Telefonun yedirtdiyi uşaqlar: bu gün və sabah

Müasir texnologiyanın həyatımıza daxil olması ilə baş verən dəyişikliklərdənuzun illərdir ki, danışırıq. Bu texnologiyanın “töhfəsi” olan telefonlar hər kəsin cibinə girdi-girmədi, qapısını “döydü-döymədi”, nə ailələr dağıldı, nə ayrılıqlar yaşandı, nə cinayətlər, xəyanətlər baş verdi, hər birimiz bunlarınşahidi olmuşuq.

Elə milli-mənəvi, ailə dəyərlərimizin günü-gündən əldən getməsi də bu texnologiyanın məhsulları-kompüter və smartfonlarla bağlı oldu. Bu vasitələrləfiziki və mənəvi aşınmaya məruz qalan insanların son halı isə göz önündədir. Təbii ki, onlardan düzgün istifadə etməyən insanlardan söhbət gedir. Əslində müasir texnologiyanın gətirdiyi internet aləmi, sosial şəbəkələr ondan yetərli və lazımi şəkildə istifadəedərkən faydalıdır. Lakin bunlardan xeyirinə istifadə edənlərin sayı zərərinə istifadə edənlərin sayından dəfələrlə azdır. Məhz elə buna görə də cəmiyyətin böyük əksəriyyəti kompüter və smatrfonların qurbanı olub.

Ən pisi: uşaqların da asılı vəziyyəti

Əksəriyyətimiz onsuz da kompüter və telefondan asılı insanlara çevrilmişik. Kompüter qarşısında övladlarımızın gözü kor olub, qaməti əyilib. Artıq bizim uşaqlıqda oynadığımız onlarla oyundan biri belə qalmayıb, hamısı unudulub. Kompüterlər uşaqlarımız üçün oyuncağa çevrilib. Təbii ki, biz buna göz yumduqca...

Gecə-gündüz telefonlar əlimizdə, yanımızda, hətta yatağımızdadır. Küçədə, parkda, ictimai nəqliyyatda gözümüzü telefondan bir saniyə belə ayırmırıq. Ətrafdakı gözəllikləri görə bilmirik bu səbəbdən. Nə baş verdiyini duymuruq. Hətta yardıma, köməyə ehtiyacı olan insanlara da artıq qayğı göstərə bilmirik. Çünki gözümüz də, diqqətimiz də telefondadır. Sosial şəbəkələrdən gələn mesajlara, oxuduğumuz xəbərlərə öz-özümüzə gülür, şadlanır, bəzən hirslənir, kövrəlir, acıqlanırıq telefona baxa-baxa. Bu da kənardan sözün həqiqi mənasında normal olmayan hal kimi görünür.

Evdə də beləyik. Telefon bizdən bir dəqiqə aralıda qalanda sanki bir itiyimiz itmiş kimi onu axtarır, tapır, baxmasaq da, yaxınlığa qoyuruq. Ən pis hal isə ondan ibarətdir ki, biz körpə övladlarımızı da telefona alışdırmışıq və bunun nə qədər zərərli olduğunu əsla düşünmədən həyata davam edirik. Uşaq ağladı, əlinə telefon veririk. Bir işimiz oldu və ya televizorda serialımızın vaxtı çatdı uşağı susdurmaq üçün telefonu əlinə verib bir kənara çəkilməsinə şərait yaradırıq. Və ən əsas məsələ, uşaq yemək yemir, telefonu əlinə veririk, ya hansısa bir oyunu, cizgi filmini, yaxud da Tiktoku açıb qoyuruq gözü qarşısına, o, baxır, bizsə onu yedirdirik. Əslində isə biz deyil, telefon onu yedirdir.

Tiktok və uşaqlar deyərkən...

Bu, faciədir, desəm, yenə azdır. Yaxşı, onu başa düşmək olar ki, uşaq yemir, ana da öz işi asanlaşsın deyə cizgi filmini açır, qoyur uşağın gözü qarşısına, uşağın orada başı qarışır, istər-istəməz ağzını açır, ana da bir qaşıq yemək qoyur ağzına. Bu qətiyyən düzgün hal olmasa da, hələ bundan da dəhşətliləri var. Bu günlərdə qarşılaşdığım bir hadisə kimi. Ana birbaşa Tiktoku açıb uşağın qarşısına qoymuşdu. Uşaq orada gəzməkdə, ana isə onu qaşıq-qaşıq yedirtməkdə idi. Bu mənzərədən dəhşətə gələrək anaya sual verəndə ki, bəs bunun nə qədər təhlükəli olduğunu bilirmi, cavab verdi ki, nə olacaq, ayrı şeylərə baxmır ki, hər dəfə nəyə baxırıqsa, o çıxır da qarşımıza.

Düzdür, Tiktokda ən çox nəyə baxırsansa, o silsilədən videolar sıralanır, bunu hamımız belə bilirik. Lakin Tiktokdaqarşılaşdığım bir vəziyyəti də anaya izah etməyə çalışdım ki, buna çox da arxayın olmasın. Deməli, iş yoldaşım televiziyakanallarından birində verilişdə çıxışı ilə bağlı bir video göndərmişdi mənə. Videonun linkinə toxunaraq ona baxmaq istəyərkən əxlaqi dəyərlərə, etik normalara sığmayan bir video özünü ortaya soxdu və az sonra baxmaq istədiyim videoya keçildi. Belə halla bir neçə dəfə qarşılaşmışam. Odur ki, arxayın olmaq olmaz ki, mənim uşağımın qarşısına bunabənzər videolar çıxmayacaq.

Anaya bunları danışmaqda da məqsədim bu rahat halına bir qədər narahatlıq qatmaq, övladını hansı təhlükə ilə üz-üzə qoyduğunu ona anlatmaq idi. Lakin neçə dəqiqə danışmağıma baxmayaraq hələ də söylədiyim qarşımdakı anaya çatmamışdı. O, hələ də uşağın əlində Tiktok sosial şəbəkəsinə daxil olmuş telefonla onu yedirdirdi. Onun hərəkəti mənə belə bir təsir bağışladı ki, burada ananın məqsədi boşqabdakı yeməyi nəyin bahasına olursa-olsun uşağın qarnına tökməkdir, başqa heç nə...

Məqsəd uşağı doyurmaq, yoxsa necə doyurmaqdır?..

Əlbəttə, məqsəd uşağı doyurmaq deyil, necə qoyurmaq olmalıdır. Onlarla ana iləqarşılaşmışam ki, uşağı o yedirtmir, telefon yedirdir.Belə ki, ana uşağa telefonsuz bir qaşıq yemək verə bilmir. Bəs bu, necə olur, maraqlıdır. Uşaq acmır, yoxsa anasının sonda telefona əl atacağını dəfələrlə sınaqdan keçirdiyi və bunaəmin olduğu üçün ağzına açmır...

Analar var ki, işini asanlaşdırmağın yollarını bax belə fikirləşib tapıb. Yeməyən uşağı həkimə aparmaq, təmiz havaya çıxarmaq əvəzinə, telefonu açıb qoyur uşağın qarşısına, bunun da qarşılığında uşaq ağzını açır. Beləliklə uşağın ilk tərbiyəsi səhv verilməyə başlayır. Birincisi, uşaq süfrə mədəniyyətindən uzaq düşür. İkincisi, uşaqda kiçik yaşından rüşvətxorluq kimi hisslər yaranır. Üçüncüsü isə telefon ana nələr bəxş edir, bunu düşünmək belə adama ağır gəlir.

Lakin bunların heç birini nəzərə almayan, bəlkə də düşünməyən analar var ki, o, yalnız öz işinin asanlığı qayğısına qalır: necə edim ki, uşağın qarnı doysun, gedim digər işlərimin ardınca və yaxud əyləşim televizor qarşısında serialları rahatlıqla izləyə bilim.

Bizim mental, ailə dəyərlərinə bu seriallar zərbəni zərbə ardınca endirmirmi? Milli dəyərlərimizə, cəmiyyətimizə, tərbiyə və əxlaqımıza uyğun olmayan bu seriallaronlarla ailənin dağılmasının, bir-birini sevən gənclərin ayrılmasının səbəbi deyilmi? Yaxşı yaşamaq, bahalı maşınlarda gəzmək, gözəl evlərdə yaşamağı, dəbdəbəli geyimi, moda ilə ayaqlaşmağı təbliğ edən bu seriallar gənc nəslə nə verir, bu barədə düşünən olubmu?

Bəs uşağı ilə əylənmək, vaxt keçirmək, onu gəzintiyə aparmaq, təmiz havaya çıxarmaq əvəzinə, onları kompüter qarşısında şikəst olmağa sövq edən, əlinə telefon verib gələcəyini puç edən, serialları övladının sağlamlığından üstün tutan analar necə, bircə dəfə bu barədə düşünüblərmi? Onlara kənardan ağsaqqal-ağbirçəklər, özlərindən böyüklər məsləhət verəndə necə, heç düşünmürlər? Bugünkü mənzərələr “deyir” ki, bəli, onlar bütün məsləhət və tövsiyələri qulaqardına vururlar...

Telefonlar yedirdir, lakin nə yedirdir?..

Beləliklə, heç olmasa, onu bilək ki, hansısa xəstəlik, sosial vəziyyətlə bağlı yemək istəməyən uşaqları həkimə, psixoloqa aparmaq lazımdır. Nəinki onun əlinə telefon verib, kompüter qarşısına qoymalıyıq. Telefonun əlindən alınması, kompüterin qapadılması hissi uşağın yeməyi çeynəmədən, diri-diri udması, necə deyərlər, canını bizdən qurtarması ilə nəticələnir. Bu isə onun sağlamlığına əllərimizlə vurduğumuz zərbədir.

Qaldı ikinci-mənəvi zərbəyə, bunu bilək ki, telefon onu yedirdir, lakin nə yedirdir, bu, illər sonra üzə çıxacaq. Bu zaman xəstəxana-xəstəxana gəzən də biz olacağıq. Övladımızın tərbiyəsi yerində olmayanda, bağçada, məktəbdə özünü layiqincə apara, cəmiyyət üçün yararlı vətəndaşa çevrilə bilməyəndə, bütün bunların əziyyətini biz çəkəcəyik, xəcalətli olacağıq.

Ümumilikdə isə yetişdirə bilmədiyimiz övladımıza hər baxanda telefonun, sosial şəbəkələrin, vahimə, qorxu təbliğ edən cizgi filmlərinin yaratdığı yeni bir “insan” dayanacaq gözlərimiz qarşısında. Həmin zaman telefonun övladımıza nə yedirdiyinin fərqinə varacaq və onların gözlərində donub qalan bir suala cavab axtarmalı olacağıq: bizi dünyaya nə üçün gətirmisiniz?..

Bütün bunlar qarşısında aciz, gözüyaşlı qalmamaq üçün uşaqları telefon, kompüterlərdən uzaq tutaq, əziz ana-atalar. Bunu gələcəyimiz olan uşaqların cəmiyyət üçün layiqli vətəndaş olması naminə bacarmağa çalışaq.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə