“Sazişdə qarşıya qoyulan məqsədlər milli maraqlarımıza uyğundur” - DEPUTAT ŞƏRH ETDİ

“Bildiyiniz kimi, bu il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya Prezidentləri “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” bəyannamə imzalamışdılar. Həmin sənədin preambulasında digər məsələlərlə yanaşı ikitərəfli münasibətləri Rusiya və Azərbaycan xalqlarının maraqlarına tam şəkildə cavab verəcək, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmaq niyyətləri bəyan edilmişdi.
Bu və digər konseptual niyyətləri rəhbər tutaraq Azərbaycan və Rusiya sazişinin 34-cü maddəsində beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi kommunikasiya vasitələri, publik və ictimai diplomatiya ilə əlaqədar məsələlərin geniş dairəsi üzrə iki ölkənin müvafiq strukturları və təşkilatları arasında sahəvi məsləhətləşmələrin keçirilməsi vasitəsilə də daxil olmaqla əməkdaşlığın qurulmasına yardım etmək öhdəliyi götürmüşdülər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında” saziş də məhz “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”-nin şərtlərinin icrasının tərkib hissəsidir: “Adından da aydın olduğu kimi sənədin imzalanmasında konseptual məqsəd informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınmasıdır. İlk növbədə qeyd olunmalıdır ki, Sazişdə qarşıya qoyulan məqsədlər milli maraqlarımıza uyğundur. Xüsusən ona görə ki, Rusiya və Azərbaycanın təhdid kimi qəbul etdikləri məfhumlar, xüsusən də
dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyü, millətlər və dinlərararası ədavət, separatçılıq, ekstremizm, nifrət və diskriminasiyanı qızışdıran aktlarla mübarizə müasir dövrdə aktual məsələdir və təmin olunmasında əməkdaşlıq zəruridir. Çünki, informasiya texnologiyalarının hazırkı inkişaf şəraitində, aydındır ki, heç bir dövlət əlahiddə formada, müstəqil olaraq informasiya təhlükəsizliyini etibarlı şəkildə təmin edə bilməz. Bu mənada bu sazişlə Rusiya Federasiyası və Azərbaycan Respublikası bütövlükdə informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”.

Deputat sözlərinə belə davam edib: “Daha detallı desək, razılaşmada mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları, terrorçuluğun təbliğatı, ictimai qayda əleyhinə olan, dövlətin daxili işlərinə qarışmağı hədəfləyən çağırışlar, habelə, yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və s. məsələlərlə mübarizədə müttəfiqcəsinə davranışlar nəzərdə tutulur. Aydındır ki, informasiya savaşının davam etdiyi şəraitdə, Rusiya ilə bu razılaşma ən azından iki ciddi problemin qarşısını ala biləcək. Birincisi, ermənilər Rusiyanın informasiya məkanında Azərbaycana qarşı əvvəlki kimi effektiv fəaliyyət qura bilməyəcək. İkincisi, zaman-zaman Rusiya mediasında, xüsusən erməni oliqarxların nəzarətində olan Rusiya KİV-lərində anti-Azərbaycan fəaliyyət əvvəlki kimi vüsət ala bilməyəcək.

Çünki, belə cəhdlər ən azından Rusiyanın özünün iradəsinə qarşı olacaq. Yəni, qısaca ifadə etsək, bu sazişlə Rusiya öz informasiya məkanından Azərbaycana mümkün təhdidləri bloklamağı öhdəsinə götürür.

Bu məqsədlə, ölkələrimiz məlumat mübadilə edəcək, və qeyd olunan istiqamətdə hüquqa zidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx və qarşılıqlı fəaliyyət göstərəcəklər. Sazişin effektivliyinə gəlincə, yalnız onu demək kifayətdir ki, imzalanma prosesindən saatlar sonra, istər Qarabağ separatçıları, istər Ermənistandakı revanşistlərin sosial media seqmentində açıq təşviş yaşanmaqdadır. Demək ki, cənab İlham Əliyevin "Hücum siyasəti" doktrinası daha bir platformada İrəvanın dalana dirənməsinə nail olmaqdadır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə