Bakı və Moskva, eləcə də Brüssel gözləmə mövqeyindədirlər... ANALİTİK+AKTUAL
Vladimir Putinin İlham Əliyevə telefon zəngi etməsi arxasında hansı məqamlar dayanır?
Uzun pauzadan sonra Azərbaycan və Rusiya dövlət başçılarının növbəti telefon danışıqları olub. Və məhz Rusiya tərəfinin Azərbaycana telefon zəngi etməsi daha bir diqqət çəkən məqama təsadüf edib – Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qanunsuz olaraq Qarabağa səfər etməsinə...
Onu da qeyd edək ki, qanunsuz səfərdən dərhal sonra Azərbaycan XİN bəyanat yaydı və bu kimi addımların təkrarlanacağı halda bütün məsuliyyətin məhz Ermənistanın üzərinə düşdüyünə eyham vurdu. Yəni rəsmi Bakı hər an bu kimi səfərlərin qarşısını almaq üçün sərt və qəti addımlar ata bilər. Bəyanatda bildirilir: "2 sentyabr 2022-ci il tarixdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi Ermənistan tərəfinin növbəti təxribatıdır və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir."
Nazirliyin bəyanatında həm də vurğulanır ki, bu səfərin iki ölkə liderlərinin Brüsseldəki növbəti görüşündən dərhal sonraya təsadüf etməsi İrəvanın normallaşma prosesində səmimi olmadığını nümayiş etdirir.
"Bu qanunsuz səfər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığı, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir. Bu, həmçinin rəsmi İrəvan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir", deyə qeyd edilən bəyanatda
Azərbaycan XİN Ermənistan rəsmisinin bu addımını sərt şəkildə qınayıb və Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı atılan hər hansı addımların cavablandırılacağını bildirib.
Məhz bu məqamda, daha dəqiq desək, RF-nın dövlət başçısı Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi etməsi faktında diqqət çəkən amillər bunlardır:
- Zəng Rusiya tərəfininin təşəbbüsü ilə reallaşdırılıb. Əgər belə olmasa idi relizdə həmin an vurğulanardı.
- “Dağlıq Qarabağla” bağlı heç bir fikir söylənilməyib və həmin ifadə Cənubi Qafqaz adı ilə əvəzlənib, habelə üçtərəfli bəyanatın realizə olunması (Ermənistan tərəfindən) vacibliyi vurğulanıb.
- Və telefon zəngi Ermənistan Təhlükəsizlik Şurasının sədrinin Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin məsul olduqları ərazilərə qanunsuz səfərindən sonra baş tutdu. Artıq Rusiya da anlayır ki, 3 avqustdan sonra (“Qisas” əməliyyatı) Azərbaycan Silahlı Qüvvələri hər an Qarabağın istənilən yerində, istənilən anda və istənilən nişanı hədəfə ala bilər. Moskva isə çox ehtimal ki, yeni eskalasiyaların baş verəməməsi üçün Bakıdan ricalarda bulunur.
- Fakt həm də budur ki, Ermənistan rəhbərliyi Brüsselin danışıqlar sahəsində fiaskoya uğrayıb. Belə ki, Ermənistanın müzakirə predmeti olaraq danışıqlar prosesində irəli sürdüyü cəhdləri nə Moskva nə də Brüssel sahələrində qəbul edilmir.
Ermənistan XİN-i isə narazı cəmiyyət arasında vəziyyətdən çıxmaq üçün Azərbaycan Prezidentinin sülh müqaviləsinin yaxın aylarda imzalanacağı ilə bağlı bəyanatına münasibətini açıqlayıb. Lakin guya Bakının İrəvana qarşı “növbəti təxribat” hazırladığını da iddia olaraq irəli sürüb ki, son anda əlin də hər hansı “rıçaq” olsun. Halbuki, təxribatı açıq-aydın İrəvan törədir və maraqlıdır ki, Ermənistan rəhbərliyi bir daha erməni hərbçilərini ölüm təhlükəsinə atır, habelə Qarabağ ermənilərini də təhlükəli vəziyyətə doğru sürükləmiş olur.
Beləliklə, Bakı ya Qarabağda (Qərbi Zəngəzur da daxil olmaqla) Ermənistanı üzərinə düşən öhdəlikləri yerinə yetirməyə məcbur edəcək, ya da diplomatik təzyiqlərini artırmaqla, hücum diplomatiyasını davam etdirməklə, eləcə də konkrrt danışıqlar vasitəsi ilə məqsədlərə nail olacaq.
- Bütün bunlardan sonra isə Armen Qriqoryanın qanunsuz səfərini şəxsi, yaxud fərdi səfər etdiyini dilə gətirməsi, bu vasitə ilə özünü Bakı qarşısında doğrultmağa çalışması, habelə Nikol Paşinyanın ilin sonuna qədər sülh razılaşması ilə bağlı razılıqların əldə olunacağı ətrafında bəyanat verməsi Azərbaycanın sərt, anında və qətiyyətli davranışlarının nəticəsi kimi qiymətləndirilə bilər.
Rusiyanın isə beynəlxalq aləmdə mövqelərini itirməməsi üçün hələ ki, müəyyən şansları qalmaqdadır. Xüsusilə, regiondakı təşəbbüslərini gücləndirməklə Moskva Qarabağın demilitarizasiyası ilə bağlı əməli fəaliyyətə keçə bilər. Əks halda, Qarabağdakı qanunsuz erməni silahlılarının, habelə ağır və zirehli texnikalarının və s. qurğularının qalması Ermənistan rəhbərliyinin həm Azərbaycan Silahlı Qüvvələrinə, həm də Rusiya sülhməramlı kontingentinə qarşı təxribat törətmək imkanlarını reallaşdıra bilər. Və ya həmin fakt həm Moskvanın RSK-ya qarşı, həm də Bakının SQ-ə qarşı təxribatlardan ehtiyat etməsi və qarşısının antiterror əməliyyatı ilə alınması üçün qərar vermələrimə zəmin yarada bilər.
Görünür, bu baxımdan, son bir neçə gündür ki, Ermənistan KİV-lərində və sosial şəbəkələrində ağır texnikaların Qarabağdan çıxarılması prosesinin başlanacağı barədə fikirlər səslənməyə başlayıb. Bakı və Moskva, eləcə də Brüssel gözləmə mövqeyindədirlər...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB