"Belə uşaqlar təhsildən yayınır, lazımi qidalanma və qulluqdan məhrum olurlar" - MÜNASİBƏT BİLDİRİLDİ

"Uşaqların istismarı uşaq hüquqlarının pozulması və ağır nəticələrə səbəb ola biləcək bir problemdir". Bu sözləri SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Bahar Həsənli deyib.

O bildirib ki, bu problemin aktual mövzuya çevrilməsi təəssüfləndirici haldır: "Valideynlər bəzən öz ehtiyaclarının ödənilməsi üçün uşaqlarını küçədə dilənçiliyə və yaxud satıcılıqla məşğul olmağa vadar edirlər. Belə uşaqların əksəriyyəti təhsildən yayınır, lazımi qidalanma və qulluqdan məhrum olurlar. Bu isə ağır nəticələrə gətirib çıxara bilər.

Ölkəmizdə bu problemin həlli üçün müxtəlif tədbirlər həyata keçirilir. Uşaq istismarına qarşı mübarizə gücləndikcə, bu istiqamətdə uşaq əməyinin statistik göstəricilərində də azalma müşahidə olunur.

Azərbaycan qanunvericiliyi uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən işlərdə uşaq əməyinin tətbiq edilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsində göstərilir ki, 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu problemin qarşısının alınması üçün öz səlahiyyətləri daxilində mütəmadi tədbirlər həyata keçirir, belə ailələrin problemləri ilə məşğul olur. Komitə tərəfindən davamlı olaraq hər il uşaq əməyinin istismarının qarşısının alınması və müvafiq sahədə qurumlararası işin təşkili məqsədilə yerli icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, eləcə də kiçik və orta bizneslə məşğul olan sahibkarlara təlimlər keçirilir və müzakirələr edilərək problemlərdən çıxış yolu barədə təkliflər toplanır".

"Həmçinin, Daxili işlər Nazirliyinin yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzinə səfərlər edilərək dilənçiliklə məşğul olan, küçə həyatına məruz qalan, eləcə də insan alverindən zərər çəkməsi ehtimal olunan uşaqlar və onların valideynləri profilaktik söhbətlər aparılır, sosial-məsləhət yardımları göstərilir, onların dövlət uşaq müəssisəsinə yerləşdirilməsi, təhsilə cəlb olunması, sənədlərinin bərpa olunması üçün tədbirlər həyata keçirilir.

Eyni zamanda, Komitənin və aidiyyəti orqanların təmsil olunduğu operativ qruplar vasitəsilə məlumat daxil olduğu təqdirdə bu cür halların qarşısının alınması istiqamətində təcili təxirəsalınmaz tədbirlər həyata keçirilir.Uşaqlar və onların valideynləri ilə profilaktik söhbətlər aparılır, təhsilə bərpa olunur.

Müvafiq dövlət orqanlarının birgə əməkdaşlığı çərçivəsində valideynləri olmayan uşaqlar dövlət uşaq müəssisəsinə yerləşdirilir. Qanun pozuntusu aşkar olunduğu təqdirdə valideynlər qanunvericiliklə məsuliyyətə cəlb olunurlar.

Onu da qeyd etmək istəyirəm ki, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlarla birlikdə “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsi həyata keçirilir. Məqsəd isə küçə mühitində olan uşaqların ailəsinə qaytarılması, təhsilə cəlb edilməsi, onlara psixoloji, sosial dəstək göstərilməsidir.

Ümumilikdə dövlət orqanları ilə yanaşı, cəmiyyətin bütün üzvləri bu problemin qarşısının alınması üçün çalışmalıdır və laqeyd yanaşmamalıdır. Bunun üçün də, Komitə tərəfindən maarifləndirici materiallar hazırlanır və əhalinin kütləvi olduğu məkanlarda, qatarlarda, metrolarda elan lövhələrində nümayiş etdirilir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə