Dünyanın 40-dan çox şəhərində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək

Bu ilin 24 fevral-1 mart tarixlərində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən "Xocalıya ədalət" beynəlxalq məlumat kampaniyası çərçivəsində dünyanın 40-dan artıq ölkəsində müxtəlif tədbirlər həyata keçiriləcək. SİA-nın məlumatına görə, bu haqda DƏ-İKGF-nin baş katib Elşad İsgəndərov kampaniya ilə bağlı keçirilən mətbuat konfransında deyib.

 

Kampaniyanın üç istiqamətdə - siyasi-hüquqi tanıtma, yaradıcı sahədə tanıtma və ictimai-siyasi tədbirlərin keçirilməsi sahəsində aparıldığını deyən E.İsgəndərov bildirib ki, hər üç istiqamət bir onlayn mərkəzdən idarə olunur. O, bildirib ki, saytın maddi-texniki imkanları məqsədlərə çatmağa kömək edir. Bir ay əvvəl İslam Konfransı Təşkilatının (İKT) Parlament Assambleyasında Xocalı soyqırımının insanlığa qarşı cinayət kimi qiymətləndirildiyini söyləyən DƏ-İKGF-nin baş katibi Assambleyanın milli parlamentlərə də bunu tövsiyə etdiyini qeyd edib. E.İsgəndərov ATƏT, Avropa Şurası və Avropa Birliyi Parlament Assambleyalarında da eyni qərarın qəbuluna çalışacaqlarını vurğulayıb.

 

E.İsgəndərov bildirib ki, bu il əsas tədbirlər Avropa və Amerika qitəsində keçiriləcək: "İlk dəfə olaraq soyqırımla bağlı tədbirlər soyqırım cinayətlərinin qarşısının alınması üzrə beynəlxalq konvensiyanın 60 illik yubileyi ərəfəsində keçiriləcək. Bu tədbirlər dünyanın təxminən 30-a yaxın universitetində baş tutacaq. Eyni zamanda kütləvi tədbirlər dünyanın 42 paytaxt və digər şəhərlərində keçiriləcək".

 

"Xocalıya aparan yol" sənədli filminin çəkilişinin də sifariş verildiyini deyən DƏ-İKGF-in baş katibi bildirib ki, filmin tam versiyası bu ilin may ayında nümayiş etdiriləcək. Keçən ilin ortalarında ermənilərin də "Xocalıya ədalət" kampaniyasına start verdiklərini deyən E.İsgəndərov bu kampaniyaya qarşı cavab tədbirlərin hazırlandığını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə