Masallıda koronovirusla bağlı maarifləndirmə işləri genişlənir

Masallı rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Masallı Rayon İcra Hakimiyyətində mobil qruplar yaradılıb. 30 mart 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ayrı-ayrı vətəndaşlar arasında təbliğat işləri aparacaq 6 mobil qrupun üzvləri ilə görüşdü, onlara əhalinin maarifləndirilməsi üçün öz tövsiyə və tapşırıqlarını verib.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov Heydər Əliyev prospektini, Qarabağ və Həzi Aslanov küçələrini, Xətai parkını gəzdi. Çöldə gəzən sakinlərlə fərdi qaydada söhbətlər apardı. İcra başçısı onlara izah və xahiş etdi ki, bu günlər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə tabe olmaq lazımdır. Əgər belə olsa virus yayılmaz, xəstələnmərik və başqa vətəndaşları xəstələndirmərik. Məsələ olduqca ciddidir. Nə qədər evdə otursaq, bir o qədər yaxşıdır. Mənim sizdən xahişim budur.

Yaşlı və gənc nəslin nümayəndələri icra başçısının hər bir sözünə "baş üstə" deyib, karantin qaydalarına əməl edəcəklərinə əminlik bildiriblər.

Eyni zamanda vətəndaşlarla maarifləndirici söhbətlər aparılmaqla yanaşı onlara spirt və maskalar paylanıldı. Sakinlər buna görə də rayon rəhbərinə minnətdarlıq etdilər.

Bundan əlavə rayonda fəaliyyət göstərən məscidlərdə səsucaldıcı vasitələrlə yerli əhalini evdə qalmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə tabe olmağa çağırırlar.

Qeyd edək ki, maarifləndirici tədbirlər Masallı RİH aparatı tərəfindən gündəlik olaraq rayonunun bütün yaşayış məntəqələrində əhalinin kompakt toplaşdığı yerlərdə, habelə məhəllələrdə aparılır. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir.

Xatırladaq ki, artıq bir neçə gündür ki, rayon ərazisindəki bütün istirahət parklarının girişləri bağlanılmış və parklara giriş məhdudlaşdırılmışdır. Məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub.

RİH-nin məsul işçiləri tərəfindən ictimai-iaşə obyektlərinin işinə nəzarət gücləndirilib və diqqət mərkəzində saxlanılır.

Bütün təbliğat, maarifləndirmə və dezinfeksiya işlərinin aparılması gün ərzində davam etdirilir.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə