Vətən Müharibəsi Fondu şanlı tariximizin təbliği və tədqiqi istiqamətində - MÜSAHİBƏ
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümovun SİA-ya müsahibəsini təqdim edirik:
- Vətən Müharibəsi Fondu necə və hansı məqsədlə yarandı?
- Bildiyiniz kimi, 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan dövlətinin uzun illərdən bəri işğalda qalmış torpaqlarının azad edilməsi üçün böyük bir oyanış yarandı. Həmin ilin sentyabrında düşmənin Azərbaycan ərazisinə atdığı artilleriya atəşinə cavab olaraq ordumuz geniş əks-hücum əməliyyatlarına başladı. Nəticədə tariximizə 44 günlük müharibə kimi yazılan və Şuşanın alınması ilə Zəfər gününə qovuşan bir hadisə baş verdi. Bu müharibə nəticəsində bizim torpaqlarımız işğaldan azad edildi. Bu məsələ ölkəmizin ayrı-ayrı qurumlarında müxtəlif cür işıqlandırılmağa başlandı. Bununla əlaqədar Azərbaycanda ictimai-siyasi, mədəni tədbirlər baş verdi. Bunlardan biri də Milli Azərbaycan Tarixi Muzeyində oldu. Belə ki muzeyin elmi şurasının qərarı ilə 2021-ci ilin yanvar ayından başlayaraq Vətən müharibəsində şəhid və qazi olmuş şəxslərin əşyalarından, həmçinin ordumuz tərəfindən ələ keçirilmiş qənimətlərdən ibarət sərgilərin təşkili məsələsi gündəmə gəldi. Sərgilər qısa müddətdə muzeyin əməkdaşları tərəfindən təşkil edildi. Bu sərgilər üçün toplanmış materiallar əsasında Vətən Müharibəsi Fondu yaradıldı. Vətən Müharibəsi Fondu 2021-ci ilin fevral ayından etibarən Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyətə başlayıb. Fond materialları əsasında "Anadır arzulara hər zaman Qarabağ!" sərgi quruldu. Daha sonra fonda daxil olmuş digər materiallar ilə bu sərginin yenidəntəşkili baş tutdu. Bütövlükdə sərgidə 200-dən çox şəhid və 20-ə yaxın qazimizə aid materiallar yer alıb. Həmçinin, Vətən Müharibəsində iştirak etmiş güc qurumlarının, yəni Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Müdafiə Sənayesi Nazirliyinin şəxsi heyətlərinin ideoloji vəsaitləri, xüsusi geyim nümunələri də bizim fondumuza daxil edilib və hazırda mühafizə edilir.
- Fonda əsasən hansı materiallar və haradan daxil olur?
- Vətən Müharibəsi Fondunda hərbi qənimətlərlə yanaşı, silah-sursatlar da var. Hərbi qənimətlər separatçı rejimin ordusuna məxsus ideoloji vəsaitlər, qondarma rejimin konstitusiyası, döyüş təlimatlarına aid kitabları, hərbi xəritə planları, eyni zamanda düşmən ordusunun istifadə etdiyi geyim nümunələridir. Bunlarla yanaşı, fondda düşmənə məxsus hərbi sursatların qalıqları da yer alıb. Onlar bizim ərazilərimizə atılıb və ANAMA tərəfindən ələ keçirilmişdir. Bu hərbi qənimətlər bizim fondumuza üç qurumdan daxil olub. Bu hərbi qənimətlər torpaqlarımızın azad edilməsi zamanı Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti və ANAMA tərəfindən ələ keçirilmiş döyüş sursatlarıdır.
- Fond materialları elmi baxımdan nə qədər əhəmiyyətlidir?
- Vətən Müharibəsi Fondundakı materiallar elmi və hərbi baxımdan çox əhəmiyyətlidir. Belə ki bu materiallar təkcə muzeydəki sərgilərin təşkili və tədbirlər üçün nəzərdə tutulmayıb. Gələcəkdə bu materiallar əsasında elmi-tədqiqatların aparılması vacibdir. Məsələn, muzeyimizdə şəhid və qazilərə məxsus geyimlərin araşdırılması Azərbaycan Ordusunun hansı döyüş vasitələrindən istifadə etdiyini göstərir. Eyni zamanda, onlara məxsus sertifikatlar, fərmanlar, orden və medal vəsiqələrinin surətləri, təşəkkürnamələr var ki, bu onların xarici hərbi təlimlərdə olduğunun nümunəsidir. Bunlar gələcəkdə elmi və tarixi baxımdan mühüm əhəmiyyət daşıyır.
- Vətən Müharibəsi Fondunun təşkilatçılığı ilə hansı layihə və tədbirlər həyata keçirilir?
- Tədbirlərimiz daha çox muzeydə təşkil olunan sərgilərlə bağlıdır. "Anadır arzulara hər zaman Qarabağ!" adlı sərgidə bizim fondumuzun materialları nümayiş etdirilib. Bundan başqa "Xarıbülbülün vətəni - Şuşa" adlı sərgidə Şuşa uğrunda həlak olan şəhidlərimizə və sağlamlığını itirmiş qazilərimizə məxsus materialları nümayiş etmişik. Hazırda bizim muzeydə daimi ekspozisiya qurulub, hansı ki fond materialları orada sərgilənir.
Onu da qeyd edim ki, şəhidlərimizin anım günlərini muzeyimizin saytında və sosial şəbəkə hesablarında işıqlandırırıq.
- Gənclərin müasir vətənpərvərlik ruhunun artırılması baxımından hansı tədbirlər görülməlidir?
- Gənclərin vətənpərvərlik ruhunun artırılması üçün aparılmalı olan işlər orta məktəbdən başlamalıdır. Bu baxımdan Milli Azərbaycan Tarixi Muzeyi orta məktəblərlə mütəmadi olaraq tədbirlər, seminarlar, konfranslar keçirilir ki, bu zaman muzey materialları əsasında məktəblilərə hərbi vətənpərvərliyin və digər adət-ənənələrimizin öyrənilməsini təbliğ edirik. Həmçinin, muzeyin hərbi məktəblərlə də əlaqəsi var. Müxtəlif ali məktəblərin məzunları ilə muzeydə görüşlər təşkil olunur. Bu görüşlərdə bizim əsas məqsədimiz gənclərdə vətənpərvərliyin oyadılması, tariximizin, maddi-mədəni irsimizin təbliğidir. Biz Vətən Müharibəsi Fondu olaraq həm orta, həm də ali məktəblərdə keçirilmiş görüşlərdə fond materialları barədə məlumat verir, şəhid və qazilərimizin keçdiyi döyüş yoluna nəzər yetiririk.
Qeyd edim ki, fondda yalnız Vətən Müharibəsinə deyil, Aprel döyüşləri, I Qarabağ savaşına aid materiallar da yer tutduğuna görə biz vətənpərvərliyin daha geniş xronologiyasını nümayiş etdiririk.
- Fonddakı materiallarla hər kəs tanış ola bilər? Bu materialların nümayişi ödənişlidir?
- Vətən Müharibəsi Fondu toxunulmaz olduğuna görə kənar şəxslərin girişi mümkün deyil. Yalnız sərgilərdə fond materiallarının geniş ictimaiyyət üçün ödənişsiz nümayişinə çalışırıq. Eyni zamanda, muzeydə təşkil olunan tədbirlərdə də bu materialları ictimaiyyət üçün sərgiləyirik. Bütövlükdə isə fondumuz materialların təbliği üçün ictimaiyyətə açıqdır.
- Bir tarixçi kimi bir vaxtlar işğal olunmuş ərazilərimizdə dağıdılan tarixi-mədəniyyət abidələrimizdən danışmağınızı istəyirəm.
- Çox gözəl bir mövzuya toxundunuz. Əvvəlcə onu qeyd edim ki, muzeyimizdə ölkəmizin hər yerinə aid tarixin müxtəlif sahələrini əks etdirən maddi-mədəniyyət nümunələri qorunur. Bu proses hələ torpaqlarımız işğal olunmadan öncə başlanıb. Artıq işğaldan azad olunmuş ərazilərimizin hər birinə aid materiallar muzeyimizdə mühafizə olunur. Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal edildikdən sonra o yerlərin tarixi-mədəni irsi məhv edildi. Hətta düşmənlərimiz həmin ərazilərdə müasir dövrdə salınmış yaşayış məntəqələrini də yer üzündən sildi. Orada onların özləri tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı bu ərazilər saxtalaşdırılmağa çalışıldı. Düşmən tərəf o ərazilərin qədim erməni torpağı olduğuna dünyanı inandırmaq istəyirdilər. Amma biz tarixdən bilirik ki, indiki Ermənistan, hətta onun paytaxtı İrəvan şəhəri belə qədim Azərbaycan torpağıdır. Odur ki, biz də muzey əməkdaşları olaraq bu işdə daim aktivlik göstəririk. İşğaldan azad edilmiş bölgələrimizdə məhv edilmiş tarixi-mədəni irsin araşdırılması, öyrənilməsi yolunda işlər görürük. Vətən Müharibəsi Fondu olaraq bu ərazilərdə şəhid və qazi olmuş şəxsləri təbliğ etməklə o yerlərin məhz Azərbaycan torpağı olmasını vurğulayırıq. Eyni zamanda, bu ərazilərdən tapılmış tarixi eksponatları üzə çıxarmaqla düşmənə və ümumilikdə dünya ictimaiyyətinə göstəririk ki, bu ərazilər həqiqətən Azərbaycana məxsusdur. Bizi daim qondarma soyqırımla ittiham edən ermənilərin iç üzlərini dünyaya göstərməliyik.
- Təşəkkür edirik, Şəfa bəy.
- Siz sağolun. Biz də Vətən Müharibəsi Fondu olaraq müsahibə üçün təşəkkür edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə