Fizioterapiya ilə müalicəyə necə başlanmalıdır? - HƏKİM İZAH ETDİ

“Oynaq çıxığı-oynaq başının hər hansı bir travma nəticəsində öz fizioloji yuvasından, öz hərəkət dairəsindən çıxması, sürüşməsidir. Bu zaman oynağı fiksasiya edən oynaq elementləri, vətərlər və bağlar zədələnir, oynaq kapsulu yırtılır”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.

O bildirib ki, oynaqdaxili və oynaqətrafı qanaxma olur: “Bu oynaqda ağrı, şişkinlik və hərəkət məhdudluğu yaradır, həmçinin oynağın konfiqurasiyası dəyişir. Trofiki zədələnmə oynaq ətrafında sinirləri də zədələdiyindən, bəzən əzələlərdə atrofiya, hipotrofiya inkişaf edir. İmmobilizasiya (hərəkətsizlik-sağalma) dövründə hipotrofiya daha da aktivləşir, oynaqda başqa problemlər yaranır.

Bəzən oynaq ətrafı bağlar və əzələlər çıxıqdan sonra tam müalicə olunmadığı üçün bu adəti xarakter alaraq, hər hansı bir səhv hərəkətdən təkrarlayan çıxıqlar baş verir. Bu halın baş verməməsi üçün vaxtında həkim fizioterapevtə müraciət olunmalıdır. Fiziki metodlarla müalicənin oynaq çıxıqlarında rolu çox böyükdür.
Fizioterapiya ilə müalicəyə xəstəliyin erkən mərhələsindən başlanmalıdır. Burada məqsəd qanaxmanın qalıqlarının (henatomanın) sorulması, iltihabi prosesin qarşısını almaq, şişkinliyi aradan qaldırmaq, ağrını götürmək və s. kimi nəzərdə tutulur. Gips sarğısı açıldıqdan sonra isə qan dövranının yaxşılaşdırılması, əzələlərin və oynağın funksiyasının bərpasına yönəldilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə