Qarabağda və sərhəddə mütəmadi təxribatlar yalnız Ermənistanın özünə zərər verəcək

Avqustun 12-də Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı Ermənistana, o cümlədən Qarabağda maraqları olan ölkələrə açıq və konkret mesajlar verdi. Dövlətimizin başçısı bildirdi ki, əgər ermənilər yenə də buna oxşar təxribat törədərlərsə, cavab eyni olacaq və heç kim Azərbaycana mane ola bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Əslində, bu fikirlər 44 günlük Vətən müharibəsinə də işarə edirdi. Belə ki, müharibənin gedişində Ermənistan güc sahibi ölkələrdən və böyük təşkilatlardan mədət umsa da, onların bütün yalvarışları demək olar cavabsız qaldı. Maddi-texniki yardımlar olsa da, işğalçı ölkə ümumilikdə gözlədiyi köməyi almadı.

Beynəlxalq hüquqa hər zaman zidd davranışlar sərgiləyən Ermənistan bu dəfə də başqa dövlətin ərazisində apardığı müharibəyə görə söz sahibi olan dövlət və təşkilatlardan Azərbaycan əleyhinə dəstək istəyirdi. Təəssüf ki, bəzi hallarda onlar buna nail olurdular. Amma dövlətimizin başçısının da dediyi kimi, nə olursa- olsun, Azərbaycan öz məqsədlərinə nail oldu. Çünki ölkəmiz beynəlxalq səviyyədə tanınmış ərazisini tam haqlı olaraq müdafiə edir, bütün təzyiqlərə rəğmən, xarici siyasətini uğurla davam etdirir və beynəlxalq aləmdə nüfuzunu qoruyur. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı kimi təşkilatlarla fəal əməkdaşlıq həyata keçirilir. Eyni zamanda, bir-biri ilə düşmən münasibətdə olan ölkələrlə əlaqələrini neytral müstəvidə davam etdirir. Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörənliyi və dünya siyasi sistemini dərindən bilməsinin nəticəsidir.

Türkiyə ilə koordinasiyalı müttəfiqlik əlaqələri

Azərbaycan-Türkiyə münasibətləri Vətən müharibəsi zamanı daha çox nəzərə çarpsa da, əslində, bu əlaqələrin yüksək səviyyəyə qalxması 10 illər əvvəldən başlamışdı. Bu səbəbdəndir ki, müharibədən əvvəl Azərbaycan və Türkiyə hərbi sahədə birgə təlimlər keçirirdilər. İki qardaş ölkə geosiyasi mənzərəni yaxşı analiz etdiyi üçün hərəkət mexanizmlərini və zamanı da düzgün müəyyənləşdirmişdi. Dünyada dəyişməkdə olan güc mərkəzləri yeni dünya düzənində bir xeyli fərqliliklər yaratdı. Prezident İlham Əliyev və Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkə arasında süni yaradılan səddin mahiyyətini çox gözəl anladılar. Nəticədə 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız təkcə düşmən ölkənin işğalından azad olunmadı, eyni zamanda, Ermənistana mütəmadi dəstək verən, ərazilərimizi hər cür qanunsuz proseslər məkanına çevirən dövlətlərdən də xilas etdi. Əlbəttə, Azərbaycanın tarixi Qələbəsi nəinki Ermənistanı sarsıtdı, həmçinin hazırda ölkəmizə qarşı dini, psixoloji cəhətdən mübarizə aparan dövlətlərə də məğlubiyyət hissi yaşatdı. Lakin kim necə istəyir hərəkət etsin, Azərbaycan bu haqq yolundan geri çəkilməyəcək. Ölkəmiz qardaş Türkiyənin strateji müttəfiqliyi, mənəvi dəstəyi və qardaşlığı ilə bundan sonra da bütün hədəflərinə çatacaq.

Azərbaycanın sülh siyasəti və regionun gələcəyi

Siyasi deformasiyaya uğrayan Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bütün müddəalarını yerinə yetirmir. Əlbəttə, anlamaq olur ki, siyasi və iqtisadi cəhətdən müstəqil olmayan qonşu ölkə öz gələcəyini təyin etməkdə belə aciz və qərarsızdır. Çünki perspektivləri yaxşı qiymətləndirən, inkişafı, sülhü istəyən ölkələr hər zaman hüquqi prinsiplərə əməl edir, beynəlxalq səviyyədə tanınmış sərhədləri tanıyır və ərazi iddialarından uzaq olurlar. Düzdür, Ermənistan kimi xarakteri və siması olmayan ölkələr bu səmimiyyətdən uzaq olsalar da, onlar da anlayırlar ki, Azərbaycanla normal münasibətlər qurulmadan inkişafları qeyri-mümkündür. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da söyləyib. Bildirib ki, biz Azərbaycanla birlikdə Ermənistanla olan yaxınlaşmanı inkişaf etdiririk. Buraya sərhədlərin açılması, ticarət alış-verişi və dünyaya bazarlarına açılmaq da nəzərdə tutulur. Təbii ki, bütün bu proseslər Ermənistanın Azərbaycanla olan əlaqələrindən asılı olacaq. Bu da regionun iqtisadi potensialından yararlanmaq şansı deməkdir. Nəinki, Azərbaycan, Ermənistan və digər qonşu ölkələr də bundan çox böyük faydalar götürə bilərlər.

Bütün ölkələr gözəl anlayırlar ki, müharibə dünya iqtisadiyyatına birbaşa təsir edir. Nəticədə isə qıtlıq və qiymət artımı müşahidə olunur. Məsələn, təqribən 8 aydır davam edən Rusiya-Ukrayna müharibəsini qeyd edə bilərik. Ukrayna və Rusiya dünyanın ən böyük 5 taxıl ixracatçısından ikisidir. Bu iki ölkə arasındakı müharibə səbəbindən hazırda dünya bazarlarında inflyasiya hökm sürür, taxılın qiymətləri kəskin şəkildə artır.
Müharibə nəinki savaşan ölkələrə, hər kəsə mənfi təsir göstərir. Amma belə çıxır ki, Ermənistan bu problemləri ya görmür, ya da anlamaq istəmir. Siyasi müstəqilliyi bir neçə ölkə tərəfindən tənzimlənən Ermənistan hələ də destruktiv siyasət nümayiş etdirir. Amma onlar anlamalıdırlar ki, bu cür davranışların faydası yoxdur. Əgər Ermənistan yenə də təxribat törədərsə, ölkəmiz öz ərazisində- Qarabağda istənilən əməliyyatları keçirə bilər. Qarabağda və sərhəddə mütəmadi təxribatlar yalnız və yalnız Ermənistanın özünə zərər verir və verəcək. Biz bunu istər 2021-ci ildə, istərsə də bu il avqustun 3-də “Qisas” əməliyyatı zamanı gördük. Belə ki, baş verən erməni təxribatları nəticəsində Ordumuz həm Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinə sarsıdıcı zərbələr endirdi, həm də önəmli yüksəklikləri nəzarətə götürdü. Bu da Qarabağın təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

Elmir Səftərov

Bütün xəbərlər Facebook səhifəmizdə