İpoteka gənclərə niyə əlçatan deyil? - NƏLƏR EDİLMƏLİDİR? - EKSPERT AÇIQLADI

Azərbaycanda ipoteka krediti gənclər üçün getdikcə çətinləşir. Yüksək ilkin ödəniş, faiz dərəcələri və sərt gəlir tələbləri minlərlə gəncin mənzil sahibi olmaq imkanını məhdudlaşdırır. İpotekanın gənclərə əlçatan olması üçün hansı mexanizmlər icra olunmalıdır?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, ipoteka bazarı hazırkı vəziyyətlə ayaqlaşmır:

“Belə ki, ipotekanın maksimum məbləği 150 min manat olduğu halda, bu məbləğə hazırkı bazarda ipotekaya yararlı mənzil tapmaq olduqca çətindir. Ən yaxşı halda bu qiymətə şəhərin mərkəzindən kənarda və ya köhnə tikilidə yerləşən bir otaqlı mənzil almaq mümkündür. Halbuki, ailə qurmaq istəyən və ya artıq ailəli olan gənclər üçün bir otaqlı mənzil uzunmüddətli ehtiyacları qarşılamır. Digər tərəfdən, əmlak bazarında qiymətlər hər il orta hesabla 14–16% artdığı halda, ipoteka şərtləri bu artıma uyğun şəkildə yenilənmir.

Artıq neçə ildir ki, İpoteka Fondu vətəndaşlara ayırdığı maksimum kredit məbləğini artırmır. Bu isə real bazar qiymətləri ilə ipoteka imkanları arasında ciddi uyğunsuzluq yaradır. Nəticədə, ipoteka kreditindən yararlanmaq formal olaraq mümkün görünsə də, praktikada bu imkan çox məhdud bir kəsim üçün əlçatan olur. Xüsusilə də aylıq gəliri 600–800 manat civarında olan gənclər üçün bu mənzillər demək olar ki, əlçatmazdır. Çünki ipoteka kreditinin alınması üçün yalnız mənzilin qiyməti deyil, həm də ilkin ödəniş, aylıq ödəniş məbləği və rəsmi gəlirin həcmi əsas şərt kimi irəli sürülür.

Bu şərtlər gənclərin maliyyə imkanlarını xeyli aşır. Belə ki, aylıq ödənişlərin yüksək olması onların gündəlik xərclərini qarşılamaqda çətinlik yaratmaqla yanaşı, kredit risklərini də artırır. Nəticədə, bir çox gənc ipoteka götürməkdən çəkinir və ya ümumiyyətlə bu imkandan kənarda qalır. Halbuki, ipoteka siyasətinin əsas məqsədi vətəndaşların, xüsusilə də gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına dəstək olmaqdır.

Çox yaxşı olardı ki, ev alarkən İpoteka Fondu tərəfindən verilən kredit məbləği hazırkı bazar qiymətlərinə uyğunlaşdırılsın və mütəmadi olaraq yenilənsin. Bununla yanaşı, gənclər üçün xüsusi güzəştlər tətbiq edilə bilərdi. Məsələn, ilkin ödənişin azaldılması, illik faiz dərəcəsinin aşağı salınması və ya kreditin ödəniş müddətinin daha da uzadılması bu baxımdan mühüm addımlar ola bilər. Belə yanaşma gənclərin maliyyə yükünü azaldar və onları daha rahat şəkildə mənzil sahibi olmağa təşviq edər.

Nəticə etibarilə, ipoteka bazarının real iqtisadi vəziyyətə və əmlak bazarındakı qiymət artımına uyğunlaşdırılması sosial baxımdan da böyük əhəmiyyət daşıyır. Bu, həm gənclərin yaşayış şəraitinin yaxşılaşmasına, həm də ümumi sosial rifahın yüksəlməsinə müsbət təsir göstərə bilər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə