Səudiyyə Ərəbistanı - təsəvvürdən fərqli reallıqlar ölkəsi

Xoş xatirələrə söykənən səfər təəssüratlarımdan...

Səudiyyə Ərəbistanı Krallığına səfər etməmişdən öncə, açığı, bu ölkə haqqında təsəvvürlərim, fikirlərim tamamilə başqa cür idi. Ümumiyyətlə, dünyanın mövcud siyasi və keşməkeşli həyatında səfər etmədiyin hər hansı bir ölkə haqqında nəticə çıxarmaq çox çətindir desəm, bəlkə də yanılmaram. Məhz Səudiyyə Krallığına səfərimdən sonra bir daha bu fikirlərim öz təsdiqini tapmış oldu.

Lakin ölkəmiz üçün əhəmiyyət kəsb edən bilgilərimizin kökündə dayanan əsas amillərdən biri bu ölkənin Azərbaycanla sıx əlaqələrinin olması, siyasi, iqtisadi və s. sahələrdə inkişaf xəttini tutmasıdır. Ümumiyyətlə, Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra ölkəmizlə Səudiyyə Ərəbistanı Krallığı arasındakı ilk dostluq və əməkdaşlıq təməlini Ulu Öndər Heydər Əliyev qoyub. Əsas faktorlardan biri isə Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində, birmənalı olaraq Azərbaycanın mövqeyini qoruması və dəstəkləməsi, işğalçı Ermənistanla heç bir diplomatik münasibətlər qurmamasıdır. Məhz bu faktın özü istər məndə, istərsə də səfər çərçivəsində yol yoldaşı olduğum həmkarlarımda çox maraqlı assosiasiyalar doğururdu.

Bütövlükdə isə, səfər təəssüratlarımı bölüşməmişdən öncə həmin ölkə haqqında bir az arayış təqdim etmək istərdim.

Səudiyyəlilər buradan hər il milyonlarla ton neft çıxarırlar

Coğrafi məkanına görə, Səudiyyə Ərəbistanı Ərəbistan yarımadasında yerləşir. Üç qitəyə - Avropaya, Asiyaya, Afrikaya gedən yolların burda qovuşması, okeana birbaşa çıxışı olması, ərazisində çox zəngin neft yataqlarının (ehtiyatlarına görə dünyada 1-ci) yerləşməsi ölkənin İqtisadi-Coğrafi Mövqeyini olduqca əlverişli edir. Ərəbistan ərəb ölkələri (İsrail istisna olmaqla) ilə həmsərhəddir. Şimaldan İraq, Küveyt, İordaniya, İsrail, cənubdan Yəmən, Oman, cənubi-şərqdən BƏƏ, qərbdən isə yalnız Misir ilə həmsərhəddir. Sərhədlərin ümumi ölçüsü 4431 kilometrdir. Sahəsi 2149,7 min kv. kilometr (məlumatlar təxminidir, çünki cənubda və cənub-şərqdə sərhədlər aydın qurulmamışdır). Səudiyyə Ərəbistanının qərbində yerləşən Qırmızı dəniz vasitəsilə ölkə Cibuti, Sudan, Eritreya ilə həmsərhəddir. Dənizin ən böyük hissəsi Səudiyyə Ərəbistana düşür. Ölkənin şərqində isə Fars körfəzi yerləşir. Körfəz vasitəsilə onlar İran və Bəhreynlə həmsərhəddir. Səudiyyəlilər buradan hər il milyonlarla ton neft çıxarırlar.

Səudiyyə Ərəbistanı hakimiyyət sisteminin əsasları Kral tərəfindən imzalanıb

Bu ölkə siyasi quruluşuna görə, Səudiyyə Ərəbistanı mütləq teokratik monarxiyadır, ölkəyə kral rəhbərlik edir və orada seçkilər keçirilmir. Aparıcı nazir vəzifələrini kral ailəsinin üzvləri tuturlar. Formal olaraq ali qanunvericilik orqanının funksiyalarını 150 nəfərdən ibarət Məşvərət Şurası icra edir və onun üzvləri də Kral tərəfindən dördillik müddətə təyin olunur. 1992-ci ilin 29 fevral tarixində Kral Fəhd Nazirlər Şurasının xüsusi iclasında "Hakimiyyət sisteminin əsasları", "Məşvərət Şurasının rolu", "Ərazi quruluşu sistemi" modelini elan edib. Fərmanlar əsas etibarilə ölkədəki mütləq hakimiyyət sistemini möhkəmləndirmişdir. Hakimiyyətin bütün əsasları, əvvəlki kimi kralın əlində cəmləşmişdi. 2003-cü ildə Nazirlər Şurası ölkə üzrə fəaliyyət göstərən 179 bələdiyyə şurası üzvlərinin yarısı, habelə, Məşvərət Şurasının üzvlərinin 1/3-nin ümumxalq səsvermə yolu ilə seçilməsi təşəbbüsünü irəli sürmüş, 2004-cü ilin noyabr ayında Bələdiyyə və Regionlarla İş üzrə Nazirlik səsvermə hüququ olan vətəndaşların qeydiyyatını aparıb və 2005-ci ilin fevral ayından aprel ayınadək ölkədə bələdiyyə seçkiləri keçirilib. Konstitusiya və ölkənin cinayət-prosessual, məhkəmə qaydaları Qurani-Kərim və şəriət qanunları əsasında tənzimlənir. 1992-ci ildə Səudiyyə Ərəbistanı hakimiyyət sisteminin əsasları Kral tərəfindən imzalanıb. Ölkədə siyasi partiyalar və həmkarlar ittifaqları fəaliyyət göstərmir. Onların ölkənin siyasi həyatına təsiri çox məhduddur.

Son illərdə özəl sektor sürətlə inkişaf edir

Ölkənin iqtisadiyyatına gəlincə, Səudiyyə Ərəbistanının iqtisadiyyatı, əsasən, neft gəlirlərinə söykənir. Hökumət əsas iqtisadi fəaliyyət sahələrini ciddi nəzarət altında saxlayır. Səudiyyə Ərəbistanı dünya neft ehtiyatlarının 25%-nə malik olaraq, dünyada neft ixracına görə birinci yer tutur və OPEC-in aparıcı üzvüdür. Neft gəlirləri ölkə büdcəsinin 75%-ni, ümumdaxili məhsulun 45%-ni və ümumi ixracın 90%-ni təşkil edir. Ümumdaxili məhsulun 40%-i özəl sektorun payına düşür. Səudiyyə Ərəbistanında çalışan 5,5 milyon əcnəbi ölkə iqtisadiyyatı, xüsusən də, neft və xidmət sektorunda vacib rol oynayır. Hökumət iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması və Səudiyyə Ərəbistanı vətəndaşlarının məşğulluğunun artırılması məqsədilə özəl sektorun inkişafına xüsusi diqqət ayırır. Səudiyyə Ərəbistanı hökuməti ölkədə elektrik enerjisi və təbii qaz istehsalı, telekommunikasiya və neft kimyası sahələrində özəl sektorun və xarici investorların iştirakını dəstəkləyir. Uzun sürən danışıqlardan sonra Səudiyyə Ərəbistanı, nəhayət ki, 2005-ci ilin dekabr ayında Ümumdünya Ticarət Təşkilatının üzvü seçilib. Neftdən gələn gəlirlərin sayəsində Səudiyyə Ərəbistanı hökuməti təhsil, peşə hazırlığı, habelə infrastrukturun inkişafı və maaşların artırılmasına külli miqdarda vəsait ayıra bilir. Neftdən krallığın asılılığını azaltmaq üçün və sürətlə artan Səudiyyə əhalisinin məşğulluğunu artırmaq üçün, son illərdə özəl sektor sürətlə inkişaf edir.

O cümlədən, bu ölkə islam dininin özəyi olduğuna görə, burada, digər ərəb ölkələrində olduğu kimi, Qərb ölkələri üçün xarakterik olan turizm infrastrukturu mövcud deyil. Lakin təkcə Həcc mərasimləri dövrü krallığın əldə etdiyi gəlirlər ağlasığmaz dərəcədə böyükdür. Hətta bunun üçün xüsusi Həcc Nazirliyi fəaliyyət göstərir və buradan əldə edilən gəlir yalnız islam tarixinin əhəmiyyətli məqamlarına xərclənir.

Qarşıda isə bizi maraqlı görüşlər, səfərlər gözləyirdi...

Beləliklə, yanvar ayının 31-də biz - media nümayəndələri olaraq, haqqında çox eşitdiyimiz və görmək arzusunda olduğumuz Səudiyyə Ərəbistanına səfər etdik. Xatırladaq ki, birbaşa Vakı-Ər-Riyad təyyarə reysi olmadığından bizim səfərimiz dost və qardaş ölkədən, yəni Türkiyənin böyük şəhəri olan İstanbul hava limanından reallaşdı. Artıq təyyarəmiz Bakıdan, Heydər Əliyev Hava Limanından Ər-Riyada doğru istiqamət almağa başlayandan səfər təəssüratlarımız yaranmağa

başladı. Qrup rəhbərimiz - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu və digər həmkarlarımız arasında fikir mübadilələri apardıq, diskussiya və müzakirələrimiz, necə deyərlər, yolumuzu qısaltdı...

Təyyarəmiz Səudiyyə Krallığının paytaxtı Ər-Riyad Hava Limanına enərkən isə, biz tamamilə gözləmədiyimiz bir mənzərənin şahidi olduq. İlk baxışdaca inkişaf etmiş ölkə və insanın daxilində özünəməxsus bir ruh yüksəkliyi yaradan mühit bu ölkəyə olan marağımızı artırdı. Qarşıda isə bizi maraqlı görüşlər, səfərlər gözləyirdi...

II hissə

Qeyd edim ki, bu ölkəyə səfərimiz Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Səudiyyə Ərəbistanı Krallığında səfəri ilə eyni vaxta təsadüf edib. Həmçnin, bizim səfərimizin rəngarəngliyi, eləcə də, bizə göstərilən diqqət və qayğının da kökündə bu faktorun olmasını demək istərdim.

Yeri gəlmişkən, qeyd olunanlarla yanaşı, cənab Əli Həsənovun bu ölkəyə səfəri çərçivəsindəki görüşlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında həm də media sahəsində əməkdaşlıqla bağlı bir-birindən maraqlı müzakirələrin aparılması nəzərdə tutulmuşdu.

Bu ölkənin özünəməxsusluqları, həqiqətən də, buranı ilk dəfə görənlərdə maraqlı təəssüratlar oyadır

Ümumiyyətlə, Səudiyyə Ərəbistanı Krallığı Körfəz regionunun ən böyük dövləti, ərəb dünyasının liderlərindən və islam dünyasının ən nüfuzlu ölkələrindən biridir. Krallığın zəngin iqtisadi, maliyyə, humanitar resursları, dini mərkəz statusu ona regionun lider dövlətlərindən biri olmaq imkanı verir. Burada Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında paralel aparmaq olar. Çünki müstəqillik illərində həyata keçirilmiş məqsədyönlü, praqmatik və milli maraqlara əsaslanan siyasi kurs nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun siyasi-iqtisadi və humanitar mərkəzi, bölgənin lider dövləti statusuna yüksəlib.

Biz də, media sahəsinin nümayəndələri olaraq, Səudiyyə Ərəbistanına səfərimizdə ölkənin müxtəlif ictimai-siyasi, mətbuat və s. istiqamətləri üzrə fəaliyyət göstərən qurumları ilə tanış olacaqdıq. Hətta səfər proqramına bu ölkənin əsas şəhərlərinə, o cümlədən, müsəlman dünyası üçün ziyarətgahlara çevrilən Məkkə və Mədinəyə də getmək daxil edilmişdir. Bu ölkənin özünəməxsusluqları isə, həqiqətən də, buranı ilk dəfə görənlərdə maraqlı təəssüratlar oyadır.

Məsələn, bu ölkədə demək olar ki, heç bir yerdə piyadalar üçün səkilər yoxdur. Hər kəsin şəxsi avtomobili var və piyada gəzənlər ya bu ölkədə işləməyə gələn digər ölkələrin vətəndaşları, ya da qadınlardır. Çünki qadınlara bu ölkədə maşın sürmək qadağası var. Ümumiyyətlə, Səudiyyə Krallığında qadağaları pozmaq ciddi şəkildə cəzalarla müşahidə olunur. Belə ki, ölkədə şəriət qayda-qanunları mövcuddur və dövlət idarəçiliyi də bu istiqamətə yönəldilir və bu qanunları pozmağa kimsənin cürəti çatmır...

Lakin bütün bunlara baxmayaraq, hər ölkənin mövcud və özünəməxsus qanunları olduğu kimi, bizlər də bu ölkənin qanunlarına rəğbətlə yanaşdıq. Çünki qanunlar həm də ölkələrin tarixi kökündən formalaşan amillərə söykənməkdədir. Hər bir ölkənin tarixinə, kökünə və qanunlarına hörmət etmək isə insanlıq borcudur desək, heç də yanılmarıq.

SPA-da xəbərlərin hazırlanması və yayılması prosesini izlədik...

Beləliklə, səfərlərimiz zamanı maraqlı görüşlərimizdən biri də Ər-Riyadda Səudiyyə Xəbər Agentliyinin (SPA) baş ofisi ilə tanışlığımız və fikir mübadiləsi aparmağımız oldu. Azərbaycanın media nümayəndələri ilə görüşən Səudiyyə Xəbər Agentliyinin prezidenti Abdullah bin Fəhd əl-Hüseyn agentliyin ölkənin informasiya siyasətindəki rolundan, texniki və peşəkar inkişafından danışıaraq, ümumilikdə gələcəkdə Azərbaycanla da media sahəsində əməkdaşlığın vacibliyini bildirdi.

Biz də, öz növbəmizdə, SPA-da xəbərlərin hazırlanması və yayılması prosesini izlədik, agentliyin Media Mərkəzi və konfrans zalı ilə tanış olduq. Təəssüratlarımız, həqiqətən də, yaddaqalan oldu və agentliyin rəhbərliyi ilə qarşılıqlı şəkildə maraqlı diskussiyalarımız baş tutdu.

"Əl-İxbariyyə" televiziyası cənab Əli Həsənovdan müsahibə aldı

Ümumiyyətlə, səfərimiz Səudiyyə Ərəbistanı mediası tərəfindən çox maraqla izlənilirdi. Belə ki, həmin ərəfədə ölkənin aparıcı "Əl-İxbariyyə" televiziyası cənab Əli Həsənovdan müsahibə aldı və bu amilin özü də Səudiyyə Ərəbistanının Azərbaycana qarşı isti münasibətinin tam şəkildə ortaya qoymuş olduğunu təsdiq edən hadisə kimi qiymətləndirilə bilər. Səudiyyə Ərəbistanının 26 il bundan əvvəl Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olması, eləcə də, Krallıqla Azərbaycan arasındakı əlaqələri səciyyələndirilməsi, perspektivlər barədə danışan Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bununla bağlı iki ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğundan bəhs edib. Ötən dövr ərzində Azərbaycanla Səudiyyə Ərəbistanı arasında qarşılıqlı münasibətləri tənzimləyən müqavilə-hüquq bazası formalaşdırılmasından, hökumətlər səviyyəsində müştərək komissiyaların yaradılmasından, siyasi-iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsindən danışan cənab Əli Həsənov, həmçinin, əlavə edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verib, bu siyasət sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında yeni və daha təkmilləşdirilmiş əməkdaşlıq münasibətləri qurulmaqdadır

O cümlədən, vurğulanıb ki, 2015-ci ilin aprelində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun dəvəti ilə Krallığa rəsmi səfər edərək, ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm impuls verib.

Cənab Əli Həsənov Səudiyyə Ərəbistanının beynəlxalq və regional səviyyədə rolu barədə də verilən sualı geniş və əhatəli cavabı ilə şərh edərək deyib ki, o, İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud ilə görüşmək və Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Krala çatdırmaq şərəfinə nail olub. Həmçinin, Azərbaycan Prezidenti və xalqı adından IV İslam

Həmrəyliyi Oyunlarının açılış mərasimində Kral Salman bin Əbdüləziz Al Səudu da ölkəmizdə görmək istəyini vurğulayıb. Məhz bu mühüm və olduqca isti münasibətlərə nəzər salarkən, onu da əlavə edə bilərik ki, artıq bu gün Azərbaycanla Səudiyyə Ərəbistanı arasında yeni və daha təkmilləşdirilmilş əməkdaşlıq münasibətləri qurulmaqdadır.

Əl-Cənadəriyyə Festivalı - bir-birindən maraqlı səhra və qılınc rəqsləri, tayfa və qəbilələr əsasında formalaşan adət-ənənələr...

Yeri gəlmişkən, bu il Səudiyyə Krallığında əl-Cənadəriyyə Festivalı da keçirilir. Bu Festivalda əsasən, Krallığın zəngin tarixi və mədəni irsi təbliğ olunur. Bir-birindən maraqlı səhra və qılınc rəqsləri, tayfa və qəbilələr əsasında formalaşan adət-ənənələr, səhrada yaşam tərzlərinin nümayişi, dəvə yarışları kimi maraqlı festival anları onu izləyənlərdə dərin və silinməz izlər buraxır. Bu baxımdan da deyə bilərik ki, Krallıq islam dünyasında yalnız dini mərkəz deyil, həm də mədəni mərkəzlərdən biri kimi tanınmaqdadır.

Səudiyyə Krallığında Azərbaycanın dini əsasları da müzakirə edildi

Bizim isə 10 günlük səfər çərçivəsində görüşlərimiz tam sürətlə davam edirdi. Növbəti belə görüşlərimizdən biri də Ər-Riyadda Diplomatik Araşdırmalar üzrə Əmir Səud əl-Feysəl İnstitutunun Asiya Tədqiqatları Mərkəzində "Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələri və regionun problemləri" mövzusunda təşkil etdiyi seminarda tam heyətlə iştirak etdik və orada bir-birindən maraqlı polemikalara qoşulduq. Məhz bu seminarda Azərbaycana olan maraq bir daha özünü göstərdi. Əlbəttə ki, islam dininin mərkəzi olan Səudiyyə Krallığında müsəlman ölkəsi olan Azərbaycanın dini əsasları da müzakirə edilməmiş qala bilməzdi. Belə ki, bu gün Yaxın Şərqdə, bir sıra ərəb ölkələrində istər məzhəblərarası, istərsə də dinlərarası münaqişələr, müharibələr baş verməkdədir. Bunun isə qarşısının alınması üçün görülən tədbirlər elə də uğurlu nəticələrini vermir. Səudiyyəli dostlarımız da yaşanan problemlərdən çıxış yolu axtarmağın zamanının çatdığını deyərək, bütövlükdə islam dünyasında sülhün bərqərar olmasından, radikal-dini terror şəbəkələrinin məhv edilməsinin vacibliyindən danışdılar.

Səudiyyəlilər Azərbaycanda mövcud olan dini tolerantlıq modelinə heyran qaldılar

Mən də bu sözügedən istiqamətdə həmin seminarda çıxış etdim və bildirdim ki, bir sıra müsəlman ölkələrindən fərqli olaraq, Azərbaycanda dini dözümlülük və məzhəblərarası birliklər ən yüksək səviyyədə inkişaf etməkdədir. Azərbaycanda İslam dini məzhəblərə görə, şiəlik qolundan həm də sünni qolunun nümayəndələrindən ibarətdir. Lakin ölkəmizdə heç vaxt məzhəblərarası münaqişələr baş verməyib, əksinə, birlik və bərabərlik öz mövcudluğunu qoruyub-saxlayıb. O da qeyd olundu ki, məhz Azərbaycan Prezidenti Cənab İlham Əliyevin tövsiyyəsinə uyğun olaraq, Azərbaycanda 2016-cı ildə Vəhdət namazı qılındı. Və bunun nəticəsidir ki, bu gün də ölkəmizdə həm şiələr, həm də sünnilər çiyin-çiyinə dayanaraq, qardaşcasına bir Allaha ibadət edərək, bir müqəddəs kitaba - Qurana inanır, namaz qılırlar. Bu görüşlərdən sonra ərəb dostlarımız açığını deyim, heyrət etdilər və etiraf elədilər ki, bu gün Azərbaycanda olan bu model, əslində, bütün müsəlman ölkələrində təbliğ olunmalıdır.

Qeyd edim ki, dialoq şəklində baş tutan seminarda nümayəndə heyətinin rəhbəri, millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, eyni zamanda, bütün həmkarlarımın fikirləri maraqla qarşılandı. Onu da deyim ki, görüşlərimizin hər biri "Al-Jazirah" qəzetinin saytında da işıqlandırılırdı. Diplomatik Araşdırmalar üzrə Əmir Səud əl-Feysəl İnstitutunun baş direktoru Əbdülkərim əd-Dəxil tədbirlə bağlı açıqlamasında da dedi ki, seminarın keçirilməsi institutun regional və beynəlxalq problemlərin izlənilməsi istiqamətində öz faydalı nəticələrini verəcək.

Bizi isə qarşıda daha maraqlı və rəngarəng səfərlər, ziyarətlər gözləyirdi...

III yazı

100 min tirajla çıxan "Əl-Cəzirə" qəzetinin redaksiyasında nələrin şahidi olduq?

Beləliklə, Səudiyyə Ərəbistanı Krallığında maraqlı, rəngarəng və ecazkar səfərimiz davam edirdi. Bizim növbəti dayanacağımız "Əl-Cəzirə" qəzetinin redaksiyası oldu. Ümumiyyətlə, Səudiyyə Ərəbistanında nəşr edilən əksər qəzetlər kimi, "Əl-Cəzirə" qəzetinin yerləşdiyi bina da olduqca müasir və texniki cəhətdən tam şəkildə təmin olunmuşdu. Eyni zamanda, qəzet gündə iki dəfə 100 min tirajla çap olunur və qəzetin çap nəşriyyatı da yerləşdiyi redaksiya daxilində fəaliyyət göstərir. Yeri gəlmişkən, səfəri çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi, cənab Əli Həsənov da bu qəzetə geniş müsahibə verib. Baş redaktor Xalid əl-Malik qeyd etdi ki, gündəlik çıxan qəzetin vaxtilə tirajı daha çox - 150 min olub. Ancaq hazırda alternativ medianın və sosial şəbəkələrin sürətlə informasiya məkanına daxil olması nəticəsində, qəzetin tirajı, hələlik, 100 min səviyyəsində saxlanılmaqdadır. Eyni zamanda, "Əl-Cəzirə" özü-özünü maliyyələşdirmə əsasında fəaliyyət göstərir. Həmçinin, ölkənin bir neçə məşhur şirkəti qəzetin maliyyələşməsinə nəzarət edir.

Təbii ki, bu qəzetin həmkar əməkdaşları da bizimlə Azərbaycanda media sahəsi ilə maraqlanırdılar. Biz də, öz növbəmizdə, həmkarlarımızın çoxsaylı suallarını cavablandırdıq, ölkəmizdə medianın inkişafı barədə fikirlərimizi bölüşdük.

Reabilitasiya Mərkəzi - xüsusi təhlükəli cinayətkarlar üzərində iş aparılır və onlar cəmiyyət arasına sağlam düşüncəli insan kimi geri dönürlər

Səfərimiz çərçivəsində biz Şahzadə Məhəmməd bin Nayif adına reabilitasiya Mərkəzində də olduq və burada olduqca maraqlı və çox mühüm işlərin aparılması barədə məlumatlandırıldıq. Məsələn, burada xüsusi təhlükəli cinayətkarlar, terrorçuluqda ittiham olunaraq, həbs edilən insanlar üzərində davamlı qaydada işlər aparılır və onlar cəmiyyət arasına sağlam düşüncəli insan kimi geri dönürlər. Çünki sirr deyil ki, Səudiyyə Ərəbistanının bir çox bölgələrindən radikal dini çərçivədə formalaşan potensial terrorçular formalaşırlar. Dövlət isə, bunun qarşısını almaqdan ötrü, bir çox önləyici tədbirlər görür. Şəxsən mən və həmkarlarım da Reabilitasiya Mərkəzini ziyarət etməmişdən öncə, belə bir fikrə qapılırdıq ki, bu ölkədə terrorçu şəbəkələrin yaradılmasına ya göz yumulur, ya da dövlət qurumları həmin şəbəkələrin təsir dairəsindədir. Ancaq bunun heç də belə olmadığını öz gözlərimizlə gördük.

Məsələn, hər hansı bir terrorçuluq əməlinə görə həbs olunmuş, ya da xüsusi ağır cinayətlər törətmiş şəxs həbs müddətinin sonlarına bir müddət qalmış sözügedən Reabilitasiya Mərkəzinə gətirilir və Krallıq tərəfindən ayrılan, eləcə də, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislər onların üzərində psixoloji bərpa məqsədilə iş aparırlar. Çünki həmin məhbuslar azadlığa çıxandan sonra sağlam düşüncəli olmalı və ailələrinin qayğısına qalmalıdırlar. Dövlətin də məqsədi budur ki, onlar potensial terrorçunu potensial vətəndaşa çevirirlər. Yəni dövlət öz vətəndaşlarının qayğısına qalmaqla yanaşı, onların təhlükəsizliyinin təminatı istiqamətində müvafiq tədbirlərini görür.

Müqəddəs məkanlara - Məkkə və Mədinəyə doğru...

Səudiyyə Ərəbistanına etdiyimiz səfərin ən yaddaqalan məqamı isə islam dünyasının mərkəzi - Məkkə və Mədinə şəhərlərini ziyarət etməyimiz oldu. Tam adı Məkkə Əl-Mükərrimə olan şəhər Səudiyyə Ərəbistanı Krallığının Qərbində Mədinə və Taif şəhərləri arasında yerləşib. Ərəb dilində "mərkəz" mənasını daşıyan şəhər Ummul Qura, Beyt ul-Əmin, Bəkkə kimi də qeyd olunur. Məkkə ilk əvvəl susuz səhra olmuş sonradan İbrahim peyğəmbərin həyat yoldaşı Həcər xanım oğlu İsmayıl peyğəmbər ilə buraya gəlmiş və Allaha dua edərək, ona su verilməsini istəmişdi. Allah-Taala da duasını qəbul edib və bu gün Zəm-Zəm adlanan bulaq səhrada yoxdan var etmişdi. Məkkəyə sonradan başqa ərəb qəbilələri də axışmağa başlamışdı. Məkkə ilk orta əsrlərdə müxtəlif dövlət ərazilərinə tabe olsa da sonradan Allah-Taala tərəfindən elçi olaraq Məhəmməd Əleyhissəlamı göndərmiş və islam dininin qalib gəlməsindən sonra yaranan ilk müsəlman xilafətinin paytaxtı olmuşdur. Məkkəni daha çox məşhur edən orada yerləşən Kəbə evidir. Qurani- Kərimdə Allah-Taalanın evi adlandırılan Kəbə İbrahim peyğəmbər tərəfindən ilk dəfə tikildiyi bildirilir. Bu gün bütün dünyada namaz qılan və dua tutan müsəlmanlar üzlərini, məhz Qibləyə, yəni Məkkə şəhərində yerləşən Kəbə evinə (Bəkkə) tərəf tuturlar. Biz də Ümrə ziyarətimizi etmək üçün bu müqəddəs məkana üz tutmuşduq. Onu da qeyd edim ki, Ümrə ziyarəti səfərimizin rəsmi tərkib hissəsi idi.

Həqiqətən də, ecazkarlığın və müqəddəsliyin tam mərkəzi olan Kəbə evi öz möhtəşəmliyi ilə məni valeh etmişdi. Biz, birgə namaz qıldıq, Kəbə evini təvaf etməklə yanaşı, Allah-Taalaya dualarımızı da etdik. Azərbaycan dövlətinin daha da güclü və qüdrətli olması, xalqımızın daha firavan və xoşbəxt həyat yaşaması, işğal altında olan torpaqlarımızın tez bir zamanda geri alınması üçün etdiyimiz dualar bizim ürəyimizə bir sərinlik, bir inam hissi əta etdi.

Mədinə ziyarətimiz də möhtəşəm oldu. Biz Kral Fəhd adına Quran çapı kompleksində olduq və oradakı işin xüsusiyyətləri ilə maraqlandıq. Kompleksdə yüzlərlə insan çalışır və burada ildə 10 minlyona qədər Qurani-Kərim kitabı çap edilərək, dünya müsəlmanlara paylanılır. Müqəddəs kitabla bağlı qeyd olundu ki, Quran Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyziyab olmaları üçün göndərilməyib. Quran - hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq, əməl etməsi üçün nazil edib. Həmçinin, bizə müxtəlif dillərdə çap edilən Qurani-Kərim kitablarını nümayiş etdirdilər, o cümlədən, Azərbaycan dilində çapdan çıxmış Quran kitabları da hədiyyə etdilər.

Sonra biz Həcc karvanının ilk dayanacağı kimi adlandırılan Mədinə şəhərinin, Məhəmməd Peyğəmbərimizin mübarək hərəmini, Bəqi qəbiristanlığını ziyarət etdik. Ümumiyyətlə, hər bir insan bu şəhərə daxil olarkən, islam tarixinin əzəmətini hiss edir. Bəşəriyyətin qan, fəsad və mənəviyyatsızlığa düçar olduğu bir an insanları haqqa dəvət edən Peyğəmbər (s) Məkkədə olmazın çətinlik və əziyyətlərlə üzləşdi. On ildən sonra o, Yəsrib adlı bir şəhərə mühacirət edərək, bəşər tarixinin yeni səhifəsini açdı. Bu şəhərin adı dərhal Mədinətun-Nəbi (Peyğəmbər şəhəri) və ya qısa olaraq Mədinəyə dəyişdirildi. İlk məscidin bünövrəsini öz əlləri ilə qoyaraq, müsəlmanların bir yerə toplaşıb ibadət etmək, dərdləri ilə bölüşmək, bir-birinə yardım əlini uzatması üçün məkan təyin etdi. Məhəmməd Peyğəmbər ömrünün sonuna kimi burada qaldı, burada da vəfat etdi və burada da dəfn olundu.

Beləliklə, Səudiyyə Ərəbistanı səfərimiz bəlkə də ömrümüzün ən xoş xatirələri ilə başa çatdı və biz Vətənə - səbirsizliklə, müqəddəsliyə bürünmüş əsrarəngiz ovqatla Azərbaycanımıza doğru yola düşdük. Çünki geridə qoyduğumuz 10 gün artıq bizə bir il kimi görünürdü. Təyyarəmiz Bakıya doğru istiqamət alarkən, Vətən həsrəti bizi daha çox çəkməyə başladı. Yeri gəlmişkən, hər dəfə xarici ölkələrə səfərlərim mənim öz vətənimə olan sevgimi daha da artırır və dövlətimizlə qürur duyaraq, Azərbaycanlı olduğum üçün fəxr edirəm...

(Son)

Bakı - Ər-Riyad - Ciddə - Bakı

Bütün xəbərlər Facebook səhifəmizdə