Bitki zərərvericiləri və xəstəlikləri heç bir sərhəd tanımır - AQTA sədrinin müavini

Əhalinin və ətraf mühitin sağlamlığının qorunması məqsədilə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla 238 adda yüksək toksikliyə malik pestisidlərin təsiredici maddələrinin ölkəmizdə tətbiqi və dövriyyəsi qadağan edilib. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva sentyabrın 24-də keçirilən Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyasının açılış mərasimində çıxışı zamanı söyləyib.

Z.Mustafayeva bildirib ki, bitki zərərvericiləri və xəstəlikləri heç bir sərhəd tanımır: “Belə qlobal problemlərin həlli Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiya (IPPC) və EPPO kimi beynəlxalq təşkilatların əvəzsiz fəaliyyətləri sayəsində mümkün olur. EPPO regionumuzda bitki mühafizəsi sahəsində əməkdaşlıqların və fəaliyyətlərin uzlaşdırılmasına məsul olan beynəlxalq təşkilatdır. Təşkilat tərəfindən bitki sağlamlığının qorunması, invaziv zərərli orqanizmlərin yeni ərazilərə keçməsi və yayılmasının qarşısının alınması üçün strategiyaların hazırlanması, zərərli orqanizmlərə qarşı müasir, təhlükəsiz və elmə əsaslanan effektiv mübarizə üsullarından istifadənin təşviq edilməsi olduqca əhəmiyyətlidir. Bu sırada təşkilatın məlumat xidmətinin təmin edilməsi və bitki karantini və mühafizəsi üzrə fitosanitar tədbirlərin tətbiqində səmərəli təcrübələrin üzv ölkələr arasında yayılması və regional standartların hazırlanmasını xüsusilə vurğulamaq lazımdır”.

O xatırladıb ki, Azərbaycan 2007-ci ildən EPPO-nun üzvüdür: “Agentliyin 2018-ci ildən fəaliyyətə başlamasına baxmayaraq, ötən dövr ərzində təşkilatın fəaliyyətində aktiv iştirak etməklə yanaşı, ölkə ərazisində vahid sağlamlıq konsepsiyasının, o cümlədən bitki sağlamlığının təmin edilməsi üçün zəruri və ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanda bioloji təhlükəsizliyin təmin edilməsi üçün qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığı sektorlarında riskləri, o cümlədən əlaqəli ekoloji riskləri təhlil edən və idarə edən siyasət və tənzimləyici çərçivələri əhatə edən strateji və inteqrasiya olunmuş yanaşma tətbiq edilməlidir. Burada bitki və heyvanlara zərər verən orqanizmlərin və xəstəliklərin introduksiyasını, geni dəyişdirilmiş orqanizmlərin və onların məhsullarının tətbiqi və təbiətə buraxılması, invaziv – yad növlərin və genotiplərin tətbiqi və idarə edilməsi əhatə olunmalıdır. Yəni kənd təsərrüfatının davamlılığı, qida təhlükəsizliyi və ətraf mühitin, o cümlədən biomüxtəlifliyin qorunması ilə birbaşa əlaqəli olan vahid konsepsiya hazırlanmalıdır. Bununla yanaşı, Agentlik tərəfindən qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, bitki sağlamlığı və bitki mühafizəsi vasitələrinin və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət sisteminin inkişafı, bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın gücləndirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, informasiya sisteminin müasirləşdirilməsi və digər əhəmiyyətli tədbirlər həyata keçirilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə