"Bu il 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək"

Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Son 17 ilə yaxın zaman kəsiyində Azərbaycanda xüsusi kateqoriyadan olan şəxslər üçün güzəşt və imtiyazların ildən-ilə daha da artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Bu mənada şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim dövlətimizin diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülməkdədir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq reallaşdırılan məqsədyönlü dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, eləcə də xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər.

Ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı da ildən-ilə gücləndirilir. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə isə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Ötən il reallaşdırılan sosial paketlər çərçivəsində bu kateqoriyadan olan vətəndaşlar üçün sosial ödənişlərin də ciddi şəkildə artırılması təmin edilib. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı proqramı da 100 faizə yaxın icra olunub.

2020-ci ildə bu sahədə rekord göstərici kimi azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Artıq bu kateqoriyadan olan şəxslərə 430 mənzil təqdim edilib. Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı kecirdiyi videoformat olan müşavirədə cıxışında vurguladıgı kimi, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb: "Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Qeyd etməliyəm ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq». Dövlət başcısı bildirib ki, bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir: «Bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, onların hamısı yeni tikilmiş binalarda yerləşir. Beləliklə, əgər biz bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Mən tam əminliklə deyə bilərəm ki, adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir".

Əlbəttə ki, pandemiyanın məhdudiyyətlərinə baxmayaraq, Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən bu il heç bir sosial proqram təxirə salınmadı, əksinə, bu proqramlar uğurla davam etdirilməklə əhəmiyyətli dərəcədə genişləndirilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində şəhid olmuş hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Şəhidlərin ailələrinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, həmçinin pensiya hüququ olmayan ailə üzvlərinə aylıq müavinətlərin, ailə başçısını itirməyə görə müvafiq sosial təminat ödənişlərinin təyinatı istiqamətində işlər görülüb. Şəhidlərin ailə üzvlərindən işsiz olan şəxslərin özünüməşğuluq proqramına cəlb edilmək üçün potensialları müəyyən edilib. Onların proqram çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları məqsədilə müvafiq işlərə başlanılıb. Bütün bunlar dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandıgını göstərir. «Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən» — deyən Cənab Prezident qeyd edib ki, bu gün dünya ölkələrinin mütləq əksəriyyətinin maliyyə yardımı üçün müraciət etməsinə baxmayaraq, biz öz gücümüzə arxalanırıq. "Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik".

Ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı sahəsində rekord göstəricilərə nail olunması hədəflənib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə 62 mənzilin, müharibə əlillərinə 50 avtomobilin təqdim olunması mərasimində dövlət başçısı bu proqramın tezliklə başa çatdırılmasına nail olunacağını bəyan edib. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində müharibə əlilləri və onlara bərabər tutulanların dövlət tərəfindən minik avtomobilləri ilə təminatı tədbirləri də geniş vüsət alır. Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı həmin şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır.

2018-ci ildə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 265 avtomobil verilibsə, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bu il də daha 400 avtomobil verilməsi planlaşdırılıb və artıq 150 avtomobil verilib. Ümumilikdə, indiyədək müharibə əlilləri və onlara bərabər tutulanlara 6900 minik avtomobili verilib.

Dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə qayğısı davamlı və çoxşaxəli səciyyə daşıyır.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...