Bolnisidə gənclərə dostluğun əhəmiyyəti barədə məlumat verilib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Tuba Özütok Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ni ziyarət edib. SİA xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli əməkdaşlıq, dostluq münasibətləri, eləcə də gəncləri narahat edən mövzular, dövlət dilinə maraqlar və s. məsələlər müzakirə edilib.

Tuba Özütok bildirib ki, gələcək gənclərlə bağlıdır: “Savadlı, bacarıqlı, geniş dünyagörüşünə malik olan gənclər regionun inkişafında mühüm rol oynayacaq. Bunun üçün ana dili ilə yanaşı gürcü dilinin öyrənilməsi də vacibdir. TİKA gənclərə gürcü dilinin öyrənilməsi və Gürcüstan cəmiyyətinə inteqrasiyada dəstək göstərməyə hazırdır. Biz regionlarda fəaliyyət göstərən icmaların fəaliyyətini yüksək qiymətləndiririk. Gələcəkdə mərkəzlərlə qarşılıqlı əməkdaşlıq edərək birlikdə işləmək niyyətindəyik” - deyə, Tuba Özütok bildirib.

TİKA rəsmiləri həmçinin, Bolnisinin Aşağı Güləver kəndində fəaliyyət göstərəcək yeni mərkəzdə hazırlıq işləri ilə də tanış olublar. Qonağa “Xarıbülbül” maketi hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə