Müasir dövrdə milli ideyanın hədəfləri

Milli ideya Azərbaycan dövlətinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olması, dünya birliyində mövqeyinin güclənməsi və xalqımızın milli kimliyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Ölkə əhalisinin müstəqil dövlətçilik və vətənpərvərlik amalları ətrafında sıx birləşməsində milli ideya mühüm rol oynayır. Bu ideyanın qarşısında müxtəlif hədəflər dayanır ki, onların sırasında ideoloji təhlükəsizliyin təmin olunması xüsusi önəm kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ideoloji təhlükəsizliyə xüsusi diqqət yetirməsi bu məsələnin aktuallığını bir daha göstərdi.

Azərbaycan Prezidenti çıxışında ideoloji təhlükəsizliyin dövlət qurumlarının və vətəndaş cəmiyyəti fəallarının diqqət mərkəzində olmasının vacibliyini bildirdi ki, bu da bir sıra səbəblərdən irəli gəlir. Onların arasında xarici dairələrin ölkəmizə qarşı apardığı ideoloji təhdidlər xüsusi yer tutur. Məlumdur ki, həmin dairələr həmişə Azərbaycanda vətəndaş həmrəyliyinə və xalq-iqtidar birliyinə xələl gətirməyə, hakimiyyətin apardığı siyasətə kölgə salmağa çalışıblar. Onlar ideoloji təxribatlara əl atmaqla ölkəmizdə ictimai rəyi çaşdırmağa, cəmiyyətdə qarşıdurmalar və gərginlik yaratmağa cəhd ediblər. Hətta bir-biri ilə rəqabət aparan xarici dairələr qarayaxma kampaniyasında bir araya gəliblər. Onlar ölkəmizin gələcəyi ilə bağlı qeyri-obyektiv fikir formalaşdırmağa çalışır, xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının guya qeyri-mümkünlüyünü mütəmadi olaraq təbliğ edirdilər. Xalqımızın birliyi və Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində bu cür ideoloji təxribatların qarşısı alındı. 44 günlük Vətən müharibəsində şanlı Qələbə xarici dairələrin Azərbaycan xalqına və dövlətinə qarşı hazırladıqları ideoloji təxribatlara böyük zərbə vurdu.

Bu fikirlər fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimovun “Müasir dövrdə milli ideyanın hədəfləri” sərlövhəli məqaləsində yer alıb.

SİA AZƏRTAC-a istinadən məqaləni təqdim edir: “Azərbaycana qarşı apardıqları böhtan kampaniyası dəfələrlə uğursuzluqla nəticələnsə də, təəssüf ki, xarici dairələr hazırda da məkrli niyyətlərindən əl çəkməyiblər. Onlar ölkəmizi qazandığı uğurlardan çəkindirməyə çalışır, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması faktını həzm edə bilmir, hərbi və iqtisadi, həmçinin siyasi-ideoloji vasitələrlə Ermənistanda revanşist meylləri gücləndirməyə cəhd göstərirlər. Bütün bunlar Azərbaycanda müasir dövrün reallıqlarına adekvat cavab verən milli ideyanın təkmilləşdirilməsini və onun mühüm tərkib hissələrindən biri olan ideoloji təhlükəsizliyin möhkəmləndirilməsini tələb edir.

Qlobal çağırışlar və milli ideya

Azərbaycanın davamlı inkişafı müasir dövrün çağırışları nəzərə alınmaqla milli ideyaya yeni baxışların və yanaşmaların meydana gəlməsini şərtləndirir. Milli ideyanın qarşıdakı dövr üçün hədəfləri Prezident İlham Əliyevin apardığı siyasətdə öz əksini tapır. Xüsusilə Azərbaycan Prezidentinin bu il fevralın 14-də parlamentdə andiçmə mərasimində və sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışlarında sadaladığı dövlətimizin qarşısında duran vəzifələr həm də milli ideyanın hədəflərini təşkil edir.

Qeyd edək ki, qloballaşma dövründə milli ideya böyük əhəmiyyət daşıyır. Çünki qloballaşma şəraitində milli ideya xalqın kimliyinin qorunub saxlanılması və mənəvi-əxlaqi dəyərlərlə uzlaşmayan mənfi təsirlərin qarşısının alınması üçün təsirli vasitələrdən biri kimi çıxış edir. Milli ideya vətəndaş həmrəyliyinə xələl gətirə biləcək mənfi meyllərin qarşısını alır ki, bu da ictimai-siyasi sabitlik şəraitində davamlı inkişafın təmin edilməsi üçün vacib amillərdən biridir.

Dövlətin və xalqın inkişafında milli ideyanın mühüm rol oynamasının nəticəsidir ki, bu məsələyə dair geniş müzakirələr aparılır, müxtəlif elmi-nəzəri baxışlar irəli sürülür. Məsələn, klassik yanaşmada milli ideyaya ümumbəşəri dəyərlər kontekstində baxılır. Hesab edilir ki, bu dəyərlər xalqın formalaşmasına və inkişafına ciddi təsir göstərir. Milli ideya vətəndaşların dövlət və cəmiyyət qarşısında üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirmələrini şərtləndirən dürüstlük, fəzilət və ədalət kimi idealları, milli kimliyi möhkəmləndirən dəyərləri, etik və əxlaqi normaları təşviq edir.

Tarixi-mədəni yanaşmada milli ideyanın inkişafında varislik prinsipinə xüsusi diqqət yetirilir. Bu kontekstdə göstərilir ki, mədəni irsin nəsillərdən nəsillərə ötürülərək qorunub saxlanılması və zənginləşməsi milli ideyanın inkişafını stimullaşdırır. Psixoloji yanaşmada milli ideyanın formalaşmasının və inkişafının, eyni zamanda, milli kimliyin psixoloji xüsusiyyətləri öyrənilir. Qlobal yanaşmada milli ideya qlobal çağırışlar kontekstində tədqiq olunur. Bu istiqamətdə aparılan araşdırmalardan aydın olur ki, qloballaşma prosesi milli ideya ilə bağlı ənənəvi baxışlardan fərqli olaraq yeni yanaşmalar yaradır.

Müasir dövrdə qlobal problemlərin həlli sahəsində milli ideyanın üzərinə mühüm vəzifələr düşür. Onların sırasında cəmiyyətin müxtəlif sahələrini əhatə edən davamlı inkişaf strategiyalarının həyata keçirilməsi mühüm yer tutur. Milli ideya qarşısında qlobal çağırışların optimal həlli yollarının axtarışı, dünya dövlətləri və beynəlxalq təşkilatlar ilə səmərəli əməkdaşlığın möhkəmləndirilməsi, bəşəriyyəti narahat edən problemlərin həllinin vacibliyinə dair ictimai rəyin formalaşdırılması, ölkənin tərəqqisi və yüksək sosial rifah üçün maddi, intellektual resurslardan səmərəli istifadə olunması kimi vəzifələr dayanır.

İnformasiya cəmiyyətinin, süni intellekt texnologiyalarının və rəqəmsallaşmanın milli ideyaya təsiri çoxşaxəli xarakter daşıyır. Elmi-texniki tərəqqi sahəsində qazanılan nailiyyətlər milli ideyanın özündə ehtiva etdiyi dəyərlərin və normaların yenidən nəzərdən keçirilməsinə səbəb olur. Bu aspektdə milli ideyanın hədəfləri aşağıdakılardır:

• qabaqcıl tədqiqat mərkəzlərinin yaradılması, innovasiya infrastrukturunun inkişaf etdirilməsi;

• süni intellekt sahəsində tədqiqatların dəstəklənməsi, stimullaşdırılması üçün dövlət proqramlarının və konsepsiyalarının həyata keçirilməsi;

• süni intellekt texnologiyaları ilə işləmək bacarığına malik yüksəkixtisaslı mütəxəssislərin hazırlanması;

• qlobal bazarda rəqabət qabiliyyətinin gücləndirilməsi üçün süni intellektin imkanlarından istifadə olunması;

• ənənəvi sənaye sahələrini yeni texnologiyalara uyğunlaşdırmaqla onların rəqabət qabiliyyətinin artırılması və s.

Tarixi irs və müasirlik

Müasir dövrdə Azərbaycanda milli ideya ilə bağlı araşdırmaların aparılmasının aktuallıq kəsb etməsi həm milli inkişaf strategiyasının, həm də qlobal çağırışların yaratdığı reallıqlarla sıx bağlıdır. Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ideya məsələsi cəmiyyətdə müzakirə olunan əsas mövzulardan birinə çevrildi. Xüsusilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra azərbaycançılıq məfkurəsinin ictimai şüurda özünə mühüm yer tutması istiqamətində məqsədyönlü dövlət siyasətinin aparılmasına başlanıldı. Azərbaycançılıq tolerant və multikultural mühit yaradan, milli özünüdərki və kimliyi möhkəmləndirən ideologiya kimi müstəqil dövlət quruculuğunun uğurla həyata keçirilməsində əhəmiyyətli rol oynadı, xalqımızı ümummilli maraqlar ətrafında sıx birləşdirdi. Aydın oldu ki, milli ideyanın səfərbəredici gücü özünü Vətənini sevən hər bir azərbaycanlının xalqına və dövlətinə sevgisində, bu sahədə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsində göstərir.

Milli ideyanın əsaslandığı dəyərlər aşağıdakılardır:

• müstəqil dövlətçilik və suverenlik;

• qanunun aliliyi;

• insan hüquqları;

• sosial ədalət;

• milli kimlik;

• tarixi-mədəni irs;

• dini-mədəni müxtəliflik;

• vətəndaş həmrəyliyi və s.

Milli ideya mənəvi-əxlaqi dəyərlərin və mədəni ənənələrin qorunub saxlanılaraq nəsillərdən nəsillərə ötürülməsini təmin etməklə xalqımızın tarixi yaddaşının möhkəmlənməsində mühüm rol oynayır. İctimai şüurda “Biz kimik?”, “Bizim milli kimliyimizin mahiyyəti nədən ibarətdir?” kimi suallara cavab verən milli ideya insanlarda keçmiş, indi və gələcək haqqında baxışlar formalaşdırır, varislik prinsipinə əsaslanmaqla xalqımızın çoxəsrlik mənəvi-əxlaqi dəyərlərini zənginləşdirir. Milli ideyanın möhkəmlənməsində mədəni irs, elm və təhsil, iqtisadi inkişaf və sosial rifah, ictimai təşəbbüslər və vətəndaş fəallığı, həmrəylik kimi amillər xüsusi yer tutur. Xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi hadisələrə, milli kimliyin qorunmasında vacib rol oynayan adət-ənənələrə hörmətlə yanaşılması insanları həmrəylik şəraitində ümummilli məqsədlər ətrafında birləşdirən amillərdən biridir. Ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində uğurların əldə olunması, sağlam əsaslara söykənən siyasi sistemin mövcudluğu milli ideyanın inkişafı və onun həyata keçirilməsi üçün əlverişli şərait yaradır.

Milli ideyanın siyasi-hüquqi əsasları öz əksini Azərbaycan Respublikasının Konstitusiyasında tapır. Konstitusiyanın ümumxalq səsverməsi - referendum yolu ilə qəbulu həm də bu sənəddə ifadə olunan ideoloji baxışların xalqımızın iradəsini təcəssüm etdirdiyini göstərir. Konstitusiyada Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrini davam etdirəcəyi, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olunmasının vacibliyi, keçmiş, indiki və gələcək nəsillər qarşısında məsuliyyətin dərki və digər ideoloji baxışlar öz əksini tapır. Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olunması, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlətin qurulması, layiqli həyat səviyyəsinin təminatı, dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq və s. ali məqsədlər kimi bəyan edilir. Milli ideyadan irəli gələn hədəflər öz əksini Konstitusiya ilə yanaşı, dövlət proqramlarında və konsepsiyalarında tapır.

Milli ideyanın hədəfləri aşağıdakılardır:

• Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması;

• hüquqi və dünyəvi dövlətin möhkəmləndirilməsi;

• xalqın layiqli həyat şəraitində yaşamasının təmin olunması;

• vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi;

• tolerantlıq ənənələrinin qorunması;

• dünya dövlətləri ilə bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsi və s.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə xalqımızın qazandığı möhtəşəm Zəfər nəticəsində milli ideyanın əsas hədəflərindən birinə (Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi) nail olundu. Bu tarixi hadisə sübut etdi ki, milli ideyanın xalqımızda yaratdığı yüksək vətənpərvərlik əhvali-ruhiyyəsi müharibədə Qələbəni təmin edən mühüm amillərdən biridir. Milli ideyanın yuxarıda sadaladığımız digər hədəflərinə nail olunması istiqamətində aparılan ardıcıl və məqsədyönlü dövlət siyasəti nəticəsində böyük uğurlar əldə edilir. Bütün bunlar göstərir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən milli ideologiya səviyyəsinə qaldırılmış azərbaycançılıq məfkurəsindən irəli gələn vəzifələri Prezident İlham Əliyev uğurla, yaradıcı şəkildə həyata keçirir.

Milli ideya cəmiyyəti birliyə, ümummilli məqsədlər naminə koordinasiyalı fəaliyyətə, vətəndaşları ictimai proseslərdə fəallıq göstərməyə səfərbər edir. Bu ideya

• milli və ümumbəşəri dəyərlərə əsaslanır;

• xalqımızın çoxəsrlik adət-ənənələrini və dəyərlərini təcəssüm etdirir, onları dünya sivilizasiyasının nailiyyətləri və qabaqcıl, mütərəqqi ideyaları ilə zənginləşdirir;

• Azərbaycan dövlətinin inkişafına, ölkəmizdə əmin-amanlığın qorunmasına xidmət edir;

• siyasi, dini-etnik və sosial mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarını, xaricdə yaşayan soydaşlarımızı ümummilli məqsədlər ətrafında birləşdirir;

• Vətənə məhəbbət, azadlıq və müstəqillik ideallarına sədaqəti möhkəmləndirir və s.

Milli ideyanın təkmilləşdirilməsi ideoloji təhlükəsizliklə sıx bağlıdır. Belə ki, ideoloji təhlükəsizlik cəmiyyətin sabitliyinə və onun inkişafının əsasında dayanan dəyərlərə təhdid yaradan dağıdıcı ideologiyaların qarşısını alır. İdeoloji təhlükəsizlik xalqın milli kimliyinin mühüm elementləri olan adət-ənənələrin və milli-mənəvi dəyərlərin qorunub saxlanmasına kömək edir. Həmçinin milli maraqlara zidd olan ideologiyaların yayılmasının qarşısını almaqla xalqın vahidliyini möhkəmləndirir. İdeoloji təhlükəsizlik nə qədər güclü olarsa, milli ideyanın qarşısında dayanan hədəflərə uğurla nail olunur.

İdeoloji təhlükəsizliyə təhdidlər aşağıdakılardır:

• milli ideyaya zidd olan, cəmiyyətdə qeyri-sabitlik və münaqişələr yaratmaq niyyəti güdən ideoloji cərəyanları yaymaq cəhdləri;

• informasiya texnologiyalarından sui-istifadə etməklə mili-mənəvi dəyərləri və milli kimliyi aşındırmağa cəhd göstərilməsi;

• terrorçu təşkilatlarının və ekstremist qrupların radikalizmi təbliğ edən zərərli ideologiyalar vasitəsilə qarşıdurma yaratmaq niyyətləri;

• insanların ideoloji baxışlarını manipulyasiya etmək üçün psixoloji metod və vasitələrdən istifadə olunması və s.

Milli ideyanın təkmilləşdirilməsi: ənənələr və yeniliklər

Milli ideya cəmiyyətin inkişaf dialektikasına uyğun olaraq təkmilləşmə mərhələlərini keçir. Dövrün tələbləri və mövcud ictimai gerçəklik milli ideyanın ictimai-siyasi mühitə uyğunlaşmasını tələb edir.

Milli ideyanın təkmilləşdirilməsini şərtləndirən səbəblər aşağıdakılardır:

• milli ideya insanları ümummilli maraqlar ətrafında birləşdirir ki, bu da xalqın və dövlətin inkişafı üçün çox vacibdir;

• cəmiyyətin inkişaf səviyyəsindən irəli gələrək milli ideyanın qarşısında yeni hədəflər dayanır;

• milli ideyanın təkmilləşdirilməsi milli kimliyin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır;

• milli ideya vətəndaşların ictimai-siyasi proseslərdə yaxından iştirak etməsini stimullaşdırır;

• beynəlxalq aləmdə dövlətin nüfuzunun artmasında milli ideya mühüm rol oynayır;

• milli ideya özündə qlobal problemlərin həlli ilə bağlı strategiyaların işlənib hazırlanmasını, həyata keçirilməsini ehtiva edir və s.

Milli ideyanın təkmilləşdirilməsini şərtləndirən amillər sırasında modernləşmə prosesi xüsusi yer tutur. Modernləşmə milli ideyaya müxtəlif istiqamətlər üzrə təsir göstərir. Məsələn, texnoloji tərəqqinin yaratdığı dəyişikliklər nəticəsində ənənəvi dəyərlərə münasibətdə yeni yanaşmalar meydana gəlir. Bu halda milli ideyanın əsas vəzifəsi modernləşmənin gətirdiyi bütün xüsusiyyətləri deyil, yalnız xalqımızın mentalitetinə uyğun olan və mütərəqqi xarakter daşıyan dəyərləri əxz etməkdir. Milli ideyanın tərkib hissələrindən biri olan adət-ənənələrə gəlincə, qeyd etməliyik ki, məhz onların vasitəsilə ictimai şüurun kommunikativ funksiyasının yerinə yetirilməsi mümkün olur.

Milli ideyanın təkmilləşdirilməsi Azərbaycan xalqının ümummilli maraqlarını, milli-mənəvi dəyərlərini və sosial-iqtisadi şəraiti nəzərə alan balanslaşdırılmış yanaşma tələb edir. Bu məqsədlə qlobal çağırışların obyektiv qiymətləndirilməsi, innovasiyaların, elmin və təhsilin inkişafının stimullaşdırılması, mədəniyyətlərarası və dinlərarası dialoqun genişləndirilməsi və digər amillər vacib əhəmiyyət daşıyır.

Azərbaycanda milli ideyanın təkmilləşdirilməsini şərtləndirən əsas səbəblərdən biri də dünyanın ideoloji məkanda təsir dairələrini genişləndirməyə çalışan radikal ideoloji cərəyanların milli təhlükəsizliyə təhdidlər yaratmaq cəhdləridir. Müasir dünya mürəkkəb ideoloji ziddiyyətlərlə xarakterizə olunur, bəşəriyyət əvvəlki dövrlərlə müqayisə edilməyəcək dərəcədə heç bir sərhəd tanımayan qlobal problemlərlə qarşılaşır, dünyada sülh və harmoniya, əməkdaşlıq və qarşılıqlı etimad kimi dəyərlərə mənfi təsir göstərilir. Bu cür mənfi proseslərə qarşı siyasi-ideoloji mübarizənin aparılmasında milli ideyanın üzərinə böyük vəzifələr düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə