"Rusiya danışıqlarda fəallaşmaq məcburiyyətindədir" - PARTİYA SƏDRİ ŞƏRH ETDİ

Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti bütün dünyada çox diqqət və maraqla izləndi. Sammit ərəfəsində ABŞ və müttəfiqlərini bir sıra məsələlər, ilk növbədə, Rusiya-Ukrayna müharibəsinin onları qane edən gedişinə ciddi şəkildə təsir edəcək qərarların qəbul olunma ehtimalı narahat edirdi. Ukrayna cəbhəsində son günlər ciddi uğursuzluqlar yaşayan Rusiya Səmərqənddə ciddi dəstək gözləməsə də, hər halda müəyyən müsbət nəticələr gözləyirdi. Sammit başa çatdı və birmənalı şəkildə demək olar ki, Qərbi narahat edən məsələlər baş tutmadı və tuta da bilməzdi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, regionu bilən ekspertlərə əvvəlcədən aydın idi ki, nə Çin, nə Hindistan, nə də təşkilata daxil olan digər dövlətlər ABŞ-ın qəzəbini doğuracaq addımlar atmaq fikrində ola bilməzlər: "Aydın idi ki, Şanxay Əməkdaşlıq Təşkilatının yüksək sürətlə inkişaf edən bu iki aparıcı dövlətinin Rusiyanın arzuları ilə üst-üstə düşməyən xeyli planları var və onlar bu inkişafı ləngidəcək hərəkətlərdən ciddi şəkildə çəkinirlər.

Bəzi dövlətlər, ilk növbədə Çin nə qədər istəsə də Rusiyaya sammitə qədər etdiyi yardımları ciddi şəkildə artıra bilməzdi. Bir az daha çox neft və qaz almaqdan o tərəfə keçmək Çin üçün ciddi problemlər yarada bilərdi. Çünki Çinin ötən il 6 trilliyon dolları keçən ticarət dövriyyəsinin təqribən yarısı ABŞ-ın və ona yaxın olan dövlətlərin payına düşür. Son dərəcə ağıllı və ehtiyatlı siyasət apararaq dünyanın ikinci iqtisadi gücünə çevrilən Çin bu dəfə də on illərlə yürütdüyü ağıllı və ehtiyatlı siyasətdən imtina etmədi və qərbin “qırmızı xətlərini” keçməməyə çalışdı. Ona qarşı qərbin təxribatlarının günbəgün artdığı və Çinin yaxın 10-15 ildə dünyanın birinci iqtisadi gücünə çevrilməsinin qarşısını almaq cəhdlərinin davam etdiyi şəraitdə “cəsarət nümayişi”nə girişmək ağılsızlıq olardı.

Bundan əlavə olaraq Hindistanla Çin və Pakistan arasında ziddiyyətlər azalmayıb. Yüksək sürətlə inkişaf edən ilk iki dövlət ABŞ və Rusiya arasında seçim edərək, qəti addımlar atmaq istəmir və mümkün qədər hərəkət sərbəstliyini qorumağa çalışır. Pakistandakı “mübahisəli” hakimiyyət dəyişikliyi təəssüf ki, onun nüfuzunu və təsir gücünü xeyli azaldıb. Bir sözlə Şanxay Əməkdaşlıq Təşkilatı bu gün dünyanın siyasi mənzərəsində köklü dəyişikliklərə səbəb olacaq ciddi qərarlar qəbul etmək iqtidarında və iddiasında olan monolit qurum deyil və hələ uzun müddət bu vəziyyətdə qalacağı istisna olunmur. Bu səbəbdən əvvəlkilərdən daha artıq maraqla gözlənilən sammitdə heç bir “inqilabi” qərar qəbul olunmadı və indiyə qədər keçirilən toplantılardan ciddi şəkildə fərqlənmədi.

Sammit ərəfəsində sərhəddə təxribat törədib, bütün dünyanı üstümüzə qaldırmağa çalışan Ermənistanın Baş naziri Səmərqəndə gəlmədi. Bu dəfə də Azərbaycan və Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna keçirilmədilər və dialoq üzrə tərəfdaş statusunda qaldılar.

Sammitin gedişində keçirilən ikitərəfli görüşlərdə bölgəmiz üçün mühüm əhəmiyyətə malik qərarların qəbul olunacağına ümid edirdik. Bu səbəbdən, Azərbaycan və Türkiyə prezidentlərinin Rusiya prezidenti ilə keçirdiyi görüşlər ciddi maraq kəsb edirdi. Görüşlər baş tutdu, ancaq hansısa qərarların qəbul olunduğu barədə bir şey demək hələlik mümkün deyil. Bir şey aydındır ki, Rusiya Azərbaycan-Ermənistan danışıqlarında təşəbbüsü ələ almaq üçün fəallaşmaq məcburiyyətindədir. Brüssel danışıqları və sərhəddə baş verən şiddətli qarşıdurma Rusiyanı tələsməyə, həm Türkiyə, həm də İranla bu istiqamətdə daha intensiv fəaliyyət göstərməyə məcbur edir. Bir məsələ şübhə doğurmur ki, ilin sonuna qədər sülh sazişinin Brüsselin, yaxud Moskvanın vasitəçiliyi ilə imzalanacağı ehtimalı çox yüksəkdir. O da aydındır ki, Ermənistan bu mühüm sənədin imzalanmasının qarşısını almaq üçün bundan sonra da əlindən gələni edəcək".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə