Qida təhlükəs(izliy)i: Saxta qidalar genefondumuzu dağıdır - ARAŞDIRMA

Sosioloq: "Bunları qida saymaq olmaz, bu kimyəvi məhsullar sadəcə, təbii qidanın imitasiyasıdır"

Qida texnoloqu: "Süni kimyəvi qidalar və "fast-fud" yeməklər insanları öldürür"

Həkim: “Artıq körpə uşaqlarda xərçəng, şəkər, ürək xəstəlikləri baş alıb gedir ki, bu da əsasən, saxta qidalarla bağlıdır”

Ölkəmizdə qida məhsullarının keyfiyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil. Mağazalarda satılan emal qidalarının böyük əksəriyyəti keyfiyyətsiz, saxta və sağlamlıq üçün zərərlidir. Hətta vəziyyət o həddə çatıb ki, təbii hesab etdiyimiz kənd məhsullarında saxtakrlıq baş alıb gedir. Bu saxta qidalar, genetik modifikasiya olunmuş ərzaq məhsulları, həmçinin qida məhsullarına əlavə edilən çoxsaylı ultrakimyəvi qatqılar insanlarımızda ağır xəstəliklər yaradır, milli genefondumuza ciddi zərbə vurur.

Ekspert: "Vaxtı keçmiş məhsullaırın etiketi dəyişdirilir"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, təhlükəli və standartlara uyğun olmayan qidalar ciddi problemlər yaradır: “Təhlükənin mövcud olduğu əsas sahələrdən biri də süd və süd məhsullarıdır. Bu məhsulların hazırlanması prosesində standartların pozulması, tərkibinə kimyəvi maddələrin vurulması halları müəyyən edilib. Qida sahəsində problemlərin olması aptek şəbəkələrində özünü göstərir. Qida Təhlükəsizliyi Agentliyi bütün bu problemləri həll etməlidir”.
Ekspertin fikrincə, kənd təssərrüfatı məhsullarına vurulan kimyəvi dərmanlar və kübrələr də ciddi xəstəliklər yaradır: "Biz bilirik ki, kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün müxtəlif gübrələrdən istifadə olunur. Məhsulların təkibindəki bəzi gübrələr insan həyatına mənfi təsir göstərir".
AİB sədri deyir ki, bu gün təhlükəli qida ilə bağlı ciddi məsələlərdən biri vaxtı keçmiş məhsulların sonrakı taleyidir: "Bizdə olan məlumatlara görə, distribütorlar vaxtı keçmiş məhsulların etiketini dəyişdirib yenidən istehlakçılara təqdim edirlər. Bu məsələnin həlli üçün yollar tapılmalıdır”.

Qida texnoloqu: "Süni kimyəvi qidalar insanları öldürür"

Qida texnoloqu Ağa Salamov isə hesab edir ki, emal olunmuş qidaların çoxunun tərkibi təbii komponentlərdən deyil, süni kimyəvi komponentlərdən ibarətdir. Sadəcə, həmin məhsulun dadını, rəngini verən qatqılar vurulur, istifadə müddətini aryıran maddələr qatılır.
Texnoloq deyir ki, emal olunan qida məhsullarına əlavə olunan kimyəvi qatqı maddələri illər keçdikcə müxtəlif fəsadlar törədir ki, bu da il ərzində 600 milyon insanın zərərli qida istehlak etdikləri üçün müxtəlif xəstəliklərə yoluxmasına və 420 min insanın bu xəstəliklərə tab gətirməyərək ölməsinə səbəb olur.
Ekspertin fikrincə, "fast-fud" qidalar daha təhlükəlidir: "Beyində Oreksin maddəsinin səviyyəsini aşağı salan boş karbohidratlardir. Demək insanlar boş karbohidratlardan da uzaq durmalıdır. Boş karbohidrat dedikdə, təbii ki, çipsilər, rəngli qazlı içkilər, emal olunmuş şəkər və un məmulatları və.s nəzərdə tutulur.
Həmçinin trans yağlar da şiş xəstəliklərinin yaranmasına səbəb olur. Hətta, bədənimizə lazım olan əvəzolunmaz yağ turşularını bizə vermir, əksinə, otaq temperaturunda donmuş halda olan trans yağlar insanlar üçün böyük təhlükə mənbəyidir".

Sosioloq: "Bunlar qida deyil, qidanın imitasiyasıdır"

"Sağlam Cəmiyyət" İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı emal olunmuş qida məhsullarının daha təhlükəli olduğunu deyir: “Bazara ucuz məhsul çıxarmaq üçün emala məruz qalmış ərzaq məhsulunun başına elə oyunlar açılır ki, onlarda qidaya aid heç nə qalmır. Bu gün mağazalarda satılan məhsulların çoxunu qida saymaq olmaz, bunlar sadəcə qidanın imitasiyasıdır. Məsələn, limonadların, şirələrin 99 faizi kimyəvi maddələrdən ibarətdir. Ət və ət məhsullarında da ciddi problemlər var. Mal-qaraya və qoyun-keçiyə ət və südünün çox olması üçün kimyəvi yemlər verilir, hormonal iynələr vurulur. Kobasa-sosiska məmulatıarı barədə isə danışmağa dəyməz, bunlar təhlükəli məhsullardır"
Sosioloqun fikrincə, emal olunmuş qidaların içində ən təhlükəlisi süd məhsulları, xüsusən də yağlardır: "Qida bazarında əhaliyə təklif olunan yağların azı 90 faizi saxtadır. Ən yaxşı halda kanserogen palma yağı və ya spreddir. Bir çox süd məhsulları isə quru süddən, müxtəlif ultraximikatlardan, spredlərdən ibarətdir ki, bunları da qida saymaq olmaz.
Bitki yağları da eyni vəziyyətdədir. Mağazada günəbaxan tumunun kiloqramı 2,5 manata satılır, amma günəbaxan yağının litri 1,7 manatdan başlayır. Bu, nəzəri cəhətdən də mümkün deyildir. Konkret sübutdur ki, bu, günəbaxan yağı deyil, naməlum kimyəvi maddədir. Qarşıdalı yağlarında da eyni vəziyyətdir. Bitki yağlarından yalnız bəzi zeytun yağlarını istisna etmək olar".

"Kənd məhsullarında da saxtakarlıq baş alıb gedir"

Kənd təsərrüfatı ərzaq məhsularına gəldikdə, ekspert deyir ki, burada da ciddi probemlər var: "Bütün tərəvəzlərin geni dəyişdirilib. Meyvələrin isə yarısı transgendir. Taxılın xromosomları 15-20-dən 40-50-yə qaldırılıb ki, bu da insanın gen strukturunu dağıdır".
Ekspert deyir ki, mağazalardakı vəziyyətdən xəbərdar olan insanlar kənddən gətirilən məhsulları almağa üstünlük verməyə başlayıblar, lakin bundan istifadə edən işbazlar kənddən gətirmək adı ilə saxta və süni məhsuları əhaliyə sırıyırlar: "Hətta bu işlə məşğul olan şəbəkə var. Onlar gizli sexlərdə süni nehrə yağları, kimyəvi maddədən və quru süddən süd və süd məhsulları, broyler yumurtarından torpağa bulaşdırmaqla "kənd yumurtası düzəldir", bunları bəzi adamlar vasitəsilə köhnə maşınlarda mağazalara göndərir və həyətlərdə təbii kənd məhsulu adı ilə satdırır.
Maraqlıdır ki, ən ucuz halda nehrə yağının kiloqramı 15 manatdan baha başa gəldiyi halda, bu saxta nehrə yağları 6-10 manat arasında satılır. Mağazada paket südlərin litri 1,5 manatdan baha olduğu halda bu südlər 1 manatdan satılır. Kliloqramı 3-4 manata satılan pendir, kəsmik, qaymaq, smetan kimi süd məhsulları tam ximikatdır”.

Həkim: "Süni qidalar orqanizmdə xərçəng yaradır"

Həkim-konsultant Aynurə Hidayətqızı deyir ki, hazırda insanlar əvvəlkindən fərqli olaraq, daha çox emala məruz qalmış, kimyəvi qatqılarla zənginləşmiş süni qidalar qəbul edirlər: "Müasir dövrdə daha çox orqanizmdə həll olunmayan, yanmayan və ya həll olsa belə zərərli maddələrlə zəngin olan qida qəbul olunur. Orqanizm isə bunları qida kimi tanımır və oradan özünə lazım olan maddələri ala bilmir. Hüceyrələrin funksiyası pozulur, şlaklar yaranır, immunitet zəifləyir və nəticədə xərçəng və s xəstəliklər yaranır".
Həkim insanlarımızı mümkün qədər mağazalardakı paketlənmiş yerli və xarici qida məhsullarından az istifadə etməyə, ərzaq ehtiyaclarını daha çox kəndlərdən gətirtdikləri məhsullarla ödəməyə çağırıb: "Broyler toyuğu və yumurtasından, həmçinin kolbasa-sosiska məmulatlarından, limonadlardan, enerji içkilərindən istifadəni məsləhət görmürəm. Şəkər, ağ çörək, duzdan istifadəni minimuma endirsinlər. İmmuniteti gücləndirmək, orqanizmi toksinlərdən təmizləmək üçün yabanı bitkilər, çiçək çayları, təbii bal, limon, zəncəfil, sirkə kimi məshullardan gündəlik istifadə. Təbii müalicə metodları tətbiq edərkən, mütləq həkimlə məsləhətləşsinlər".
Mütəxəssis valideynləri özlərini və sağlamlıqlarına cavabdeh olduqları uşaqlarını qorumağa çağırıb: "Artıq körpə uşaqlarda belə ağlasığmaz xəstəliklər yaranır. Xərçəng, şəkər, ürək xəstəlikləri baş alıb gedir. Valideynlər hər əllərinə keçəni, hər mağazada satılanı uşaqlara yedirtməli deyillər. Uşaqların qidalanmasına nəzarət gücləndirilməlidir. Onları kimyəvi mağaza şirniyyatlarına yox, meyvələrə öyrətsinlər. Əks halda, xəstəliklərlə qarşılaşmaları tezləşəcək”.

Elçin Bayramlı

Mövzunu davam etdirəcəyik

Bütün xəbərlər Facebook səhifəmizdə