Qaynana-gəlin, yoxsa mehriban düşmənlər? - ARAŞDIRMA

İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin. Hər ikisi üçün sevimli və əziz olan sadəcə bir nəfərdir. Bu kişi, həmin qadınlardan birinə görə, böyüdüb boya-başa çatdırmaq üçün əlindən gələni əsirgəmədiyi, şəfqət və mərhəmətlə əzizlədiyi, haqqında xəyallar qurduğu oğul; digərinə görə isə, ömür yolunu birgə addımlayacağı, həyatını bölüşəcək yeganə könül həmdəmi − həyat yoldaşıdır. Qaynana-gəlin münasibətləri ailə daxilində aktuallığını itirməyən və daima gündəmdə olan məsələlərdəndir. Bəs niyə qaynana-gəlin mehriban düşmən kimi qələmə veririlir? Bu münasibətləri necə tənzimləməli? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Qaynana-gəlin münasibətləri sadəcə iki nəfərə təsir edir?
Dəfələrlə “bu mənim həyatımdı, heç kim qarışa bilməz”, “həyatımı istədiyim kimi yaşayaram və buna görə də heç kimə hesab vermək məcburiyyətində deyiləm” kimi ifadələrlə qarşılaşırıq. Bu tərz fikirlər şəxsi məsələlər haqqında deyildiyi təqdirdə məqbul sayılsa da, cəmiyyətlə əlaqəli mövzularda deyildikdə məsuliyyətsizlik kimi qəbul olunur.

Qaynana-gəlin münasibətləri də iki əsas üzərində dayanır. Bunlardan biri şəxsi məsələlərə aiddir, digəri isə cəmiyyətlə əlaqəlidir. Belə ki, qaynana və gəlin arasındakı mübahisə böyüyüb münaqişəyə çevrildiyi təqdirdə, oğlan/ər nə edəcəyini bilmir, uşaqlar və yaxın qohumlar isə bundan təsirlənir. Belə münaqişələrin yaşandığı ailələrdə böyüyən uşaqlar qohumlar ilə münasibətdə problemlərlə qarşılaşır, üstəlik gələcəkdə öz ailələrində gördüklərini tətbiq etməyə çalışırlar. Hələ dünyanı yenicə dərk edən uşaq üçün ən çox sevdiyi iki insandan biri anası, digəri də nənəsidir. Bu iki sevdiyi insanın bir-birilə yola getmədiyini görən uşaq böyüyəndə bir çox insanla yola gedə bilməyəcəyi düşüncəsinə qapıla bilər ki, bu da uşağın sosiallaşmasına maneədir. Qarşılıqlı münasibətlər şüur altına yerləşir və həmin uşaq böyüyüb ailə qurandan sonra gördüklərini öz ailəsinə və ya qaynanasına tətbiq etməyə çalışır. Belə davam edərsə bu nəsildən-nəslə keçməyə başlayar. Məsələyə bu prizmadan nəzər salanda iki qadın (qaynana-gəlin) arasındakı münasibətin və bunun düzəldilməməsinin cəmiyyət üçün necə böyük fəsadlara səbəb olduğunu görə bilərik.

Üstəlik ətrafındakı qaynana-gəlin arasındakı münasibətlərə şahid olub evlənmək fikrindən daşınanların sayı da az deyil. Bəzən də elə olur ki, həmin münaqişələrə şahid olub evlənənlər arasında eyni münaqişələr təkrarlanır.
Bütün bunlar onu göstərir ki, qaynana və gəlin arasındakı soyuq münasibət kişi də daxil olmaqla hər üç tərəfə öz mənfi təsirini göstərir və onların ictimai fəallığını azaldır. Çünki insanın yaşadığı neqativ duyğular və depressiya onun sağlamlığına və həyat eşqinə öz mənfi təsirini göstərir.

Nə üçün mübahisə baş verir?

Niyə iki şəxs arasında mübahisə düşür? Bunun bir neçə səbəbi var. Münasibətlərin münaqişəyə çevrilməsi: Əslində tərəflər arasındakı mübarizə güc mübarizəsidir. Yəni hər iki qadın-qaynana və gəlin əhəmiyyət verdikləri kişiyə sahib olmaq, onun üçün əvəzolunmaz görünmək və bunu isbat etmək istəyir. Bu, bir mənada daxildə gizlənən “eqo”nun rahat olmasıdır. Belə düşüncələrin nəticəsi olan yersiz qısqanclıqlar ailə fərdlərinə öz mənfi təsirini göstərir və onlar arasındakı bağları qoparır.

Yanlış düşüncələr: İnsanların bir-birinə xor baxmağının səbəblərindən biri də yanlış düşüncələrdir. Elə buna görədir ki, çoxları bəzən mənfi düşüncələrin təsirilə sui-zənnə (bədgümana) qapılaraq, əslini araşdırmadan yanlış qərarlar verirlər.

Münaqişədən qaçmaq üçün nə etməli?
Qarşılıqlı anlayış, bir-birini başa düşmək, kaprizlərdən uzaq xarakter və empatiya qaynana-gəlin münasibətlərindəki əsas faktorlardandır. Ailədaxili problemlərin ortaya çıxmaması üçün hər iki tərəf bunlara riayət etməyə çalışmalıdır. Gündəlik həyatda qarşılaşılan kiçik problemlər, anlaşılmazlıqlar, umu-küsülər qarşı tərəfi incitməyəcək tərzdə dilə gətirilməli, deyilməli, danışılmalıdır. Əks təqdirdə həmin kiçik problemlər böyüyərək sonradan düzəldilməsi çətinləşən mübahisələrə, dedi-qodulara, dava-dalaşa və qarşılıqlı nifrətə səbəb olar. Ancaq elə etmək lazımdır ki, aradan pərdə qalxmasın. Aradakı pərdə qalxdıqdan sonra deyilən sözün təsiri olmur.

Bundan əlavə ailə həyatı qurmaq istəyən tərəflər kənar təsirlərə (xüsusilə qeybət və dedi-qoduya) əsla əhəmiyyət verməməli, bunlara qarşı bütün “qapı”ları bağlamalıdırlar. Üstəlik başqası haqqında sui-zənnə qapılmamalı, bədgüman olmamalıdırlar. Valideynlər yeni qurulan ailənin müstəqil yuva (qurum) olduğu da yaddan çıxarılmamalı, lazım gəldikdə onlara arxa-dayaq olmalıdır. Bütün bu sadalananlardan əlavə üç tərəfin də üzərinə düşən müəyyən öhdəliklər var.

Qaynana gəlin, ailə böyükləri ilə gənclər arasında münasibətlər necə tənzimlənməlidir? Bu barədə psixoloq Vəfa Rəşidova ətraflı məlumat verib: “Bu problem hər zaman olub, var və daim olacaq. Yaşlı nəsillə gənc nəslin fikri üst-üstə düşməyə bilər. Bu normaldır, qəbul etmək lazımdır. Yaşlı nəsil hər şeyi dünyanı gördüyü kimi oğlunu və gəlinini elə görmək, idarə etmək istəyir. Amma insan olan yerdə daim yenilik və dəyişim var. Hər kəs anlamalıdır, dünyada daim inkişaf gedirsə, insanlar da dəyişir, onların fikirləri, dünyaya baxışı fərqliləşir. Gənc və yeni ailə qurmuş insan hər şeyin gözəl olmasını istəyir. İnsanlar yaxşı yaşamaq, ailəsini özü kontrol etmək evinin müasir dizaynda olmasını istəyir. Bu böyüklərə hörmətsizlik deyil.

Sadəcə, insanın öz istəklərini reallaşdırmasıdır. Böyüyə hörmət adı ilə gənclər hüquqlarını itirməməli, istəklərinin üzərindən xətt çəkməməlidir. Biz elə başa düşürük ki, öz istəklərimizdən, zövqlərimizdən, arzularımızdan böyüklərə, yaşlılara görə keçməliyik. Bu hörmət deyil. Böyüklərə, qayınana-qayınataya hörmət belə deyil. İnsanlar aralarındakı məsafələri qorumalıdır. Aradan pərdə götürüləndə qıcıqlıq yaranır, davalar başlayır, iş məhkəmədə boşanma ilə bitir. Ailəyə qayınana-qayınata müdaxilə edəndə bəy gəlinin gözündə avtoritet ola bilmir, gəlinin gözündən bəy düşür, xəyalındakı qəhrəman qəhrəmanlığını itirir. Düşünür ki, bəy özünü müdafiə etmək, sözünü deyə bilmə gücünə malik deyil. O zaman bu problemlər ortaya çıxır. Hər xanım istəyir ki, öz ailəsi olsun, ailəni həyat yoldaşı ilə özü idarə etsin. Biz hörmətlə öz seçimlərimizi həyata keçirməyi ayırmalıyıq. İstəməzdim ki, qayınana faktoruna görə ailələr dağılsın. Çünki gənc ailə səriştəsiz olur, problemlərdən özü çıxmaq, güclənmək istəyir. Kənar müdaxilələr isə buna imkan vermir. Sivil düşünmək lazımdır.

Hər zaman gəlin və qayınana-qayınata və gənc ailə məqamlarında sivil davranmaq lazımdır. Hörməti və aradakı pərdəni qorumaq lazımdır. Biz hörmətin nə olduğunu anlamalıyıq".

Qaynana gəlin münasibətləri barədə Quranda nə deyilir?

Gəlin, qaynana istərsə onunla, istərsə ayrı yaşaya bilər. Gəlinin qaynana ilə bir evdə yaşamaq məcburiyyəti, qaynana və qaynataya baxmaq məsuliyyəti yoxdur. Dində belə bir şeyi əmr edən hər hansı bir ayə və ya hədis yoxdur. Ər özünün, gəlin özünün ata-anasına baxmalıdır.

"Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!

Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"- de. (İsra, 23-24)

Ümumiyyətlə əksər hallarda ərinə yaxşı davranan və ana qədrini bilən qadınlar, öz qaynanasına da yaxşı davranır, pis davrananlar isə pis davranır.

Əlavə olaraq böyüklərə hörmət etmək və onlarla yaxşı rəftar etmək İslam dini tərəfindən tövsiyə edilən yaxşı davranışlardan biridir. Peyğəmbərimiz (s. a. v.) belə demişdir:

"Balacalarımıza mərhəmət etməyən, böyüklərimizə də hörmət etməyən bizdən deyil"

Bu baxımdan müsəlmanların himayəyə möhtac olan böyüklərinə, əsasən qaynata və qaynanalarına baxmağı və onların ehtiyacları ilə maraqlanmağı İslam dini tərəfindən məqbul bir iş hesab olunur. Bunun savabı da böyükdür. Amma yuxarıda qeyd etdiyimiz kimi, bu məsələ ilə əlaqədar hər hansı bir əmr yoxdur. Ata-anasına baxmalı olan insanlar onların övladlarıdır. Bu məsələdə kişilər arvadlarına təzyiq göstərməməlidirlər. Əksinə, öz valideynlərinin ehtiyaclarını şəxsən özləri ödəməli, bu məsələdə fədakar olan xanımlarını da təqdir etməli, onların qiymətini bilməlidirlər. Xoşbəxt ailə, qarşılıqlı sevgi və hörmət üzərinə qurulur.

Qaynana gəlin münasibətləri barədə maraqlı faktlar

- Qayınanası ilə bir evdə yaşayan qadınlarda stress əlamətlərinin daha tez əmələ gəldiyi sübut edilib. Elmi araşdırmalar qayınanaların ürək xəstəliklərinə səbəb ola biləcəyini üzə çıxarıb. Alimlərin sözlərinə görə, böyük ailədə yaşayan qadınların ciddi ürək xəstəliklərinə tutulma riski digər qadınlara nisbətən 3 dəfə çoxdur.

- Evdə həm bir qız övladı, həm də ana rollarının stressi ilə yaşamaq, qan təzyiqinin yüksəlməsinə və hətta şəkər xəstəliyinə səbəb ola bilərmiş. Ailə həyatının sağlamlığa təsirini ölçmək üçün aparılan araşdırmada təxminən 91 min sağlam, orta yaşlı qadın və kişi iştirak edib.

- Aparılan bu araşdırmalar ərzində 671 nəfərdə ürək-damar xəstəlikləri qeydə alınıb. Onlardan 339-u məhz ürək xəstəliklərindən, 6255-i isə digər səbəbdən dünyasını dəyişiblər. Eyni zamanda, yalnız öz həyat yoldaşları ilə yaşayan qadınların ürək-damar xəstəliklərinə tutulma riskinin, daha geniş ailədə yaşayan qadınlara nisbətən daha az olduğu üzə çıxıb.

- Alimlər bunun səbəbini geniş ailələrdə yaşayan qadınların stress ucbatından siqaret, içki kimi alışqanlığa meylliyi həmçinin qadının ailədə qaynana, qayınata, baldız, həyat yoldaşı kimi özündən nüfuzlu ailə üzvlərinə qarşı davranışlarda tez-tez rollara girmək məcburiyyətində qalması ucbatından daha çox stressə düşdükləri üzündən ürək xəstəliklərinə tutulmaları ilə izah edib.

- Qayınanası ilə bir evdə yaşayan qadınlarda stress əlamətlərinin daha tez əmələ gəldiyi sübut edilib. Elmi araşdırmalar qayınanaların ürək xəstəliklərinə səbəb ola biləcəyini üzə çıxarıb. Alimlərin sözlərinə görə, böyük ailədə yaşayan qadınların ciddi ürək xəstəliklərinə tutulma riski digər qadınlara nisbətən 3 dəfə çoxdur.

- Evdə həm bir qız övladı, həm də ana rollarının stressi ilə yaşamaq, qan təzyiqinin yüksəlməsinə və hətta şəkər xəstəliyinə səbəb ola bilərmiş. Ailə həyatının sağlamlığa təsirini ölçmək üçün aparılan araşdırmada təxminən 91 min sağlam, orta yaşlı qadın və kişi iştirak edib.

- Aparılan bu araşdırmalar ərzində 671 nəfərdə ürək-damar xəstəlikləri qeydə alınıb. Onlardan 339-u məhz ürək xəstəliklərindən, 6255-i isə digər səbəbdən dünyasını dəyişiblər. Eyni zamanda, yalnız öz həyat yoldaşları ilə yaşayan qadınların ürək-damar xəstəliklərinə tutulma riskinin, daha geniş ailədə yaşayan qadınlara nisbətən daha az olduğu üzə çıxıb.

- Alimlər bunun səbəbini geniş ailələrdə yaşayan qadınların stress ucbatından siqaret, içki kimi alışqanlığa meylliyi həmçinin qadının ailədə qaynana, qayınata, baldız, həyat yoldaşı kimi özündən nüfuzlu ailə üzvlərinə qarşı davranışlarda tez-tez rollara girmək məcburiyyətində qalması ucbatından daha çox stressə düşdükləri üzündən ürək xəstəliklərinə tutulmaları ilə izah edib.

Əslində, qaynananızla yaxşı münasibət qurmaq heç də çətin deyil. Yaxşı gəlin-qaynana münasibəti qurmanız üçün bir neçə ipucu!

  • Ondan daha dadlı yemək bişirməyə cəhd etməyin. Qoyun yoldaşınızın həyatında ən gözəl yemək bişirən qadın olaraq anası qalsın.
  • Bəzi alış-verişlərdə xüsusilə onunla getmək istədiyinizi bildirin, əsasən, mətbəxlə əlaqəli alış-verişlərə.
  • Oğlu ilə baş-başa vaxt keçirməyi özlədiyini düşünərək bəzən buna planlı və səmimi şərait yaradın.
  • Hər görüşdüyünüzdə bir tərif edin amma çox yox. Süni və qeyri-səmimi olmayın.
  • Getdiyiniz hər istirahətdən ona balaca da olsa bir hədiyyə alın.
  • Arada ona özəl yeməklər hazırlayın və evinizə dəvət edin.
  • Xoşbəxt bir evlilik necə qurulur mövzusunda onun təcrübələrindən yararlanın.
  • Özəl günlərini unutmayın, 8 Mart, ad günüləri və s.
  • Ana demək üçün nə tələsin nə də gecikin. Bunun üçün ən uyğun vaxtı gözləyin.
  • Fikirlərinə önəm verdiyinizi göstərin.
  • Ən önəmlisi oğlunu çox xoşbəxt edin!

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə