Pəhrizə başlamazdan əvvəl NƏ ETMƏK LAZIMDIR? - DİETOLOQ DANIŞDI

"Hamı dieta saxlayır, amma mütəxəssis məsləhəti olmadan pəhrizə başlamaq düzgün deyil. Həkim müayinəsindən keçib orqanizmə nəyin xeyir, nəyin ziyan olduğunu bilmək lazımdır. Ona görə də pəhrizə başlamazdan əvvəl mütləq diyet mütəxəssisləri ilə məsləhətləşmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə deyib.

Onun sözlərinə görə, səhər yeməyi insanı yeni günə hazırlayan ən önəmli paydır: "Səhər yeməyindən imtina etdikdə pəhrizə başlayan insanlar daha az çəki itirəcək, maddələr mübadiləsinin işi zəifləyəcək və fikirlərini bir yerə cəmləşdirməkdə çətinlik çəkəcəklər. Ona görə də, səhər yeməyini vaxtında yemək lazımdır.

Zərərli şeylərdən biri də sürətli yemək yeməkdir. Yeməyi tez-tez, yaxşıca əzişdirmədən, çeynəmədən yemək orqanizm üçün ziyandır. Unutmamaq lazımdır ki, beyinə toxluq hissi 20 dəqiqədən sonra çatır. Yemək yemə müddəti mümkün olduğu qədər uzadılmalıdır. Beləliklə, həm daha az yemək yeyəcək, həm də həzm fermentləri ifraz olunacaq. Sürətli yemək yeyəndə həzm sisteminin iş prosesi zəifləyir, bu da çəkinin artmasına səbəb olur".

Dietoloq bildirib ki, su qidaların həzm edilməsi, metabolik tullantıların atılması, maddələr mübadiləsinin sürətlənməsi və dolayısı ilə çəkinin azalması üçün lazımdır: "Gündə 2-2,5 lt su içilməlidir.

Həmçinin, gün ərzində qəbul edilən qidanın pay sayını azaltmaq lazımdır. Gündə 2-3 dəfə və ya bundan az payda qida qəbul edən insanlarda nizamsız qan şəkəri ifraz olunması və daha çox aclıq hissi müşahidə olunur. Bu da kökəlməyə səbəb olur. Ona görə də, gün ərzində normada və az-az qidanı paylar şəklində qəbul etmək daha yaxşı olar.

Axşam yeməyini gec yemək də arıqlamağa mane olan şeylərdən biridir. Axşam yeməyini yatmadan 3-3,5 saat əvvəl bitirmək lazımdır. Dolu mədə ilə yatağa girmək bədənin yağlanması üçün ən yaxşı fürsətdir. Axşam yeməyindən yatana qədər keçən müddətdə az bir şey atışdırmaq olar. Bir şərtlə, qəbul edilən məhsullar həzmi asanlaşdırmalıdır. Məsələn, meyvə, qatıq və ya süd kimi yüngül şeylər istehlak edilə bilər.

Kökəlməyə meyilli insanlar həmişə şirin şeylərə üstünlük verirlər. Bunu unutmamaq lazımdır ki, şəkər orqanizmdə asanlıqla yağa çevrilə bilir. Qabdakı yeməyin hamısını yemək məcburiyyətində deyilsiz. Yemək miqdarına fikir vermək üçün boşqaba az yemək qoymağınızı məsləhət görərdim".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə