Səbail rayonunda “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” mövzusunda seminar-treninq keçirilib-FOTO

Səbail rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komtəsi ilə birgə "Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər" mövzusunda növbəti seminar-treninq keçirilib. SİA-nın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayənlədəri, Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Dini məsələlər üzrə Komissiyanın üzvləri, Badamdar və Bibiheybət qəsəbələrinin icra nümayəndələri, Bələdiyyələrinin rəhbərləri və üzvləri, orta təhsil müəssisələrinin, ziyalıların nümayəndələri, həmçinin rayonda fəaliyyət göstərən dini qurumların rəhbərlərinin iştirak edib. Seminarı Səbail rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini, RİH Başçısı yanında Dini məsələlər üzrə Komissiyanın sədri Xalidə Bayramova açaraq bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkədə dövlət-din siyasətinin həyata keçirilməsi, radikal dini qrupların zərərsizləşdirilməsi, qeyri-ənənəvi təriqətlərin təbliğatının qarşısının alınması, mili-mənəvi dəyərlərin və tolerant mühitin qorunub saxlanması, eləcə də Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazasının geniş və əhatəli şəhri məqsədi ilə seminar-treninqlər keçirilir və bu tədbir Səbail rayonunda keçirilən növbəti seminardır.

Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri, RİH Başçısı yanında Dini məsələlər üzrə Komissiyanın üzvü İsrafil Kərimov rayondakı dini durum barədə məlumat verib. Qeyd olunub ki, hazırda rayonda 6 məscid, 1 ibadət yeri, 1 dini mədrəsə mövcuddur. Dini icmaların 6-sı müsəlman, 1-i isə xristian təriqətlidir ki, onların 4-ü yenidən rəsmi dövlət qeydiyyatından keçib. Bildirilib ki, rayondakı dini ibadət yerlərindən ən böyüyü əsası 1997-ci il iyulun 23-də ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub, 1998-ci il iyulun 12-də şəxsən özü tərəfindən açılışı olub və hazırda iri beynəlxalq ziyarət mərkəzinə çevrilməkdə olan Bibiheybət məscididir. İçərişəhərdə 4 məscid fəaliyyət göstərir ki, bunlar dövlət tərəfindən əsaslı təmir olunmuş "Gileyli", "Cümə", "Həzrət Məhəmməd" və həmçinin "Aşurbəy" məscidləridir. Tarixi abidələrin bərpa və konservasiyası üzrə Master Plana uyğun olaraq İçəri şəhərdəki XI əsr abidəsi olan "Həzrət Məhəmməd" məscidinin bərpa və konservasiyası işləri həyata keçirilib, hazırda məscidin daxilində son tamamlama işləri aparılır.

Son il ərzində RİH və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələri, həmçinin tanınmış ilahiyyatçıların iştirakı ilə birlikdə rayonun ali və orta təhsil müəssisələrində Azərbaycanda Dövlət-din münasibətləri, Qeyri-ənənəvi dini təriqətlər və s. mövzularda tədbirlər və dəyirmi masalar keçirilib. 2010-cu ildə sakinlərin müraciətləri nəzərə alınaraq RİH tərəfindən Badamdar qəsəbəsindəki tikilən 250 nəfərlik xeyir-şər evinə əlavə olaraq 2011-ci ildə bura bitişik 250 nəfərlik yeni mərasim zalı inşa olunub, Bibiheybət qəsəbəsindəki xeyir-şər evi əsaslı təmir olunub, burada mərasimlər üçün hər cür şərait yaradılıb. Hər il Ramazan və Qurban bayramlarında rayondakı aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid və əlil ailələrinə RİH tərəfindən ət və ərzaq yardımları paylanılır, Ramizan ayı ərzində Badamdar, Bibiheybət, 20-ci yaşayış sahələrində və mərkəzdə iftar süfrələri təşkil olunur. RİH-nin köməyi ilə 2009-2010 və 2011-ci illərin hər birində 2 nəfər rayon sakini müqəddəs həcc ziyarətinə göndərilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Nahid Məmmədov "Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər" mövzusunda çıxış edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uğurlu dövlət-din siyasətinin nəticəsi kimi ölkədə dini toleyrantlıq mühitinin yaradıldığını, ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, dini ibadət yerlərinin bərpa olunub vətəndaşların istifadəsinə verilməsi istiqamətində görüdüyü işlərdən danışıb, Azərbaycanda mövcud dini qurum, dövlət-din münasibətləri, ölkədə fəaliyyət göstərən qeyri-ənənəvi dinlər və təriqətlər, onların mahiyyəti və cəmiyyətimiz üçün törətdikləri təhlukə məlumat verib.

Seminarda İçəri şəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli, "Gileyli" məscidinin axundu Hacı Mirhəmid Məmmədov, "Həzrət Məhəmməd" məscidi dini icmasının sədri Hacı Xanmirzə Bağırov, pedaqoci işçilər, hüquq-mühafizə orqanlarının nümayəndələri çıxış edərək Azərbaycanda tolerantlıq mühitinin mövcudluğundan, dini ibadət yerlərində normal şəraitin yaradılmasından, dövlət tərəfindən məscid və ibadətgahların təmirinə göstərilən diqqətdən danışıb, qeyri-ənənəvi təriqətlərin xalqımız üçün yad olan təbliğatının qarşısının alınması, gənclərin radikal dini qrupların təsirinə düşməməsi üçün görülməsi vacib işlərdən danışıb, orta və ali məktəblərdə mütəxəssislərin iştirakı ilə görüş və tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə