ANAMA Ağcabədidə bir ədəd tank əleyhinə minanı zərərsizləşdirib

Yanvarın 19-da saat 16:14-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

SİA ANAMA-ya istinadən bildirir ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-62) aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülüb.

Partladıcının ətrafında 50 kvadratmetr əraziyə yerüstü, 500 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dəm 19-dək 13 siqnal (əməliyyat çağırışı) əsasında 11 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağcabədi, Ağstafa, Xızı, Qazax, Sabirabad, Tovuz rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 1 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq sahəsinə, çay sahilinə baxış keçirilmiş, 37 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina və 455 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilərək 3 220 kvadratmetr ərazi yerüstü və 786 kvadratmetr ərazi yeraltı yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...