Məşhur türk sənətçisi Bakı Slavyan Universitetində olub

Bu gün Bakı Slavyan Universitetində qardaş Türkiyə Cümhuriyyətinin sevilən sənətçisi Müşərrəf Akayla universitetin rəhbər heyətinin, müəllim və tələbələrinin və qonaqların iştirakı ilə görüş keçirilib. Müşərrəf Akay BSU-nun girişində tələbələrin təqdimatında Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən milli mahnılar və rəqslərlə qarşılanıb. Foyedəki kiçik konsert proqramından sonra tədbir universitetin akt zalında davam etdirilib. Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözüy ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin yaranma tarixindən, burada türk dili və mədəniyyətinə, ədəbiyyat və musiqisinə olan böyük diqqətdən danışıb. BSU-nun yarandığı gündən dünyanın bir çox ali təhsil ocaqları ilə beynəlxalq əməkdaşlıq qurduğunu dilə gətirən N.Əliyeva qardaş Türkiyə ilə əməkdaşlığın daha dərin köklərə malik olduğunu bildirib. N.Əliyeva BSU-dakı Türkiyə Araşdırmaları Mərkəzinin fəaliyyətindən danışıb, o, Bakı Slavyan Universitetinin Türkiyənin Qafqaz Universiteti, Qazi Universiteti, Ankara Universiteti, İstanbul Kültür Universiteti və başqaları ilə əməkdaşlıq haqqında müqavilələr bağladığını, eyni zamanda, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində türkiyəşünaslıq üzrə təhsil alan tələbələrə Türkiyənin iqtisadi-siyasi və mədəni cəhətdən inkişafını əks etdirən kursların tədris olunduğunu vurğulayıb. N.Əliyeva qonağa bu günlərdə BSU ilə Türkiyə Cümhuriyyətinin Reytinq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən "Kultulroloji paradiqmalar və yeniləşən Azərbaycan" adlı tədbir barədə məlumat verib.

ATV-nin nəzdində Teleradio Akademiyasının rəhbəri, BSU-nun Jurnalistika kafedrasının müəllimi, professor Etibar Babayev çıxışında türk sənət ustası barədə öz müsbət fikirlərini səsləndirib. E.Babayev Müşərrəf Akayın Azərbaycan-Türkiyə arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm xidmətləri olduğunu diqqətə çatdırıb, onun Azərbaycan incəsənətinə, milli ruhuna bağlılığını xüsusi qeyd edib.

Sonra tanınmış sənətçinin Azərbaycanla bağlı xatirələrini əks etdirən video-çarxın nümayişi olub.

Nümayişin ardınca "Azərbaycanım" beynəlxalq jurnalının təsisçisi Emil Nəsirli Müşərrəf Akaya jurnalın "Fəxri üzvü" olması münasibətilə diplom və qızıl medal təqdim edib. Çıxış edən Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova yüksək səviyyəli tədbirin təşkilinə görə, BSU rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan haqqında təəssüratlarının olduqca xoş olduğunu deyən Müşərrəf Akay bu günlərdə Gəncədə olduğunu, orada çox səmimi qarşılandığını vurğulayıb. Sənətçi Azərbaycana əvvəlki illərdəki səfərləri ilə bağlı xatirələrini universitet əməkdaşları və tələbələrlə bölüşüb. Öncəki illərdə Bakıya gəlişini yada salan müğənni Azərbaycanın, Bakının inanılmaz şəkildə dəyişdiyini, inkişaf etdiyini, BSU-da artıq ikinci dəfə qonaq olduğunu söyləyib. Universitet kollektivinin diqqət və marağı da sənətçini təsirləndirib:"Azərbaycan xalqının mənə olan münasibəti, diqqəti məni çox təsirləndirdi, gözlərim yaşardı. Eyni hörmət və qayğını Bakı Slavyan Universitetində də görmək mənim üçün olduqca sevindirici haldır".

Səmimi görüşdən razı qalan qonaq tələbələrin suallarını cavablandırıb, sonda BSU əməkdaşları ilə xatirə şəkilləri çəkdirib.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə