Haqlı, haqsız... -FELYETON

Bizdə belədir ki, bir nəfər ölən kimi bir-birimizə xəbər verib yığışıb gedirik başsağlığı verməyə. Lap yaxşı. “Sevinc paylaşdıqca çoxalar, kədər paylaşdıqca azalar” deyiblər. Baş sağlığı da ki, verdin, ta dur get işinin-gücünün dalınca kimi deyil bizdə. Saatlarla otururuq, ta ev yiyəsini təngə gətirmədən durub getmirik. Mətləbdən uzaqlaşıram, bilirəm, amma onu da deməsəm olmaz ki, hələ aramızda elələri də var ki, yasa ancaq yemək saatında gedir. Nə isə...

Keçək mətləbə. Sözümün canı odur ki, getdiyimiz yasda ev sahibinə baş sağlığımız yalnız bu sözlərdən ibarət olur: “Ölüm haqdır, nə etmək olar ki”. Bu ölən haqlı yerə ölüb, haqsız yerə ölüb, durduğu yerdə ölüb, ya bəzi həkimlərin tibb elmini “mükəmməl” mənimsəməsindən ölüb, bir sərxoş sürücü yazığı yol ilə getdiyi yerdəcə vurub öldürüb, qoz çırpanda ağacdan düşüb ölüb, damın qarını təmizləyəndə oradan yıxılıb ölüb, hamamda qaz boğub öldürüb, sayğacın başına oyun açanda elektrik qurudub öldürüb, qiymətlərin bahalığından infarkt keçirib ölüb, köhnə qida yeyib zəhərlənib ölüb, xəstə olub, əcəli çatıb ölüb, hər nəysə, ölənin hamısına “Nə etməli, ay bacı, ay qardaş, ölüm haqdır” təsəllisini verib işimizi tamam hesab etmiş oluruq.

Bu əcəlsiz ölümlərin sayını azaltmaq üçün insanları ha maarifləndir, ha maarifləndir, xeyri yoxdur. Ha de ki, əcəlini özün gətirmə, ay adam. İmkan ver, alın yazının vaxtı gəlib çatsın. Sənə kim deyir ki, bir yerin ağrıdımı, həkimə gedəsən? Pulun var, bir yaxşı həkim tap, yoxdur, otur yerində türkəçarədən, zaddan, bir şey elə, ümidini də ki, Allahdan kəsmə.

Sənə kim deyir ki, qazla işləyən istilik çihazını apar qoy hamam otağına, o da səni boğub öldürsün. Axı ötən il, keçən həftə, sırağa gün bu dərddən ölənlərə “Əşi, bunun ağlı-zadı heç yoxmuş”,- deyən sən idin. Ay qardaş, ay bacı evinizdə yer yoxdur, yoxsa şüurunuz yoxdur?

Sənə kim deyir ki, sayğaca müdaxilə edəsən, ölüb oradaca qalasan? Canın çıxsın oğurluq eləmə, ölmə.

Sənə kim deyir ki, çıxıb ağacdan qoz çırpasan, qonşunda bu bəlanın qurbanlarının qəbrini axı elə özün qazmısan.

Sənə kim deyir ki, qışın qarında-boranında çıxıb damın qarını təmizləyəsən. Durub da orada, yaz gələndə əriyib gedəcək.

Sənə kim deyir ki, get dükana, bazara, qiymətləri dünən, sırağagünkü kimi görməyib infarkt keçirəsən, ay qardaş, bu, belədir də, hər gün qiymətdir ki, qalxır, təzə xəbərdir niyə bu? Palaza bürün, elnən sürün də. Bunu biz necə qəbul ediriksə, sən də qəbul elə, çox yemə, az ye, ölmə də.

Sənə kim deyir ki, get vaxtı keçmiş qida al, ye. O gözü Allah nə üçün verib sənə? Bir bax, gör nə alırsan da. Onsuz da insaf ərşə qalxıb.

Sənə kim deyir ki, düş yolun ortasına, sərxoşu var, dəliqanlısı var, atasının balası var. Ay adam, bir-iki addım o tərəfdə səki var, onu nə üçün düzəldiblər, sənin hərəkətin üçün ediblər də. Bəs bunu nə vaxt anlayacaqsan? Səki ilə get, maşın da səni vurub öldürməsin də.

Elə yolda əcəlini çatdıranlardan söhbət düşmüşkən şəhərimizin yerüstü, yeraltı piyada keçidlərini qoyub yolun ortasına düşənlərdən də söhbət açım bir az. Xüsusilə gənc adamlardır, piyada keçidlərdən niyə qaçaqdılar, bilmirəm. Elə yolun ortasındacadırlar. Maşınlar yanından-yörəsindən sürətlə vıyıldayır, bunlar da maşınların arasından. İndi sabah, Allah eləməsin, birini avtomobil vurub yerə yıxanda yenə yığışıb gedəcəyik evinə, deyəcəyik ki, ölüm haqdır, nə etmək olar. Gəlin heç olmasa bu dəfə başqa söz deyək. Deyək ki:

-Sənə kim deyir ki, piyada keçidlərini qoyub, düşürsən yolun ortasına. Dəli kimi yolda maşınların arası ilə o yana, bu yana qaçırsan? O keçidlərləri tikənlər səndən ağılsızdı ki...

Qaldı ki, söz dinləməyənlərə, ölüm haqdır, Allah ölənlərin hamısına rəhmət eləsin!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə