Azərbaycanlılar V Dünya Forumunda

Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin Sivilizasiyalar Alyansının "Müxtəliflik və dialoq şəraitində məsuliyyətli liderlik" mövzusunda V Dünya Forumu işə başlayıb. SİA-nın məlumatına görə, forumda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Xarici İşlər Nazirliyinin şöbə müdiri Emil Həsənov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadə daxildirlər.

İki gün davam edəcək Forum çərçivəsində keçiriləcək nazirlərin görüşündə, tərəfdaşlar Assambleyasında və Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə regional sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Qarayevin çıxışları nəzərdə tutulur. Həmçinin, Azərbaycan nümayəndə heyətinin BMT-nin Sivilizasiyalar Alyansının gələcək yüksək nümayəndəsi Nasir Əbdüləziz Əl-Naser, UNESCO-nun baş direktoru İrina Bokova və digər beynəlxalq qurum və hökumət rəsmiləri ilə görüşləri gözlənilir.

Görüşdə Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO və digər təşkilatlarla mədəniyyətlərarası dialoq sahəsində həyata keçirdiyi beynəlxalq layihələr barəsində müzakirələrin aparılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə