Siyasi partiyaların sədrləri “Ağıllı kənd” layihəsi ilə yaxından tanış olublar - FOTOLAR

Xəbər verdiyimiz kimi ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə media nümayəndələrinin bu gün Zəngilan rayonuna səfəri təşkil olunub. Səfər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə reallaşır.

Səfər iştirakçıları 2021-ci ilin aprelində təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş və cari ilin 27 may tarixində bilavasitə Dövlət Başçısının iştirakı ilə birinci mərhələsinin açılışı olmuş “Ağıllı kənd” layihəsi ilə yaxından tanış olmaq imkanını qazanıblar. Zəngilanda səfər iştirakçılarını qarşılayan kənd təsərrüfat naziri İnam Kərimov qonaqlara layihə haqqında geniş məlumat verib. Qeyd edək ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. Burada 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.

Səfər çərçivəsində iştirakçılar Ağalı kəndində yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış olublar. Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək.

Daha sonra səfərdə iştirak edən siyasilər Ağalı kəndində “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış oldular. Səfər iştirakçıları Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə təmir olunan Zəngilan şəhər məscidini də ziyarət ediblər.

Səfər iştirakçılarına Qarabağın “Yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu haqqında da geniş məlumat verilib. Eyni zamanda ölkə siyasiləri Zəngilandan keçən loqistik layihələr haqqında da məlumatlandırılmışlar. Səfər iştirakçılarına inşa olunan Zəngilan Beynəlxalq Hava Limanı, ümumi uzunluğu 124 kilometr olacaq Zəngilan-Horadiz avtomobil yolu, eləcədə Horadiz-Zəngilan-Ağbənd beynəlxalq dəmir yolu haqqında da məlumat verilmişdir. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq.

Sonda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iştirakçılara və əlaqədar dövlət qurumlarına minnətdarlığını bildirib.

Xatırladaq ki, ölkənin demokratik məzmunlu siyasi dialoq təcrübəsini zənginləşdirən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam və Şuşa şəhərlərinə təşkil olunub. Belə ki, partiya rəhbərlərinin və politoloqların ilk birgə səfəri ötən il martın 17-də Ağdam şəhərinə, ikinci birgə səfər oktyabrın 7-də Şuşa şəhərinə təşkil edilib. Ölkə siyasiləri üçüncü dəfə Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə cari il iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak etmək üçün birgə səfərə çıxıb, Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq müxalif siyasi partiyalar iqtidar tərəfindən təşkil olunmuş rəsmi dövlət tədbirində iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...