Vətən uğrunda zəfər sözümüzü deyəcəyik!

Azərbaycan gəncliyi Ali Baş Komandanın əmrini gözləyir

"Bu gün qəhrəman oğullarımızın qəsbkar erməni işğalçılarına qarşı döyüşlərdə qazandıqları misilsiz qəhrəmanlıqlar əsl vətənpərvərlik tərbiyəsidir"

Prezident İlham Əliyev

Aprel ayının ilk günlərində içğalçı Ermənistanın növbəti dəfə xain təxribatlar törətmək cəhdlərinin qarşısı şanlı Azərbaycan Ordusu tərəfindən şücaətlə alındı. Bu, Qarabağ faktorunda bir dönüş nöqtəsi oldu. Ümumiyyətlə, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində həyata keçirdiyi təxribatlara verdiyi kəskin cavab və bir çox tarixi ərazilərimizin geri qaytarılması Azərbaycan gəncliyində yüksək əhval-ruhiyyə yaratmışdır. Azərbaycan gəncliyi düşmənə qarşı mübarizə üçün hər an Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin əmrini gözləyir!

Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir

Söz yox ki, ölkə gənclərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün Prezident tərəfindən ardıcıl və qətiyyətli iş aparılır. Azərbaycanın güclü ordusunun yaradılması, müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlara qayğı məhz bu fəaliyyətin məntiqi nəticəsidir.

Digər tərəfdən, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-baba ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu da bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Ona görə də vurğulaya bilərik ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi deməyə əsas verir ki, Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Artıq inamla deyə bilərik ki, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçmişdir.

Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət - gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir. Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi-fiziki-psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə xidmət edir. Ümummilli Liderimiz Heydər Əliyev müəllimlərə tövsiyə xarakterli tarixi çıxışlarında bildirirdi ki, müəllimlər bütün qüvvə və bacarıqlarını doğma vətənə sədaqətli, hərtərəfli inkişaf edən, müstəqilliyimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəslin yetişdirilməsinə sərf etməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev isə çıxışlarının birində qeyd edib: "Bu gün qəhrəman oğullarımızın qəsbkar erməni işğalçılarına qarşı döyüşlərdə qazandıqları misilsiz qəhrəmanlıqlar əsl vətənpərvərlik tərbiyəsidir. Onlar müharibə cəbhələrində igidliklə vuruşaraq, doğma respublikamızın ərazi bütövlüyünü qoruyub-saxlamaq üçün öz canlarını qurban verirlər. Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad olunacaq, bizim soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar".

Azərbaycan Ordusunun göstərdiyi rəşadət işğalçı ölkəni yasa bürüyüb

Bu baxımdan, son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərkən, bir daha belə nəticəyə gələ bilərik ki, Azərbaycanın güclü və nizami ordusu düşmənin bütün təxribatlarına layiqli cavab verir və düşməni törətdiyi hər təxribata görə peşman edir. Ümumiyyətlə, hərbi əməliyyatlar zamanı Azərbaycanın bir sıra tarixi ərazilərini geri qaytarması, yalnız sıravi deyil, general və polkovnik rütbəli erməni hərbiçilərinin məhv edilməsi də rəsmi Yerevanda təşviş yaratdı. Artıq Ermənistanda indi hər kəs ölkədən necə qaçmaq haqqında düşünür. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi rəşadət işğalçı ölkəni yasa bürüyüb. Ermənistan başa düşməlidir ki, Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmadığı təqdirdə, daha ağır zərbələrlə üzləşəcək. Biz gənclər də hər zaman son ana qədər Onun ətrafında sıx birləşib, Vətən uğrunda zəfər sözümüzü deyəcəyik!

TEYMUR NAĞIBƏYLİ,

Birləşmiş Krallığı, Keele Universitetinin tələbəsi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...