Ekspert: \" Uşaq hüquqları ilə bağlı ayrıca bir qurum formalaşmalıdır\"-MÜSAHİBƏ

Bu gün Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi günüdür. Azərbaycanda uşaq hüquqları sahəsində görülən tədbirlər, qarşıya çıxan problemlər barədə Abşeron Hüquq Məsləhətxanasının hüquqşünası Rafiq Alışov Səs TV-yə müsahibə verib.

- Azərbaycanda uşaq hüquqlarının qorunması hansı səviyyədədir? Ümumiyyətlə, bu sahədə hansı tədbirlər həyata keçirilir?

-İlk olaraq, bu gün münasibətilə bütün uşaqları təbrik edir, onlara xoşbəxt gələcək, sağlam həyat arzu edirəm. 1995-ci ildə qəbul edilmiş Konstitusiyada uşaqların müdafiəsi ilə bağlı bir sıra maddələr öz əksini tapmışdı. 17-ci maddədə uşaqların saxlanmasının, himayə edilməsinin valideynlərin borcu olduğu bildirilir. Həmin borcun yerinə yetirilməsinə isə dövlət tərəfindən nəzarət olunur. 1998-ci il may ayının 19-da uşaq hüquqları haqda Azərbaycan Respublikasının qanunu qəbul edildi. Eyni zamanda qeyd edim ki, Azərbaycan BMT-nin uşaq hüquqları Konvensiyasına qoşulan ilk dövlətlər sırasındadır. 1992-ci ildə Konvensiyaya qoşulan ölkəmiz uşaq hüquqlarının qorunması ilə bağlı kifayət qədər məsuliyyətli bir işə imza atıb. Uşaq hüquqları haqda qanunun 3-cü maddəsində göstərilir ki, bütün dövlət orqanları, idarə və təşkilatlar öz fəaliyyət prinsiplərində uşaq hüquqlarının qorunmasını təmin etməlidirlər. Bütün bunlarla yanaşı, respublikamızda uşaqların hüquqlarının qorunması, onların gələcəyinin ən parlaq formada təşkil edilməsi üçün bir sıra qanunlar qəbul edilib. Qaçqın və məcburi köçkün olan, valideynlərinin birini və ya hər ikisini itirmiş olan, çətin vəziyyətdə olan uşaqların da hüquqlarının qorunması qanunlarda və qanunverici aktlarda öz əksini tapıb. Bundan başqa, 2000-ci ildə qüvvəyə minmiş Cinayət Məcəlləsində yetkinlik yaşına çatmamış cinayət törədənlərin hüquqlarının müdafiəsi haqda xüsusi maddələrə yer verilib. Belə uşaqların psixologiyalarına xüsusi qayğı və diqqətlə yanaşılması gərəkdiyi də həmin qanunlarda xüsusi qeyd olunub.

- Rafiq müəllim, uşaqların müdafiəsi ilə bağlı əsas problemlər hansılardır?

-Hazırda uşaqların hüquqlarının müdafiəsi ilə bağlı bütün sahələrdə müəyyən problemlər mövcuddur. Lakin mövcud problemlərin həlli ilə bağlı lazımi addımlar atılmağa davam edir. İlk növbədə, uşaqlar ən çox ailədaxili münaqişələrdən əziyyət çəkirlər. Valideynlərin boşanmaları, tərəflər arasında münaqişələr təəssüf ki, hazırda çoxluq təşkil edən problemlər sırasındadır. Bütün bunlardan da ən çox əziyyət çəkən uşaqlar olur. Çünki psixologiyalar gərginləşən mühitdə valideynlər istər-istəməz uşaqları öz qayğılarından məhrum buraxırlar. Valideynlər ayrıldıqda uşaqlar birtərəfli inkişaf edir, ayrıseçkiliyə məruz qalırlar. Bütün bunlarla yanaşı, qeyd edim ki, bu gün Azərbaycanda kifayət qədər küçələrdə səfil həyat sürən uşaqlar var. Dövlətlə ictimai təşkilatlar bu problemlə bağlı birgə mübarizə aparsalar da, bunun öhdəsindən gəlmək çox çətindir. Çünki valideynlər burada əsas rol oynayır. Uşaqlar üzərində ilkin nəzarəti valideynlər təmin etməlidir. Lakin bu gün Azərbaycanda valideyn məsuliyyəti aşağı səviyyədədir. Bu yaxınlarda Azərbaycanda uşaq müdafiə sisteminin həyata keçirilməsi ilə bağlı ölkə prezidenti tərəfindən sərəncam imzalanıb. Bütün bunlar da ölkəmizdə uşaq hüquqların müdafiəsinə nə qədər cidd yanaşıldığını göstərir.

- Uşaq hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsi üçün hansı zəruri tədbirlər həyata keçirilməlidir?

-Ölkəmizdə bu məsələ ilə bağlı sosial xidmətlər haqda qanun qəbul olunub. İcrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılan qanun özündə çox önəmli məsələləri əks etdirib. Mən hesab edirəm ki, Azərbaycanda vahid Uşaq Müdafiə Mərkəzi yaradılmalıdır. Uşaq hüquqları ilə bağlı ayrıca bir qurum formalaşmalıdır. Yəni uşaq hüquqlarının müdafiəsi üçün nəzərdə tutulan bütün təşkilatlar da həmin qurumun tərkibində fəaliyyət göstərməlidir. Burada yalnız uşaqların hüquqlarının müdafiəsindən söhbət getmir. Eyni zamanda onların sosial təminatlarından, psixoloji qayğılarından da söhbət gedir. Uşaqların hüquqlarının müdafiəsini tənzimləmək üçün ilk növbədə ailə münasibətləri tənzimlənməlidir. Əks halda bu proses çox çətin baş turtur. Çünki uşaqlara ilk təsir valideynlərdən keçir. Onlar natamam böyüdükdə isə cəmiyyətdə bir fərd kimi formalaşmaqda ciddi çətinliklə üzləşirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə