Avqustun 31-də üçtərəfli Moskva görüşü keçirilərsə... ANALİTİK+AKTUAL
Azərbaycan Prezidenti İlham Əliyev qəti şərtlərini önə sürəcək, Ermənistana isə düşünmək üçün daha heç bir vaxt verilməyəcək!
Ermənistan KİV-lərində yayılmış və təsdiqlənməmiş informasiyaya görə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin növbəti görüşü avqustun 31-də Moskvada keçirilə bilər. Eyni formatda keçirilən sonuncu görüş isə ötən ilin noyabrında Soçidə baş tutmuşdu. Eləcə də Azərbaycan və Ermənistan dövlət başçıları cari ilin aprel və may aylarında Avropa sammitlərində qarşılaşıblar. Bu baxımdan, növbəti yüksək səviyyəli görüşün keçirilməsi ehtimalları mümkün görünə bilər.
Moskva üçün Azərbaycanın öz yüksək potensialı ilə Avrasiya xarakterli strukturlara inteqrasiyası çox mühümdür və əhəmiyyət daşımaqdadır
Daha bir məqam budur ki, əgər Azərbaycan və Ermənistan liderləri Rusiyanın paytaxtına yollansalar, onların hər birinin ayrı-ayrılıqda Vladimir Putinlə də danışıqlar aparmaları mümkündür. Məsələ ondadır ki, Moskva üçün Azərbaycanın öz yüksək potensialı ilə Avrasiya xarakterli strukturlara inteqrasiyası çox mühümdür və əhəmiyyət daşımaqdadır. Onu da qeyd edək ki, rəsmi Bakı hələ də Qarabağda qalan qanunsuz erməni silahlı formalaşmalarının mülki infrastrukturları minalamaları, yaşayış məskənlərini dağıdaraq talan etmələri və meşələri yandırmaları məsələsini qəti və sərt qaydada qaldıra bilər. Lakin daha bir məqam, daha dəqiq desək, faktor da baş tutacağı iddia edilən görüşdə özünü sərgiləyə bilər...
Vladimir Putin Nikol Paşinyandan hansı izahatlar verməsini tələb edəcək?
Məsələn, Vladimir Putin birbaşa Nikol Paşinyandan son vaxtlar Ermənistanda baş qaldıran anti-Rusiya xarakterli aksiyalar haqqında izahat istəyəcək, əlbəttə ki, görüş haqqında proqnozlar özünü doğruldarsa. Üstəlik, İrəvanda fəaliyyət göstərən “Surmalu” ticarət mərkəzinin partlamasında Rusiya xüsusi xidmət orqanlarının hədəfə alınması, ittiham edilməsi də sorğu-sual oluna bilər. Hər halda görüş keçirilsə Paşinyanın Putinə edəcəyi məruzələri kifayət qədərdir.
Ancaq üçtərəfli görüş detallarının əsas leytmotivi əgər o baş tutarsa əlbəttə ki, regional nəqliyyat infrastrukturunun blokadadan çıxarılması mövzusu olacaq. Üstəlik, az-çox bu məsələdə müəyyən irəliləmələr də sezilməyə başlayıb. Ən birincisi isə bütün bunlar Laçın rayonuna aiddir ki, orada sadəcə bəzi kiçik texniki məsələlər qalmaqdadır və həll edilmək üzrədir.
Rəsmi Bakının tələbləri – bütün bunlar rəsmi İrəvanı və şəxsən Nikol Paşinyanı daha dəqiq mövqe bildirməyə sövq edir!
Növbəti qaldırıla bilinəcək məsələ Ermənistan üzərindən quru yolunun açılmasıdır ki, həmin yol Azərbaycanı ona məxsus muxtariyyəti ilə - Naxçıvanla birləşəcək. Yəni bu marşrutun blokadadan çıxarılması yalnız prinsipiallıqla ölçülmür, həm də 2020-ci ilin noyabr bəyanatı ilə öz yekun təsdiqini tapır. Üstəlik, yeni Laçın yolunun rekord qısa müddətdə və yüksək keyfiyyətlə inşa edilməsi rəsmi Bakının sülhə doğru addımlarında nə qədər maraqlı olduğunu açıq-aydın göstərir, amma İrəvan cinahından belə bir marağın olmaması da göz önündədir. Artıq belə bir qənaətə də gəlmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin mövzunun da köklü həll edilməsi üçün qəti şərtlərini önə sürəcək, Ermənistana isə düşünmək üçün vaxt verilməyəcək. Belə ki, hazırkı dövrə qədər Ermənistana kifayət qədər müddət verilib və bundan sonra həmin şans bir daha, təkrarən verilməyəcək. Söz yox ki, bütün bunlar rəsmi İrəvanı və şəxsən Nikol Paşinyanı daha dəqiq mövqe bildirməyə sövq edir.
Proseslərin ardınca sərhədlərin delimitasiyası üzrə mərhələli, yaxud birdəfəlik planlar da icra ediləcək
Yeri gəlmişkən, bu günlərdə erməni baş nazir Azərbaycan-Ermənistan sərhədlərində üç sərhəd-buraxılış məntəqələrinin açılmasını təsdiq edən sənədi imzalayıb və həmin sənəd hökumətin rəsmi saytında işıqlandırılıb. Üstəlik, ərazilərin adı birbaşa Azərbaycan toponimləri ilə açıqlanıb - “Sotk” (Kəlbəcər) “Qeqarkunik vilayəti (Kəlbəcər rayonu), “Erasx” (Sədərək), “Ararat vilayəti” (Sədərək rayonu), “Karaunc” (Eyvazlı).
Beləliklə, növbəti üçtərəfli görüşün nə zaman keçiriləcəyinə baxmayaraq fakt budur ki, həmin görüşün nəticələri sərhədlərin delimitasiyası prosesinə intensivlik qatacaq. Əgər tərəflər sərhəd-buraxılış məntəqlərinin açılmasını dəqiqləşdirəcəklərsə, yaxud Ermənistan üzərindən nəqliyyat dəhlizinin açılması vaxtı təyin olunacaqsa ehtimal etmək mümkündür ki, həmin proseslərin ardınca sərhədlərin delimitasiyası üzrə mərhələli, yaxud birdəfəlik planlar da icra ediləcək.
Son olaraq isə belə bir fikir də hasil etmək mümkündür ki, müvafiq hökumətlərarası komissiyanın konkret nəticələri barədə danışmaq hələ tezdir. Ancaq delimitasiya ssenarisi üzrə konsensus əldə olunarsa, artıq bu istiqamətdə də buzların əriməsi mümkünlüyünə aid ola biləcək maraqlı prosesləri izləyə bilərik...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB