Koronavirusdan necə qorunmalı? - REPORTAJ - SORĞU

Bu gün bütün dünya mətbuatının gündəminə çevrilmiş koronavirusun yaratdığı qrip xəstəliyi özünü şərq ölkəsində göstərsə də artıq qərbdə neçə-neçə insanı yoluxdurub. Azərbaycan vətəndaşlarının koronavirus barəsində hər-hansı məlumatı varmı? Hansı qabaqlayıcə tədbirləri görürlər? Ümumiyyətlə, koronavirus nədir? Bütün bu suallara SİA olaraq hazırladığımız reportajda cavab tapmağa çalışmışıq.

Həkim fizoterapevt Sadiq Salami koronavirusdan danışarkən bildirib ki, koronavirusa adından göründüyü kimi taclı virus deyirlər: “Bu xəstəlik bu gün kəşf olunmayıb, elmə çoxdan bəllidir. Viruslar quş qripi, donuz qripi, koronavirus kimi epidemiyalar mütəmadi olaraq yayılır. Bu xəstəlik yüksək hərarətlə müşahidə olunan bir xəstəlikdir. Əsasən boğazda, nəfəs yollarında başlayır və ağciyərdə pnevmaniya yaradır. Ən dəhşətlisi budur ki, xəstəlik iki həftə gizli gedir. Mən demirəm Azərbaycanda koronavirus var, lakin yüksək hərarət, halsızlıq müşahidə olunanda həkimə müraciət etmək lazımdır ki, tez bir zamanda xəstəliyin qarşısı alınsın”.

S.Salami virusa yoluxmamaq üçün əsas məqam immunitetin güclü olmasıdır deyib və qeyd edib ki, immuniteti güclü olan insana nəyinki koronavirus, heç bir virus yaxın gələ bilməz: “İmmuniteti zəif olan insanlar yorğun, iş görəndə tez yorulur, əsəbi, səhər yuxudan oyanarkən əzgin olurlar. İmmuniteti güclü olan insan gümrah, əsəbləri qaydasında olur və sağlamlığından şikayətlənmir. İmmuniteti gücləndirmək üçün də yaxşı qidalanmaq, təbii antibiotik olan bal, propolis yemək lazımdır. Əsasən sitrus meyvələrindən bol-bol yemək lazımdır. Hansı ki, C vitamini limoda, portağalda olur. Bütün bunları təkcə bu virus yayıldığına görə yox, bütün viruslardan qorunmaq üçün qış fəslində C vitaminini bol-bol qəbul etmək, itburnu, çiyələk yarpağını dəmləyib içmək lazımdır”.

Bəs Ali təhsil müəssisələrində vəziyyət hansı yedədir? Tələbələr maarifləndirilirmi, onların dərs keçdiyi otaqlar, yeməkxanaları dezinfeksiya olunurmu?

Azərbaycan Dövlət Pedoqoji Universitetinin tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli bildirib ki, tələbələrin dərsə davamiyyəti yaxşıdır, dərslərdə axsamalar müşahidə olunmur və normal tədris prosesi gedir: “Universitetin nəzdində poliklinika fəaliyyət göstərir, tədris zamanı biz müəllimlərə tövsiyyə vermişik ki, dərs zamanı infeksion xəstəliklərdən qorunmağın metodlarını izah etsinlər və həmçinin də poliklinikanın əməkdaşları bununla bağlı tələbələri maarifləndirirlər. Universitetin tədris korpuslarında məlumat xarakterli broşurlar asılır və tələbələrə paylanılır. Universitet binaları, auditoriyaları, dəhlizləri mütəmadi olaraq dezinfeksiya olunur və universitetdə kütləvi tədbirlərin hər birini təxirə salmışıq”.

Bəs vətəndaşlar koronavirus haqqında nə bilir və necə qorunurlar?

Tələbə Əlizadə Humay deyir ki, hazırda İran vətəndaşlarının koronavirusa yoluxduğunu bilirəm: “Bu xəstəlikdən 24 nəfər dünyasını dəyişib, 50 nəfərdən çox şəxs virusa yoluxduğu üçün xəstəxanada müşahidə altında saxlanılır. Buna görə də düşünürəm ki, virusun Azərbaycana da gəlmə ehtimalı var. Önləyici tədbirlər kimi spirtdən istifadə edir, tibbi örtüklərdən istifadə edirik”.

Paytaxt sakini Əliyeva Mətanət bildirir ki, koronavirus haqqında eşitmişəm, lakin bu xəstəliyin Azərbaycanda varlığına inanmıram: “Quş qripi kimi epidemiyalara bənzədirəm və bunun məqsədli şəkildə yayıldığını düşünürəm. Mənə elə gəlir ki, bu qrip virusunun ağır formasıdır. Mənim qohumlarım da ağır qrip keçirib, xəstəlikləri zamanı qusma, ishal baş verib. Bunu böyütməyin bir mənası yoxdur. Koronavirusa görə yox, sadəcə immunitet sisteminin güclənməsi və hər hansı virusa yoluxmamaq üçün çoxlu meyvə-tərəvəz yeyirəm, təmiz havada çox gəzirəm”.

Məktəbli şagird Məmmədov Rasim söyləyib ki, koronavirus barədə eşitmişəm: “Məktəbədə şagirdlərin dərsə davamiyyəti zəifdir. Məktəbdə artıq bu barədə zarafatlar da var. Özümü qorumaq üçün məktəbdən evə gələn kimi əllərimi sabunlayıb yuyuram və spirtləyirəm. Həmçinin məktəbdə də eyni qaydada əllərimi tez-tez spirtləyirəm”.

Bakı sakini Elvin Babazadə deyib ki, koronavirus barədə son günlər çox eşidirəm: “Bununla bağlı sosial şəbəkələrdə də bir çox məlumatlar var. Virus haqqında tam məlumatım yoxdur. Sadəcə onu bilirəm ki, qripin ağır versiyasıdır. Əhalinin sıx olduğu yerlərdə və ya xəstə olduğunu bildiyim insanlarla təmasda olarkən özümü qorumaq üçün spirtdən istifadə edirəm”.

Əsgərov Asif virus barədə eşitdiyini deyib, lakin Azərbaycanda olması ilə əlaqədar rəsmi məlumatların öz təsdiqini tapmadığını bildirib: “Yayılan şaiyələrə inanmaq olmaz. Çünki rəsmi məlumatlarda ciddi bir şey olmadığı deyilir. İnternetdə xəbərlərdə Çində bu xətəliyin vaksininin tapılması ilə əlaədar oxumuşam. Havalar istiləşdikcə virusun yox olması tezləşəcək. Fikrimcə təşvişə düşmək lazım deyil. Sağlam qidalanan, idmanla məşğul olan və immunitet sistemi güclü olan insanın virusa yoluxması mümkün deyil”.

Bakı sakini Hacı Mahmudov bildirib ki, koronavirus barədə məlumatım var lakin fikrimcə uydurmadır: “Düşünürəm ki, səlahiyyətli orqanlar lazımı tədbirləri alıblar və ölkəmizdə virusun olacağına inanmıram. İnsanların bu qədər vahimələnməsi yersizdir. Apteklərdə spirt, tibbi örtük tapılmır. Bu qrip xəstəliyinin biraz ağır versiyasıdır. Bunu bu qədər böyütmək lazım deyil. Yaxşı qidalanmaq, sağlam həyat tərzi keçirmək lazımdır ki, immunitet sistemi güclənsin. İmmuniteti güclü olan orqanizm heç bir virusa yoluxa bilməz”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...