Azərbaycan şərabları hansı texnologiya ilə hazırlanır? - SORĞU

Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İkinci Üzüm və Şərab Festivalı keçirilib. 25-26 noyabr tarixlərində keçirilən festivalda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərablar nümayiş etdirilib və dequstasiya imkanı yaradılıb. Festivalda 2 gün boyunca müxtəlif əyləncəli-musiqili proqramlar təşkil olunub. SİA festivalda nümayiş olunan şərablar barədə rəhbər şəxslər arasında sorğu keçirib.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva: “Azərbaycanda artıq ikinci dəfədir ki, Üzüm və Şərab Festivalı keçirilir. Bu festival ilk dəfə 2019-cu ildə təşkil olunub. Bu dəfəki festivalın əsas təşkilatçıları Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətidir. Festivalda 20 yerli şərab istehsalçısının növbənöv çeşidli şərabları nümayiş olunur. Eyni zamanda, sərgi, yarmarkalar, masterklaslar, uşaqlar üçün nəzərdə tutulmuş ərazi də festivala daxildir. Festivalın əsas məqsədi ölkədə şərab turizminin inkişafına bir töhfə vermək, şərab ixracı və istehsalını təşviq etməkdir. Ümumiyyətlə, Azərbaycan qədim üzümçülük məkanı kimi tanınır. Burada üzümçülüyün olması birbaşa şərabçılığın da yaranmasına təkan verir. Azərbaycan daim Qafqazda özünəməxsus şərabları ilə seçilib. Hələ sovet dövründə də Azərbaycanda kifayət qədər üzüm plantasiyaları var idi. Məqsədimiz Azərbaycanı şərabçılıq destinasiyası kimi tanıtmaq, həm də şərabçılıq ənənələrini canlandırmaqdır. Bu festivalda uzun illərdən sonra ilk dəfə Qarabağın Tuğ ərazisində becərilən Xındoqnı sortundan hazırlanan şərabların təqdimatı keçirilir. Xındoqnı qədim və yerli üzüm sortudur. Bu, ötən əsrin 80-ci illərində Qarabağda becərilən üzüm sortlarının 85-90%-ni təşkil edirdi. Şükürlər olsun ki, Vətən müharibəsindəki qələbədən sonra çox qısa müddətdə Tuğ və onun kəndlərində olan üzüm bağları bərpa olunaraq onlardan “Xındoqnı” şərabını almaq mümkün oldu”.

“Şərq Ulduzu” şərab zavodunun şərabçısı Müşfiq Əsgərov: “Ağ və qırmızı üzüm şərablarının hazırlanma texnologiyaları bir-birindən fərqlənir. Ağ üzüm bağdan dərilir və birbaşa sıxılmaya göndərilir. Sıxılmadan sonra onun şirəsi qıcqırmaya gedir. Amma qırmızı üzümü bağdan topladıqdan sonra gilə və qabığı ilə birlikdə qıcqırmaya göndərirlər ki, öz rəngini şəraba versin. Lakin açıq çəhrayı rəngli “Rose” şərab növü də var ki, qırmızı üzümün ağ üzüm texnologiyası ilə hazırlanmasından əldə olunur. Qırmızı üzümün qıcqırıb sıxılma müddəti təxminən 10-15 gündür. Ağ üzüm isə birbaşa qıcqırmaya göndərildiyi üçün daha tez müddətdə başa gəlir. Ümumilikdə isə ağ üzüm 1 il, qırmızı üzüm isə 1 il yarım və ya 2 il müddətinə hazır olur. Saxlanma müddətinə gəldikdə isə quru şərabları çox uzun müddət saxlamaq olmaz. Ən uzağı 2-3 il ərzində quru şərablar içilməlidir. Amma desert şərablar nə qədər çox saxlanılsa, bir o qədər yetişmiş olur”.

Şərabçı-texnoloq Ağamir Hacıyev: “Üzümlər Şamaxı dağətəyi zonalarda yetişdirilir, daha sonra İsmayıllı Ajamis MMC-də şərab istehsal olunur. Bizim şərablar mədrəsə üzüm növündən klassik texnologiya ilə hazırlanır. Tamamilə təbii şəkildə olur, heç bir kənar inqidentdən istifadə olunmur. Qiyməti isə 40 manatdır. Hələ ki bu şərab növü sadəcə Azərbaycanda təqdim edilir. Amma çox güman ki, yaxın zamanlarda xaricə çıxışı təmin edəcəyik.

Ümumi şərabçılıq sənayesində tətbiq olunan texnologiyalar var. Ancaq sırf texnoloqun özünə məxsus olan müəyyən texnologiya sirləri var. Həmin sirlər sayəsində şərabların özünəməxsus dadları olur. Mən 1985-ci ildə Texnologiya İnstitutunu bitirmişəm. Təxminən 15 ilə yaxın bir müddətdir ki, şərabçılıq sənayesində çalışıram. Bugünkü gündə ixtisasım üzrə bacarıqlarımı nümayiş etdirərək həm daxili, həm də xarici turistlərin bəyəndiyi şərab növünü istehsal edirəm”.

Texniki elmlər doktoru, professor Vüqar Mikayılov: “Bizim qurum İmişlidə yerləşir və adı son 3 ildə “Baxus”a çevrilib. Şərab allahının adı “Baxus”a çevrildikdən sonra istehsal gücü artırılıb. Vodka, konyak, viski və müxtəlif şərablar qablaşdırılaraq satışa verilir. İstehsal olunan içki çeşidlərimiz günü-gündən artır. Gələcək illərdə də yeni içkilərimiz satışa çıxarılacaq. Bizim üzüm bağlarımız olmadığı üçün üzümləri digər zavodlardan seçmə üsulu ilə alırıq. Amma viski istehsal etmək üçün spirt seximiz, konyak seximiz mövcuddur. Yəni, aldığımız şərablardan konyak spirti də çəkirik. Viskinin saxlanma müddəti məhdud deyil. Əgər saxlanma şəraitinə əməl olunursa, şərabların qocalma müddətinə görə onları istifadə etmək mümkündür. Məsələn, mədrəsə üzümünü 15 ilə qədər saxlamaq olur. Lakin bayanşiran üzümünü 3-5 il ərzində saxlamaq olar, çünki tez qocalır”.

“Göygöl” şərab zavodunun regional üzrə baza rəhbəri Vüqar Qasımov: “Ölkə ərazisində XIX əsrin 60-cı illərindən bəri fəaliyyət göstəririk. “Göygöl” şərab zavodu demək olar ki, Azərbaycanda ən böyük şərab zavodudur. Əkin sahəsinin böyük olduğunu nəzərə alaraq istehsalat sahəsi də böyükdür deyə bilərik. Ölkə ərazisində həm şərab, həm də spirt satışını həyata keçiririk. Zavodumuzun texnoloqu uzun müddət Rusiyada satış təcrübəsi qazanmış Nadejda xanımdır. Yəni, bütün şərablarımız yüksək texniki səviyyədə hazırlanır. Hətta “Qarabağ” şərablarımız da var ki, Moskvada təşkil olunmuş “Predoq” sərgisində qızıl medala layiq görülüb”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə