"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İB Bəyanat qəbul edib

"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyi iyul ayının 4-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Fizuli rayonu Alxanlı kəndində mülki əhalini qəsdən atəşə tutması nəticəsində dinc sakinlər, o cümlədən 18 aylıq uşağın həlak olması ilə bağlı baş vermiş insidenti qətiyyətlə pisləyən bəyanat qəbul edib.

Bəyanatı şərh edən "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İB-nin sədri Rövşən Ağamalıyev bu hadisəni Ermənistanın son 25 ildən artıq müddətdə Azərbaycan Respublikası ərazilərinin işğalı zamanı azərbaycanlı dinc sakinlərə qarşı düşünülmüş soyqırımı siyasətinin, o cümlədən Xocalı soyqırımı kimi hərbi cinayətlərinin davamı kimi qiymətləndirdiklərini qeyd edib.

R.Ağamalıyev qeyd edib ki, bu gün xarici havadarlarının dəstəyi ilə Azərbaycan Respublikasının 20 % torpağı Ermənistan tərəfindən işğal edilib və BMT-nin qətnamələrinə, beynəlxalq təşkilatların tələblərinə məhəl qoyulmur. Ermənistan Qarabağda bir terrorçu qrup tərəfindən separatçı bir rejim qurub. Ermənistanın terroru dəstəkləyən bir dövlət olduğunu bütün dünya görməzdən gəlir. Terror və müharibə bütün dünyanın problemidir və dövlətimiz terrorla mübarizəyə dair bir çox beynəlxalq təşkilatlarla birgə çalışır və hər zaman terrora qarşı olduğunu açıq ortaya qoymuşdur. Ermənistanla münaqişədə də kifayət qədər yumşaq mövqe ortaya qoyaraq, hər zaman sülh tərəfdarı olduğunu və yalnız danışıqların heç bir nəticəsi olmadığını gördükdə hərb yolu ilə ərazisini işğaldan təmizləyəcəyini bildirmişdir. Erməni tərəfi tez-tez atəşkəsi pozur və nəinki əsgərlərimizi, mülki vətəndaşlarımızı da atəşə tutur. Cəbhəyanı ərazilərdə yaşayan əhalinin evləri, təsərüfat və iaşə obyektləri bombalanır, əkin sahələri yandırılır, suları kəsilir. Dəfələrlə olub ki, mülki sakinlərimiz bu saldırılarda yaralanıb, əlil qalıb, həyatını itirib. Sonuncu dəfə 4 İyul tarixində ermənilərin minaatanlardan atdığı atəşə nəticəsində 2 yaşlı Zəhra və nənəsi faciəvi şəkildə həyatlarını itirdilər. Ancaq nədənsə dünya dövlətlərinin, beynəlxalq təşkilatların bununla bağlı hər hansı bir ciddi təpkisini görmədik. Hətta Suriyadan qaçarkən suda boğulan kürd uşaqları üçün “Aylin bəbəklər ölməsin”- deyənlər Zəhra bəbək üçün susdular. Azərbaycan xalqı ədalət istəyir və hələ də səbrlə bu ədalətin bərpa olunacağını gözləyir. Yox əgər bu ədalət bərpa olunmayacaqsa onu bərpa edəcək gücünün olmasını bütün dünya bilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə