci Vətənimizdir. Sizi öz rəhbərimiz kimi sevir, qərarlarınızı dəstəkləyirik. Hamımızın duaları qələbə qazanmağınız üçündür”.

Tekirdağ şəhərindən Özdoğan Məhəmməd və Satı Levent yazırlar: “Hörmətli cənab Prezident, bu çətin günlərdə Sizə yaxşı və sağlam çalışmalar və uğurlar diləyirəm. Mənim 24 yaşım var. Vətənin bu çətin günündə azərbaycanlı qardaşlarımın yanında olmaq istəyirəm. Hər hansı bir əmriniz olarsa canla-başla yerinə yetirməyə hazıram. Cənab Ali Baş Komandan, ermənilərə qarşı hərbi əməliyyatların iştirakçısı olmaqdan qürur duyardım. Əmrinizi gözləyirəm”.

Almaniyanın Dortmund şəhərindən Halil Deniz Kalakli yazır: “Hörmətli cənab Prezident, mən Almaniyada yaşayan türk vətəndaşıyam. Azərbaycanın Ermənistanla yaşadığı problemi yaxından izləyirəm. Burada bir qərar tuta bilmirəm. Hazırda böyük narahatlıq içərisində Azərbaycan Silahlı Qüvvələrinin zəfər çalması üçün dualar edirik. Türkiyədə yaşadığım dövrdə Türk Özəl Qüvvələrində əsgərlik etmişəm. İcazənizlə Azərbaycana gəlib Sizlərlə bərabər ermənilərə qarşı vuruşmaq istəyirəm. Burada bir çox türk qardaşlarımız da Azərbaycana gəlib qardaşlarımıza dəstək vermək istəyirlər. Eyni zamanda, Türkiyədə yaşayan həmvətənlərim də eyni duyğu və düşüncə içərisindədirlər. Artıq Ermənistana sərt bir sillə vurmağın zamanı gəlmişdir. Ermənilər türkün əsl gücünü görməlidirlər. Birlikdə onların üzərinə getməliyik. Hörmətli cənab Prezident, əmr etdiyiniz anda yanınızda olacağımı bilməyinizi istəyirəm. Sizi və bütün azərbaycanlı qardaşlarımızı Allaha əmanət edirəm”.

Şanlıurfa şəhərindən Babacan Eyüp: “Hörmətli cənab Prezident, ilk növbədə, Sizə salamlarımı çatdırır, ehtiramımı bildirirəm. Erməni işğalçıları ilə apardığınız mübarizədə Türkiyə xalqı olaraq, sonuna qədər yanınızda olduğumuzu, dualarımızın Sizinlə birlikdə olduğunu bilməyinizi istəyirik. Rəbbim qardaş Azərbaycanın yardımçısı olsun. Hər zaman can qardaşlarımızın yanındayıq. Tutduğunuz bu haqq yolunda Sizə zəfər arzulayıram”.

Pakistanın Multan şəhərindən Məsud Əhməd: “Möhtərəm cənab Prezident, mən ölkənizlə dost və qardaş münasibətində olan Pakistanın vətəndaşı olaraq ölkəmin Sizin və böyük xalqınızın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı tam qəlbimizlə dəstəklədiyimizi bildirməkdən şərəf duyuram. Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu işğaldan azad etmək üçün başladığınız haqq işində Türkiyə xalqı ilə yanaşı, bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür. Allahdan müqəddəs niyyətinizə çatmaq üçün xalqınıza kömək olmasını, ölkənizin daim çiçəklənmə və tərəqqi yolunda inkişaf etməsini azrulayıram. Allahın mərhəməti daim üzərinizdə olsun. Xeyirli dualarımız Sizlərdən əksik deyil”.

Ukraynanin Kropivnitski şəhərindən Qorovaya Natalya Vasilyevna: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Ukrayna Azərbaycanlıları Konqresində tanışım var. Onun vasitəsilə Azərbaycanı və azərbaycanlıları daha yaxından tanımışam. Bu məktubu yazmağıma da əsas səbəb Azərbaycana və azərbaycanlılara olan məhəbbətimdir. Razılığınız olarsa, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində biz də könüllü kimi iştirak etməyə hazırıq. Sizin əmrinizi gözləyirik və Azərbaycana gəlməyə hər zaman hazırıq. Biz Sizə güvənirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə