Sosial dəstək proqramı uğurla reallaşır TƏHLİL

Əlilliyi müəyyən edilmiş artıq 12300-dən çox şəxsə proaktiv qaydada birdəfəlik ödəmə təyin olunub

Sosial, siyasi, eləcə də iqtisadi sahədə dünyaya inkişafın yeni modelini nümayiş etdirən Azərbaycan dövlət başçısının rəhbərliyi ilə vətəndaşlara olan münasibətinin yeni modelini ortaya qoymuş oldu. Belə ki, dövlət başçısının müxtəlif görüşlərdə, tədbirlər çərçivəsində, baş verən hadisələr zamanı vətəndaşların yanında olması, onların problemlərinin həllinə operativ şəkildə reaksiya verməsi, artıq bütün dünya üçün yeni model və təcrübədir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Azərbaycan Prezidentinin çıxışlarının birində bildirdiyi kimi, bizim üçün Azərbaycan vətəndaşlarının rifahı, onların dolanışığı başlıca vəzifədir.
Vətənin müdafiəsi yolunda canını fəda etmiş, şəhidlik zirvəsinə yüksəlmiş, eləcə də əlil olmuş insanlara həssas münasibət dövlətimizin humanizm prinsiplərinə yüksəlir. Müzəffər Ali Baş Komandan İlham Əliyev həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərmək prinsipini qoruyub saxlayır. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən, mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Həyata ardıcıl olaraq keçirilən tədbirlərin davamı olaraq Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramı uğurla reallaşır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında yeni sosial dəstək proqramının - 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir. Bu kateqoriyalara aid olan daha 1300-dən çox müharibə əlilinə proaktiv qaydada birdəfəlik ödəmə təyin edilərək bank hesablarına köçürülüb. Artıq qeyd olunan dövrədək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş artıq 12300-dən çox şəxsə proaktiv qaydada birdəfəlik ödəmə təyin olunub.
Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat təyin edilib. Xatırlatmaq yerinə düşər ki, Cənab Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin dövlət başçısının növbəti Prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi üçün dövlət büdcəsindən 135 milyon manat vəsait ayrıldı. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir".
Ötən dövr ərzində şəhid ailələri və müharibə əlilləri üçün icra olunan ən geniş və mühüm fəaliyyətlərdən olan mənzillə təminat proqramı 5 dəfə genişləndirilib. Şəhid ailələri və müharibə əlillərinə 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən təkcə iki gün ərzində özünüməşğulluq proqramı çərçivəsində Bakı şəhəri, Abşeron və Xızı rayonları üzrə daha 120 şəxsə aktivlər verilib. Verilmiş avadanlıqlar hesabına onlar seçdikləri biznes istiqamətləri üzrə kiçik təsərrüfat və müəssisələrini yaradıblar. Aktivlərlə təmin olunanlardan mühüm bir hissəsi qazi və şəhid ailələridir.
Ümumilikdə bu ilin ötən dövründə mindən çox şəhid ailəsi və qazi üçün özünüməşğulluq proqramı üzrə mal və materiallar verilməklə onlar üçün kiçik təsərrüfatlar qurulub.
Bütün bu addımlar Prezident Cənab İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə