"Öz-özünə danışma şiddətli hala çevrilərsə, yardım almaq tövsiyə olunur" - PSİXOLOQ XƏBƏRDARLIQ ETDİ

"Öz-özünə danışmaq, insanın daxili dünyasını ifadə etmək, problemlərini düşünmək və ya rahatlamaq üçün etdiyi davranışdır. Bu zaman şəxs, səsli şəkildə ifadə etdiyi duyğu və düşüncələrini başqasına yönləndirmir. Bu cür davranış, bəzi insanlar üçün günlük vərdişə çevrilmiş ola bildiyi kimi bəzi şəxslərdə isə gərgin və stresli vəziyyətdə üzə çıxmaqdadır". Bu barədə SİA-ya açıqlamasında EDA Terapiya Psixologiya Mərkəzinin Psixoloqu Ayşən Bayramova deyib.

Psixoloqun sözlərinə görə, xüsusilə, qərarvermə müddətində və ya bir problemə həll yolu axtararkən insanlar, daxili səslərini xaricə yansıdaraq, düşüncələrini dəqiqləşdirməyə çalışa bilirlər: "Uşaqlar yetişkinlərdən daha çox öz-özünə danışırlar. Çünki uşaqlar, düşüncə, istək, duyğularını basdıra bilmir və onları səsli şəkildə dilə gətirirlər. Hirsləndiklərində, sevindiklərində, kədərləndiklərində bunu gizləyə bilməyərək, ifadə edirlər. Eyni zamanda, öz-özünə danışma, uşağın yeni qavramları öyrənməsini asanlaşdırır və onlara davranışlarını yönləndirmə imkanı verir. Böyüdükcə isə bu hal daha kontrollu vəziyyətə keçməyə başlayır".

A.Bayramova bildirib ki, danışmaq və düşünmək proseslərində beyinin işləmə mexanizmi fərqlidir: "Düşünmək çox zaman çıxılmaz dövrəyə çevrildiyi halda danışan zaman isə problemlər daha yaxşı başa düşülür, həll yolları tapılır və rahatlama baş verir. Öz-özünə danışma bəzən də məşq prosesi kimi həyata keçirilə bilir. Edəcəyi təqdimatı, müdir ilə ediləcək söhbəti və ya sevdiyi adama ürəyini necə açacağını öz-özlüyündə dəfələrlə təkrar etməni buna nümunə olaraq göstərmək olar".

Psixoloq sonda qeyd edib ki, burada önəmli məqam, bu tərz danışığın hər hansı eşitmə və ya görmə hallüsinasiyasına bağlı olmadan baş verməsidir: "Nəticə olaraq, öz-özünə danışma, daxili dünyanın ifadə olunması, düşüncələri sistemləşdirmək və streslə başa çıxmaq üçün insanlara yardım etsə də, bu vəziyyət davamlı və şiddətli hala çevrilərsə, professional yardım almaq tövsiyə olunandır".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə