Şuşada keçirilən seminara yekun vurulub

23-24 sentyabrda Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda keçirilən seminara yekun vurulub. SİA xəbər verir ki, bağlanış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yekun nitqində seminarın əhəmiyyəti barədə söhbət açıb. Komitə sədri bildirib ki, iki gün ərzində keçirilən sessiyalarda çox vacib, eyni zamanda, maraqlı məqamlara toxunulub və konkret nəticələr əldə edilib:

“Media mənsubları və digər dövlət qurumlarından təşrif buyuran nümayəndələr iki gün ərzində səmərəli söhbətlər apardılar. Komitə olaraq kifayət qədər qeydlər aparmışıq və gələcək fəaliyyətimizdə bunları nəzərə almağa çalışacağıq. İlin sonuna qədər din xadimləri ilə belə bir seminarı təşkil etmək fikrindəyik. İstəyirik ki, din xadimləri ilə media mənsubları arasında kommunikasiyanı gücləndirək”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən seminarın ilk sessiyası “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?” mövzusunda olub. Sessiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə təşkil edilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov sessiya ərzində çıxış edərək mövzu ilə bağlı müxtəlif istiqamətlər üzrə fikirlərini bölüşüblər.

Çıxışçılar bəzi media orqanlarında dində ixtilafın yaranmağına, məzhəb ayrı-seçkiliyinin vüsət almağına rəvac verən materialların yayılmasını zərərli addım kimi qiymətləndiriblər.

Sessiya boyu bildirilib ki, müasir jurnalistikanın mövqeyi həm də ölkədəki dini rifahı qorumağa hesablanmalıdır.

Sonda bildirilib ki, bu və ya digər xoşagəlməz tendensiyaların aradan qaldırılması üçün cəmiyyətin media savadlılığının artırılması ilə yanaşı, jurnalistlərin maariflənməsi istiqamətində də müəyyən addımlar atmaq zəruridir.

Günün sonunda iştirakçılar üçün Şuşadakı tarixi, dini abidələri əhatə edən mediatur təşkil edilib.

Seminar sentyabrın 24-də “Dini radikalizmlə mübarizə və media” mövzusunda ikinci sessiya ilə davam etdirilib. Moderator qismində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun çıxış etdiyi sessiyada Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin məsləhətçisi Natiq Mirzəyev mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Çıxışçılar bildirib ki, media bütün məqamlarda dini radikalizmin təbliğindən kənarda dayanmalıdır.

Qeyd olunub ki, bəzi mətbuat orqanları, internet kanalları, sosial mediada fəaliyyət göstərən subyektlər onlayn radikalizmlə məşğuldular və bu, ölkədə dini müstəvidə böyük problemlərin yaranmasına gətirib çıxara bilər.

Çıxışçılar media nümayəndələrini dini mövzulara həssas yanaşmağa, müqəddəslər barədə hansısa materialı yayımlayan zaman ehtiyatlı olmağa çağırıblar.

Seminarın son sessiyası isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Elşad Miraləmin moderatorluğu ilə keçirilib. “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” mövzusuna həsr olunan sessiyada Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli çıxış ediblər.

Sessiyada Azərbaycan və digər türkdilli dövlətlərin qədim zamanlardan bu yana din siyasətinə, müqəddəs hesab olunan nəsnələrə, inanclara münasibətlərinə nəzər salınıb.

Çıxışçılar qeyd edib ki, daim bu mövzuda insanlar arasında təbliğat aparılmalı, məktəblilərin belə maariflənməsinə diqqət yetirilməlidir.

Eyni zamanda, ənənəvi media ilə yanaşı, internet kanallarında, onlayn platformalarda dini maarifləndirmənin zəruri olduğu nəzərə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə