Meşə yanğınları və iqlim dəyişikliyi: əsas səbəb insan faktorudur? - AÇIQLANDI

Meşə yanğınları və iqlim dəyişikliyi: əsas səbəb insan faktorudur? - AÇIQLANDI

Hazırda Çinin Şençjen şəhərindəyəm və burada ətraf mühitə münasibət diqqətimi xüsusilə çəkir. Şəhərin demək olar ki, hər tərəfi yaşıllıqdır. İnsanlar təmizliyə ciddi riayət edir, ətraf mühitə diqqət göstərirlər. Burada yaşayan insanların meşə yanğınları ilə bağlı ciddi narahatlıq keçirməsi bəlkə də o qədər təsəvvür olunmur. Çünki meşənin içərisində yaşayan insanın onu yandırmaq üçün hər hansı səbəbi yoxdur.

Bu sözləri SİA-ya ekoloq Qorxmaz İbrahimli deyib.

O sözlərinə belə davam edib: “Təəssüf ki, bizdə vəziyyət bir qədər fərqlidir. İnsanlar piknik üçün meşəlik ərazilərə gedir, bəzən ehtiyatsız davranaraq yanğınların yaranmasına səbəb olurlar. Bu problem təkcə Azərbaycana xas deyil. Türkiyədə bəzi hallarda meşə yanğınlarının terror məqsədilə törədilməsi ilə bağlı hallar olub. Yunanıstan və digər Avropa ölkələrində də insan məsuliyyətsizliyindən yaranan meşə yanğınları baş verir.

İnsanlar nə qədər ətraf mühitə həssas yanaşsalar, təbiətə qarşı məsuliyyətli davransalar, meşə yanğınları və digər ekoloji problemlər də bir o qədər azalacaq. Ona görə də burada insan faktorunun rolu çox böyükdür.

İqlim dəyişikliklərinə gəldikdə isə, bu proses milyon illərdir davam edir. İqlim Yer kürəsinin mövcud olduğu dövrdən müxtəlif səbəblərdən dəyişib. Burada həm təbii, həm də antropogen amillər rol oynayır.

Təbii amillərə ildırım, vulkan püskürmələri, zəlzələlər, sellər və digər təbiət hadisələri daxildir. Bunlar insan fəaliyyətindən birbaşa asılı olmayan proseslərdir. Lakin insanın təbiətə təsiri xüsusilə sənayeləşmədən sonra daha da artıb.

Dəmirin kəşfi, sənayenin inkişafı, istehsalın genişlənməsi, müharibələrin və yeni silahların meydana çıxması, silahların sınaqdan keçirilməsi və digər proseslər ətraf mühitə təsiri artıran amillər sırasında olub. Sənayenin inkişafı ilə atmosferə atılan karbon emissiyalarının həcmi də əhəmiyyətli dərəcədə yüksəlib.

Bu baxımdan iqlim dəyişikliklərini yalnız meşə yanğınları ilə əlaqələndirmək düzgün deyil. Məsələyə daha geniş yanaşmaq lazımdır. İnsan gündəlik həyatında, istehsalda, nəqliyyatda, enerji istifadəsində və digər sahələrdə təbiətə nə qədər təsir göstərdiyini nəzərə almalıdır.

Təbii ki, Azərbaycanın qlobal iqlim dəyişikliklərinin qarşısının alınmasında rolu böyük sənaye dövlətləri ilə müqayisədə məhduddur. Əsas məsuliyyət böyük sənaye və iqtisadiyyatlara malik dövlətlərin üzərinə düşür. ABŞ, Çin, Rusiya və digər iri sənaye dövlətlərinin atmosferə buraxdığı emissiyaların həcmi qlobal iqlim proseslərinə daha böyük təsir göstərir.

Məsələn, Çində sənayenin sürətli inkişafı və böyük istehsal potensialı enerji istehlakının və atmosferə atılan karbon emissiyalarının həcminə də təsir edir. Ona görə də qlobal iqlim dəyişikliklərinin qarşısının alınması üçün əsas sənaye dövlətlərinin üzərinə böyük məsuliyyət düşür.

Amma bu, Azərbaycanın və digər ölkələrin məsuliyyətdən kənarda qalması demək deyil. Hər bir insan təbiətə həssas yanaşmalı, ətraf mühitin qorunmasına öz töhfəsini verməlidir. Çünki insan faktoru burada çox önəmlidir.

Əslində, ekoloji məsuliyyət uşaqlıqdan formalaşmalıdır. Əgər ailədə, məktəbdə və cəmiyyətdə uşaqlara kiçik yaşlarından təbiəti qorumaq, ətraf mühitə hörmət etmək, meşələrə, su hövzələrinə və digər təbii sərvətlərə məsuliyyətli yanaşmaq öyrədilmirsə, gələcəkdə bunun nəticələri daha ağır ola bilər.

İnsan istər gələcəkdə dövlət başçısı, yüksək vəzifəli şəxs olsun, istərsə də adi vətəndaş, uşaqlıqdan formalaşan ekoloji mədəniyyət onun davranışına təsir göstərəcək.

Ona görə də təbiətin qorunması yalnız dövlətlərin və ya aidiyyəti qurumların vəzifəsi deyil. Bu, hər bir insanın məsuliyyətidir. Ətraf mühitə münasibət dəyişmədən meşə yanğınlarının, çirklənmənin və digər ekoloji problemlərin qarşısını tam almaq mümkün deyil”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə