"Mayın 1-i və 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq: "Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı və şimşək çaxması ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 18-23, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti təşkil edəcək".
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə