Kimyəvi tərkibinə görə dünyada analoqu olmayan Kəlbəcərin "İstisu"yu - ŞƏRH

Tarixi Zəfəri bizə yaşadan Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində tariximizə yeni bir gün yazıldı. Bu elə bir gündür ki, zaman-zaman Azərbaycan xalqının torpaq uğurunda savaşını, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini bir daha göstərmiş oldu. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gündə xalqımız, milli ordumuz nəyə qadir olduqlarını göstərə bildi. Azərbaycanın qələbə sorağı dünyaya yayıldı. Zəfər günümüzü yaşadıq və bu gün tarixiləşdi. Məlumdur ki, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Dəmir yumruğun gücünə imzalanan bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Üçtərəfli bəyanata əsasən, 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı və Kəlbəcər işğaldan azad olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Rusiya rəhbərliyi bizə müraciət etmişdir ki, onlara əlavə on gün vaxt verin, onlar buradan öz şələ-şülələrini yığışdıra bilmirlər. Onlara vaxt verin ki, çıxsınlar. Biz yenə də humanistlik göstərdik. Yenə də vaxt verdik noyabrın 25-nə qədər. Amma onlar bu müddət ərzində nə etdilər?! Onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırdılar, dağıtdılar… Ağacları kəsdilər, ağacları yandırdılar. Bax, erməni vəhşiliyi budur. Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır".

"İSTİSU" MİNERAL SU ZAVODUNUN TƏMƏLİ QOYULUB

Bu gün artıq işğaldan azad olunuan ərzilərimizdə abadlıq-quruculuq işləri geniş vüsət alıb. 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmiş Kəlbəcər 27 illik işğal altında qalsa da yenidən öz sakinlərini qoynuna alır. Dövlət başçısının vurğuladığı kimi, "Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə". 1993-cü aprelin 2-də erməni quldurları tərəfindən işğal olunmuş Kəlbəcərdə 511 nəfər şəhid olmuş, 231 nəfər itkin düşmüş, 100-lərlə adam şikəst olmuşdur. 130 yaşayış məntəqəsi, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edilmişdi. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olunmuşdur. Dövlət başçısının işğaldan azad olunan ərazilərə səfəri, eləcə də iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri bu ərazilərin tezliklə abadlaşdırılmasından, yeni, müsir əraziyə çevrilməsindən soraqdır. Səfər çərçivəsində Kəlbəcərdə "İstisu" mineral su zavodunun təməlini qoyub. İstifadəyə veriləcək zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması planlaşdırılır. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir.

Qeyd edək ki, "İstisu" bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir. Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.

Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da 27 il işğalda qalmışdı. Kəlbəcərin məşhur olan "İstisu" sanatoriyası da işğal altında idi. İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınıb. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə bütün dünyada tanınıb. Mənbələrə görə, istisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ nəticəsində meydana çıxıb. Öz kimyəvi tərkibinə və bir çox digər xüsusiyyətlərinə görə İstisuyun dünyada analoqu yoxdur. Burada suyun temperaturu müsbət 58,8 dərəcədir.

FAYDALI QAZINTILARLA ZƏNGİN OLAN KƏLBƏCƏR

Onu da bildirək ki, ermənilər Azərbaycan işğal altında olan bütün əraziləri kimi, Kəlbəcəri də dağıtmış, onun tarixi abidələrini darmadağın etmişdir. Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Dağıdılmış mədəni abidələr Alban məbədi, Alban kilsəsi, Lök qalası, Uluxan qalası, Alban kilsəsi, Qalaboynu qalası, Comərd qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və digər abidələr 27 illik işğaldan azad oldu. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngin olan diyardır. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Söyüdlü - Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 ildir ki, Ermənistan respublikası tərəfindən talan edilirdi. İşğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub. Ermənilər bu ehtiyatlardan daha çox qızılı talan ediblər. Zod mədəninin qanunsuz istismarı nəticəsində Ermənistan büdcəsi təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları qazanıb. Bu gün işğaldan azad olunan ərazilərimiz kimi, Kəlbəcərdə də quruculuq-abadlıq işlərinə start verilib.

Əlbəttə ki, həyata keçirilən layihələr, görülən işlər bir daha deməyə imkan verir ki, işğaldan azad olunan ərazilərimiz müasir standartlara uyğun olaraq qurulacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə