“Yeniyetmə ailə, məktəb və cəmiyyət məsuliyyətinin aynasıdır“ - PSİXOLOQ

“Psixologiya və pedaqogika elmlərində qəbul olunmuş yanaşmaya görə, yeniyetməlik dövrü insanın psixi inkişafında ən mürəkkəb və ziddiyyətli mərhələlərdən biri hesab olunur”.

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, bu mərhələdə davranış böhranı, özünə inamın zəifləməsi, şəxsiyyətin formalaşması fonunda özünü cəmiyyətə nümayiş etdirmək və təsdiq etmək ehtiyacı kəskin şəkildə üzə çıxır:

“Təəssüf ki, bir çox hallarda valideynlər və pedaqoqlar bu prosesi ya düzgün qiymətləndirmir, ya da onu məqsədli şəkildə gözardı edirlər. Yeniyetmədən yalnız “oxumaq”, “sakit olmaq” və “müəyyən planları yerinə yetirmək” tələb olunur, lakin onun daxili dünyasında baş verən gərginliklər nəzərə alınmır.

Yeniyetmələrin impulsivliyi, emosional reaktivliyi, bəzən özünə qapanması, sükuta çəkilməsi və ya aqressiv davranışları çox vaxt ailə mühitindəki konfliktlərlə birbaşa əlaqəlidir. Xüsusilə nevrotik və davamlı gərginlik olan ailələrdə böyüyən uşaqlarda psixoloji disbalans daha qabarıq şəkildə müşahidə olunur. Bu cür mühitdə formalaşan yeniyetmələr üçün qeyri-adekvat davranış modellərinə meyl, riskli addımlar və hətta cinayət davranışına yaxınlaşma ehtimalı artmış olur. Onların qurduğu daxili fantaziya dünyası bəzən cəmiyyət üçün gözlənilməz və təhlükəli ssenarilərlə müşayiət oluna bilər.

Cəmiyyətin əsas problemlərindən biri də bu yeniyetmələrin daxili aləmini dərindən öyrənmədən, onlarla sağlam ünsiyyət qurulmadan, davranışlarına görə tələsik mühakimə edilməsidir. Halbuki onlar eyni zamanda həm fiziki, həm psixoloji inkişaf mərhələsindən keçir, üstəlik üzərlərinə qoyulan sosial və akademik tələblər bu inkişafla tez-tez ziddiyyət təşkil edir. Bu harmoniyanın pozulması yeniyetmənin düşüncə sistemində qarışıqlıq, emosional gərginlik və daxili konfliktlər yaradır.

Mövcud cinayət və aqressiv davranış hallarının arxasında, bir qayda olaraq, çoxsaylı faktorlar dayanır: nevrotik ailə mühiti, emosional diqqət çatışmazlığı, özünü təsdiq etmək üçün seçilən yanlış davranış formaları, reallaşmayan istəklər və maraqlar. Yeniyetmələr çox vaxt özlərini oynadıqları oyunların və ya izlədikləri obrazların qəhrəmanları ilə eyniləşdirir, bu qəhrəmanlığı təxəyyüllərində davamlı olaraq canlandırırlar. Daxildə yığılan aqressiya valideynlərə yönələ bilmədikdə, daha zəif və yad hədəflərə istiqamətlənir.

Bununla yanaşı, cəzalandırma mexanizmlərinin zəifliyi və ya ardıcıl olmaması yeniyetmələrdə məsuliyyət hissinin formalaşmasına mane olur və davranış sərhədlərini qeyri-müəyyənləşdirir. Tarixi və sosial baxımdan hər bir yeniyetmə üçün özünü nümayiş etdirmək və təsdiqləmək ehtiyacı güclü psixoloji motivasiya faktorudur. Lakin bu ehtiyac düzgün istiqamətləndirilmədikdə, düşünülməmiş və riskli addımlarla nəticələnə bilər.

Bu kontekstdə məktəb və ailə institutları xüsusi məsuliyyət daşıyır. Konfliktli ailə mühitində tərbiyə alan uşağın sağlam psixoloji inkişafından danışmaq çətindir. Belə hallarda uşaq çox zaman ailədaxili problemlərə görə özünü günahlandırır və bu da daxili aqressiyanın formalaşmasına səbəb olur. Odur ki, valideynlər, müəllimlər, yaxın qohumlar və sosial çevrə yeniyetmələrə qarşı səfərbər olmalı, onlarla açıq ünsiyyət qurmalı və etibarlı münasibət yaratmağı bacarmalıdır.

Müasir gənclər informasiya bolluğu şəraitində yaşayırlar. Belə bir dövrdə onlara yalnız “elm oxumaq” prizmasından yanaşmaq həm elmi, həm də sosial baxımdan yanlış yanaşmadır. Yeniyetmənin psixoloji ehtiyaclarını anlamaq, onu dinləmək və doğru istiqamətə yönəltmək cəmiyyətin gələcək təhlükəsizliyi və sağlam inkişafı üçün əsas şərtlərdən biridir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə