Yazılı və şifahi mərhələlərdə uğur qazanan 105 vəkilliyə namizəd üçün aprelin 30-da Ədliyyə Akademiyasında icbari təlim başlayıb. Bu barədə SİA-ya Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, təlimin ilk günündə keçirilən açılış mərasimində çıxış edən Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov vəkilliyə namizədlərə uğurlar arzulayıb, dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin artırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən dəyişiklik münasibətilə bütün vəkilləri təbrik edib. Prorektor Kollegiya ilə Ədliyyə Akademiyası arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən pulsuz hüquqi yardımın məqsəd və əhəmiyyətindən bəhs edib. Həmçinin Ədliyyə Akademiyasında təşkil edilən təlimdən danışan Elçin Xəlilov vəkilliyə namizədlərin yalnız nəzəri biliklərlə deyil, eyni zamanda praktik bacarıqlarla da yiyələnməsinin zəruriliyini vurğulayıb.
Prorektor Vəkillər Kollegiyasının müstəqil təsisat kimi son illərdə sürətli inkişaf yolu keçdiyini və bu dövrdə vəkil sayının üç dəfədən çox artdığını diqqətə çatdırıb. Kollegiyanın ədalət mühakiməsi sahəsində fəaliyyət göstərən digər qurumlarla sıx və səmərəli əməkdaşlıq münasibətləri qurduğunu söyləyən Elçin Xəlilov bu əlaqələrin dərin və möhkəm əsaslara dayandığını bildirib.
Həmçinin prorektor iki həftə davam edəcək təlim proqramının məzmun baxımından zəngin və fərqli olduğunu qeyd edərək, bu mərhələdə praktik bacarıqların inkişafına xüsusi diqqət yetiriləcəyini dilə gətirib. Onun sözlərinə görə, təlimlərə peşəkar vəkil və hüquqşünaslar da təlimçi qismində cəlb olunacaq ki, bu da iştirakçıların real hüquqi prosesləri daha dərindən mənimsəməsinə imkan yaradacaq.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək vəkilliyə namizədləri təbrik edib, onlara təlim müddətində uğurlar diləyib, dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyi yüksək qiymətləndirib. Bu qərarın dövlətin vəkillik institutuna verdiyi önəmin göstəricisi olduğunu və vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışının daha da yaxşılaşdırılmasına xidmət edəcəyini bildirib.
Sədr qeyd edib ki, bu mərhələ yalnız nəzəri biliklərin artırılması deyil, eyni zamanda vəkillərin peşə hazırlığının möhkəmləndirilməsi, praktiki bacarıqların inkişaf etdirilməsi və beynəlxalq hüquqi təcrübənin mənimsənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Təlimin məzmununun çağdaş hüquqi çağırışlara cavab verdiyini vurğulayan Anar Bağırov vəkil peşəsinə qəbul olunan şəxslərin cəmiyyətin ədalətə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayacağını söyləyib.
Diqqətə çatdırılıb ki, vəkilliyə qəbul üzrə test imtahanları Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə tam şəffaf və obyektiv şəraitdə həyata keçirilir. Həmçinin ixtisas imtahanlarının şifahi mərhələsində ədalətliliyin təmin olunması məqsədilə videoyazı tətbiq edilir və bütün namizədlərə eyni məzmunlu suallar təqdim olunur.
Sədr bildirib ki, icbari təlim çərçivəsində insan hüquqlarının müdafiəsi, vəkil etikası və digər aktual mövzular üzrə məşğələlər nüfuzlu ekspertlərin iştirakı ilə keçiriləcək. Anar Bağırov əlavə edib ki, təlimdə iştirak edən 105 vəkilliyə namizəddən 34 nəfəri qadın, 71 nəfəri isə kişidir. Namizədlərin 84 faizi 40 yaşadək şəxslərdir ki, bu da vəkillik peşəsinə gənc hüquqşünasların marağının artdığını göstərir. Təlim iştirakçılarının 62 faizi Bakı şəhəri üzrə, 38 faizi isə bölgələr üzrə qeydiyyatdadır. Bu göstəricilər regionlarda hüquqi yardımın əlçatanlığının genişləndirilməsi baxımından müsbət əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə