Binəqədi rayonunda "məlumat saatı" keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətində “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda “Məlumat saatı” keçirilib. Binəqədi RİH-dən SİA-ya verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, təhsil işçiləri, ASAN Könüllüləri və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak ediblər.

Tədbiri YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov açıq elan edərək qonaqları təqdim etdi və çıxış üçün sözü Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevə verdi. Çıxış edən İsaxan Vəliyev ənənəvi olaraq Bilik Fondu ilə birgə Binəqədi rayonunda məlumat saatının keçirildiyini vurğuladı və qarşılıqlı əməkdaşlığın davamlı olacağını bildirib.

Sonra məruzə ilə çıxış etmək üçün AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanova söz verildi. Natiq çıxışında bildirdi ki, “Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. Ulu öndər demişdir: “Təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu həssaslığı ulu öndərimiz SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən və ölkəmiz müstəqillik qazandıqdan sonra da göstərmişdir. Bunu onun təhsil sahəsindəki xidmətləri də sübut edir.Azərbaycan müstəqil olduqdan sonra da təhsildə əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Biz müstəqilliyimizin ilk illərinə nəzər salanda görürük ki, təhsildə məktəblərin yenidən qurulması, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsi və s. ilə bağlı müxtəlif problemlər, çətinliklər vardı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması ilə bağlı ciddi işlər görülməyə başlandı. Natiq onuda qeyd etdi ki, Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmiş və təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.

Daha sonra məruzə ətrafında auditoriyanın sualları cavablandırılıb.

Məlumat saatına yekun nitqi ilə yekun vuran RİH başçısının müavini Aygün Əliyeva Professor Misir Mərdanova dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...