"Bugünkü gündə bütün həmyerlilərimiz Qərbi Azərbaycanlı olmalıdır" - MÜSAHİBƏ

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızının SİA-ya müsahibəsini təqdim edirik:

- Bildiyimiz üzrə siz də Qərbi Azərbaycan diyarındansınız. Qərbi Azərbaycanlı olmaq sizin üçün nə ifadə edir?

- Öncə bildirim ki, mən də tarixi torpaqlarımız, Dədə Qorqud yurdu, əcdadımızın məskəni və vətəni olan Qərbi Azərbaycandanam. Amma bu o demək deyil ki, kim orada doğulursa, kimin əcdadı o torpağa bağlıdırsa, onu Qərbi Azərbaycanlı adlandırmaq olar. Hesab edirəm ki, əgər Qərbi Azərbaycanla bağlı problemimiz, ağrımız varsa bugünkü gündə istər ölkəmizdə, istərsə də dünyanın başqa bir yerində yaşayan bütün həmyerlilərimiz Qərbi Azərbaycanlı olmalıdır. Necə ki biz ötən 30 ildə harada doğulub yaşamasından asılı olmayaraq hər birimiz Qarabağlı olduq, ürəyimiz qubar bağladı, bu məsələdə də eyni şəkildə bir yumruq olmalıyıq. İnsanın harası ağrıyırsa, orasını can bilir.

Qərbi Azərbaycan bütöv Azərbaycanımızın bir hissəsidir. Deməli, bu gün Qərbi Azərbaycan adlanan tarixi torpaqlarımızda xalqımızın itirilmiş hüquqlarının, ədalətsizliyin bərpası üçün hər kəs birləşməli və əlindən gələni etməlidir. Hansı formada olursa-olsun, bu məsələdə hər kəs mübarizə aparmalıdır.

- Sizcə, Qərbi Azərbaycanlı olmaq üçün hansı meyarlar olmalıdır?

- Hesab edirəm ki, Qərbi Azərbaycanlı olmaq əslində Vətənini sevmək deməkdir. Qərbi Azərbaycanı sevmək elə Azərbaycan dövlətini, xalqını sevməkdir. Qərbi Azərbaycanlı olmaq azərbaycançılığını qorumaq, öz soy-kökünə, tarixinə sahib çıxmaq deməkdir. Eyni zamanda, Qərbi Azərbaycanlı olmaq əcdadına sədaqətli olmaq, onun məruz qaldığı haqsızlıqlara qarşı səsini çıxarmaqdır.

- Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq miqyasda təbliği üçün hansı işlər görülür?

- Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq miqyasda təbliği üçün çox işlər görülür. Bir tərəfdən Qərbi Azərbaycanda, yəni hazırkı qondarma Ermənistan dövlətində Azərbaycan xalqının əsrlər boyu mövcudluğunu sübut edən materiallar, beynəlxalq hüquqa əsaslanan tarixi faktlar toplanır və müxtəlif dillərə tərcümə olunur ki, dünya ictimaiyyətinə çatdıra bilək. Doğrudur, sübut etməyə ehtiyac yoxdur, amma beynəlxalq təşkilatlar bugünkü Ermənistan ərazisində Azərbaycan xalqının tarixən mövcud olduğunu bilməlidirlər. Ona görə də biz bunu sübut etmək üçün yazılı və şifahi tarix, ədəbiyyat, toponimlər və s. toplayacaq, tərcümə edəcək və ayrı-ayrı beynəlxalq təşkilatlara göndərəcəyik. Bununla yanaşı son 200 ildə Cənubi Qafqazda erməni fitnəkarlarının yalanlarını ortaya çıxarmaq üçün müxtəlif materiallar hazırlanacaq. Hazırda bununla bağlı çoxlu kitablar yazılır, xəritələr hazırlanır. Biz sübut edəcəyik ki, Cənubi Qafqazda tarixən heç vaxt ermənilər yaşamayıb. Hətta ermənilər sovet dövründə Qarabağa gəlişlərinin 150 illiyini qeyd ediblər. Yəni, bu xalq Cənubi Qafqaza təxminən 200 ilə yaxın müddətdə gəlib. Biz həm o torpaqlarda tarix boyu Azərbaycan xalqının yaşadığını, həm də ermənilər ora sonradan gəlmə xalq olduğunu sübut edən sənədlər hazırlamalıyıq".

- Qərbi Azərbaycan adət-ənənələri, tarixi, dini adətləri və s. kimi amillərlə bağlı hansı işlərin görülməsinə ehtiyac var?

- Sözsüz ki, bir xalqın ərazidə var oluşunu sübut edən ən vacib faktlardan biri də onun tarixi binaları, dini ibadət yerləri, məzarlıqlarıdır. Çox təəsüf ki, bizim məzarlıqlar, dini ibadət yerlərimizin əksəriyyəti vandalcasına dağıdılıb. Erməni vandalları tarixi saxtalaşdırmaq üçün hər cür çirkli əmələ əl atıblar. Qərbi Azərbaycanda qeyri-maddi mədəni irsi, kulinariyadan tutmuş milli geyimlərə qədər, nə qədər sənət növləri varsa toplamalı və orada Azərbaycan xalqının tarixi mövcudluğunu sübut edən fakt kimi həm Azərbaycan, həm də dünya ictimaiyyətinə çatdırmalıyıq. Qərbi Azərbaycan İcması yarandıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasında bir neçə şöbələr, müvafiq qurumlar yaradılıb. Hesab edirəm ki, bundan sonra da bu istiqamətdə daha çox işlər görüləcəkdir. Qərbi Azərbaycanda yaşamış, oranın mədəniyyətinə, elminə böyük töhfələr vermiş Qərbi Azərbaycanlı qadınların tanınması üçün uğurlu addımlar atılacaqdır.

- Beynəlxalq təşkilatların Qərbi Azərbaycan məsələsinə münasibətini necə dəyərləndirmək olar?

- Biz 30 illik Qarabağ konfliktinin həll olunmasında çox zəngin bir təcrübə topladıq. Beynəlxalq təşkilatların bəzi hallarda riyakarlığının, bir çox hallarda susqunluğunun şahidi olduq. Onlar problemi görmürlər, heç görmək, eşitmək də istəmirlər. Amma Azərbaycan dövlətinin gücü, xalqın birliyi və həmrəyliyi, möhtərəm Prezidentimizin qətiyyəti və məğlubedilməzliyi, milli ordumuzun gücü ilə biz həm Qarabağ torpaqlarımızı işğaldan azad etdik, həm də beynəlxalq təşkilatlarla bağlı kifayət qədər təcrübə qazandıq. Görünən odur ki, beynəlxalq təşkilatlar yenə də ikili standart tətbiq etməyə çalışacaqlar, bəzi hallarda isə riyakarlıq göstərəcək, səssiz qalacaqlar. Bunun bizə heç bir aidiyyatı yoxdur. Biz onları bu həqiqətin, tarixi haqsızlığın üzərindən keçməməyə məcbur edəcəyik. Nə qərar verəcəklər deyə bilmərəm, amma ən azından biz bu həqiqətləri onlara çatdıra biləcəyik. Beynəlxalq təşkilatların laqeydliyinə fikir verməyərək öz işimizi görməliyik. Gördüyümüz iş nəticəsində beynəlxalq təşkilatlar Qərbi Azərbaycanlıların hekayəsini dinləyəcək, faciəsini dərk edəcək. Nəticə etibarilə biz Qərbi Azərbaycanlılar olaraq indiki Ermənistan ərazisində itirilmiş hüquqlarımızı bərpa edəcəyik.

- Birləşmiş Millətlər Təşkilatı (BMT) katibliyinin Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini rəsmi sənəd kimi yayımlaması nəyin göstəricisidir?

- Bildiyimiz kimi bugün mətbuatda çox sevindirici bir xəbər verildi. Belə ki , Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi BMT-nin rəsmi sənədi olaraq bütün rəsmi dillərində ingilis, fransız, rus, çin, ərəb və ispan olmaqla yaymışdır. Hesab edirəm ki, bu Azərbaycan xalqının, Azərbaycan dövlətinin uğurudur. Bu uğur möhtərəm Prezidentimizin müdrik diplomatiyasının və onun beynəlxalq aləmdə olan yüksək nüfuzunun nəticəsidir.

- Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının fəaliyyətində qayıdışla bağlı hansı planlar var? Azərbaycanlı xanımlarımız, gənc qızlarımız bu məsələdə necə rol oynaya bilər?

- Bildiyiniz kimi, bu yaxınlarda Qərbi Azərbaycan İcmasının konsepsiyası qəbul olundu. Bütün dillərə tərcümə olunaraq müxtəlif beynəlxalq təşkilatlara paylandı. Göründüyü üzrə biz hüquqlarımızın bərpasını sülh yolu ilə təmin etməyə çalışırıq. Biz neçə onilliklər boyu ermənilər də daxil olmaqla müxtəlif xalqlarla, milli azlıqlarla bir yerdə yaşamışıq. Azərbaycan xalqı etnik bir cəmiyyətdə yaşamağı vərdiş edib. Azərbaycan polietnik olmaqla dünyanın nadir ölkələrindəndir. Ermənilər vaxtilə burada yaşayanda Azərbaycan tərəfindən heç vaxt fitnə, xəyanət olmayıb. Hər zaman aradakı münaqişəni fitnəkar Ermənistan yaradıb. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı öz haqlı davasında Qarabağı işğaldan azad etdi. Bugünkü gündə orada möhtəşəm quruculuq işləri həyata keçirilir. Azərbaycan dünyada tolerantlığın mərkəzi kimi tanınır. Ona görə də Azərbaycan xalqı yenə də ermənilərlə birgə yaşaya bilər. Çünki biz məsələni süıh yolu ilə həll etmək istəyirik.

Qərbi Azərbaycan İcmasının müxtəlif strukturları olsa da, biz bir vahid komanda kimi fəaliyyət göstərəcəyik. Təbii ki, qadınlarla bağlı da fəaliyyət planımız var. Yəqinki yaxın vaxtlarda yekunlaşacaq. Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası Cənubi Qafqazda yaşayan bütün xalqların qadınlarına müraciət edəcək. Eyni zamanda, bütün dünyaya, həmçinin erməni analarına, bacılarına müraciət edəcəyik ki, onlar da bölgədə barışın, sülhün qorunması üçün öz töhfələrini versinlər. Hazırda Birləşmiş Millətlər Təşkilatının 13 və 25-ci qətnaməsində də qeyd olunub ki, qadınların sülh quruculuq prosesində diplomatik məsələlərdə, konsensusun qurulmasında, müharibə dövrü bərpa quruculuğunda təmsilçiliyi yüksək dəyərləndirilir. Ona görə hesab edirəm ki, Qadınlar Şurasının çətiri altında qadınların bu istiqamətdə görə biləcəyi işlərdən biri də Cənubi Qafqazda sülh və əmin-amanlığa öz töhfəsini verməkdir. Bu da Azərbaycan xalqının tolerantlığını dünyaya çatdıracaqdır.

- Geriyə qayıtma prosesində qadın hüquqları məsələsinin əhəmiyyəti nədən ibarətdir?

- Geriyə qayıtma prosesində təbii ki, qadın hüquqlarının bərpası çox önəmlidir. BMT və digər beynəlxalq təşkilatların məcburi deportasiya olunmuş insanların öz doğma yurdlarına qayıtması ilə bağlı bir sıra konvensiya və qətnamələr var. Biz Qadınlar Şurası da beynəlxalq hüquqa istinad edərək geri qayıtma prosesində iştirak edəcəyik. Təki bu məsələ tezliklə həll olunsun.

- Qadınlar Şurasının 8 Mart Qadınlar günü ilə bağlı hər hansı bir planı varmı?

- Bəli. 8 Mart Qadınlar günü münasibətilə bağlı planlarımız var. Bununla bağlı işlər görülür. Lakin indidən açıqlamağımız düzgün olmaz. Artıq işlərimiz tamamlandıqda sizləri də dəvət edəcəyik.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə