İSLAM HƏMRƏYLİYİ OYUNLARI: AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞININ DÜNYAYA NÜMAYİŞİ TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Döyüş meydanlarında əldə olunmuş Qələbə idman yarışlarında da özünü əks etdirəcək"

İlk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə olunmuş Qələbə idman yarışlarında da özünü əks etdirəcək.Bu barədə Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşündə bildirib.Azərbaycan idmançılarını ürəkdən salamlayan və onlara uğurlar arzulayan dövlətimizin başçısı deyib: “Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və siz Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqsınız”.

AZƏRBAYCAN BU GÜN DÜNYADA GÜCLÜ İDMAN ÖLKƏSİ KİMİ TANINIR

Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil. Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Çünki bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləmişlər.Prezident İlham Əliyev bu fikirləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşündə söyləyib. Dövlətimizin başçısı deyib: “Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər. Əminəm ki, idmançılarımız bu dəfə də gözəl nəticə göstərəcəklər”.Komandamızın artıq birinci qızıl medalı qazandığını diqqətə çatdıran Prezident İlham Əliyev bu münasibətlə komandanı təbrik edərək bildirib: “Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl bir stimul olacaq”.Bəli, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir.Çünki Azərbaycan müstəqillik qazandıqdan sonra ötən əsrin 90-cı illərində ölkədə mövcud olan böhran bir çox sahələrin, o cümlədən idmanın inkişafına da mənfi təsir etmiş, idman dövlət qayğısından kənarda qalsa da, Ulu öndərin hakimiyyətə gəlməsi ilə idman sahəsi də ölkənin inkişaf istiqamətlərindən birinə çevrildi. Çünki dahi lider Heydər Əliyev bilirdi ki, ölkənin parlaq gələcəyinin təməli düzgün gənclər və idman siyasətinin yeridilməsini tələb edir. Bu mənada ümummilli liderin fərmanına əsasən 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Bu müstəqil respublikamızın idman tarixinin başlanğıcı idi. Növbəti il ulu öndərin göstərişi ilə İdman fondu yaradıldı və ora Prezident Fondundan vəsait ayrıldı. Bu da Heydər Əliyevin idman siyasətinə nə qədər böyük önəm verdiyinin göstəricisi idi.Cənab İlham Əliyevin Prezident seçilməsindən sonra isə Azərbaycanda idman sahəsi özünün intibah dövrünə qədəm qoydu. Ulu öndərin açdığı cığırdan heç bir zaman sapılmadı və ölkədə idman siyasəti yeni mərhələyə keçid etdi. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin sədri İlham Əliyevin hakimiyyətə gəlişindən qısa müddət sonra “Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafı” dövlət proqramı qəbul edildi.Bu gün müasir Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib ölkədir. Artıq uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir. Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Əminliklə söyləmək olar ki, idman respublikamızda dövlət siyasətidir. Zaman keçdikcə dövlət bu siyasətin bəhrəsini görmüş, ölkəmizdə idmanın hərtərəfli inkişafına nail ola bilmişdir. Bu nailiyyətlər isə dövlətin idmana olan diqqət, qayğısının təsdiqidir.

BAKIDAKI OYUNLAR İSLAM HƏMRƏYLİYİNİN GÜCLƏNMƏSİNƏ TƏKAN VERMİŞDİR

Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşündə bildirib ki, beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir, komanda hesabında birinci olmuşdur: "Bu dəfə İslam Həmrəyliyi Oyunlarının Bakıdan sonra Konyada keçirilir, qardaş ölkədə keçirilir. Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, bu Oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Əlbəttə, biz çox şadıq ki, bu Oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu Oyunlar həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq".«Eyni zamanda, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir»,-deyən dövlət başçısı onu da vurğulayıb ki, müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar: «Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir».

TÜRKİYƏ-AZƏRBAYCAN BİRLİYİ QARDAŞLIĞIMIZIN İFADƏSİ, HƏMRƏYLİYİMİZİN RƏMZİDİR

Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı, sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da belə olacaq. Qələbə Zəfəri ilə - Qarabağ Azərbaycandır! Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”Və bu gün də Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iki dövlət başçılarının bir yerdə olması bir daha Türkiyə-Azərbaycan birliyinin dünyaya nümayiş etdirməklə yanaşı, həm də bu yarış türk-islam dövlətlərin birliyi, nüfuzu, qardaşlığının möhkəmliyi bir daha bütün dünyaya nümayiş olundu. Və bu bir daha dünyaya göstərdi ki, güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, iki qardaş ölkə bir yerdədir, birliyi sarsılmazdır və əbədidir. Hər zaman da bu belə olacaq.

BİZ ARTIQ MÜZƏFFƏR XALQIN NÜMAYƏNDƏLƏRİ, QALİB ÖLKƏNİN NÜMAYƏNDƏLƏRİ KİMİ BU OYUNLARDA İŞTİRAK EDƏCƏYİK

Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşündə bildirib ki, "İlk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə olunmuş Qələbə idman yarışlarında da özünü əks etdirəcək". Bəli, bu gün dövlət başçımızın dediyi kimi, Azərbaycan idmançıları yarışlara qalib ölkənin təmsilçiləri kimi qatılırlar. Çünki idmançılarımızın qalibiyyətləri tarixi Zəfərimizlə birlikdə daha böyük sevinc hissi bəxş edir. Əbəs deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bundan əvvəl Avropa çempionatının iştirakçıları ilə görüşündə də bir daha tarixi Zəfərimizdə gənclərin vətənpərvərlik hissinin, torpaq sevgisinin əsas olduğunu vurğuladı və qeyd etdi ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir. Bəli, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı.Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Bəli, Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir, çünki bayrağımız ucaldıqda, dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır. Çünki idmanımızdakı nailiyyətlər qalibiyyət simvolumuzun təzahürüdür. Dövlət başçımızın vurğuladığı bu fikirlər uğurlarımızın tarixi Zəfərimizdən doğan növbəti qələbələrimizin müjdəçisidir və eyni zamanda, gücümüzün, qüdrətimizin bariz nümayişidir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə