"Vətənpərvərliyi uşaqlara başqa formada izah etmək lazımdır" - AYDINLIQ GƏTİRİLDİ

“Soyqırımı, faciə kimi hadisələr uşaqlara danışılarkən onların sırf yaşlarına deyil, fərdi olaraq uşağın qavrama imkanlarına fikir verilməlidir. Ümumilikdə isə təxminən 8+ yaşda bu cür məlumatların verilməsi daha məqsədə uyğundur. Təəssüflər olsun ki, bəzi məktəbəqədər təhsil müəssisələri və məktəbin ibtidai siniflərdə uşaqlara faciə və soyqırımılarla bağlı məlumatlar tam detallı və açıq şəkildə verilir. Kiçik yaşda uşaqların ölüm və vətən haqqında təsəvvürləri olmadığından bu cür ifadələr onlar üçün böyük bir müəmma olur. Müəmma isə hər zaman vahimə doğurur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

O bildirib ki, uşaqlara ölüm haqqında məlumat verərkən, öncə uşağın ölümün nə olduğunu anlayacaq yaşa gəlməsini gözləmək lazımdır: “Əks təqdirdə gələcəkdə əsəb gərginliyi, panik atak, təşviş pozuntusu kimi problemlərdən şikayətlənməyə başlanılır. Məsələnin kökündə isə məhz uşaqlıqda eşitdiyimiz müəmmalar və qorxular dayanır. Bir çox psixoloji qorxular ölüm qorxusu ilə bağlıdır.

İkinci məsələ isə uşağın Vətən anlayışını və insanların nəyin “dava”sını apardığını anlaya bilməməsidir. Buna görə də bu cür məsələləri uşaqlara izah edərkən son dərəcə diqqətli olmalıyıq. Hansı ki, məhz həmin problemlərin ağır nəticələrini çox görürük.

Kiçik yaşda uşaqlara faciə və soyqırımı ilə bağlı açıq şəkildə məlumat verərkən, onları vətənpərvər bir vətəndaş olaraq yetişdirmir, əksinə gələcək üçün psixoloji problemli xəstə yetişdiririk. Vətənpərvərliyi uşaqlara başqa formada izah etmək lazımdır. Müəllimlər və ailələr bu məsələdə xüsusilə diqqətli olmalı, uşağın nələri qavraya biləcəyini anlamalıdırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə