Brüssel görüşü Azərbaycanın növbəti siyasi-diplomatik uğrudur

Vətən müharibəsində möhtəşəm tarixi qələbədən sonra Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan sülh və təhlükəsizliyin təmin edilməsi yönümündə yeni reallıqlar yaradıb. 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsinin, 22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsinin, 11 mart 2022-ci il tarixli İranla Anlaşma Memorandumunun imzalanması, 18 mart 2022-ci il tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Azərbaycan - BMT tərəfdaşlığının 30 illiyinin qeyd olunması, may ayının 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə üçüncü görüşün keçirilməsi və s. buna əyani sübutdur. Artıq dünyanın beynəlxalq güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatlatları tərəfindən dəstəklənən Azərbaycan reallıqları öz bəhrəsini verməkdədir.

May ayının 22-də keçirilən Brüssel görüşü də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından olan Avropa İttifaqı da regionun tərəqqisinə öz töhfəsini verməsi üçün Azərbaycanın davamlı sülhə və səmərəli əməkdaşlığa xidmət edən siyasətini və təşəbbüslərini dəstəkləyir. Odur ki, 22 may tarixli Brüssel görüşünü də Azərbaycanın növbəti siyasi – diplomatik uğuru kimi qiymətləndirmək olar. Bu görüşdə də ölkəmizin qətiyyətli və haqlı mövqeyi Ermənistanı yeni reallıqlara uyğun mövqe tutmağa məcbur etdi. Çünki, Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı təşəbbüsləri, səyləri ancaq və ancaq beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Ermənistan isə hələ İkinci Qarabağ müharibəsindən əvvəl aparılan danışıqlar prosesində olduğu kimi, yenə də özünü qeyri-konstruktiv aparmaqdadır. Şanlı vətən müharibəsində ermənilər elə bir dərs aldılar ki, onlar tarix boyu bu alçaldıcı məğlubiyyəti unuda bilməyəcəklər. Artıq beynəlxalq aləm yaxşı başa düşür ki, 44 günlük müharibəyə qədərki dövrdə olduğu kimi, yeni reallıqlarda da Ermənistanın yersiz və əsassız iddialarına yer yoxdur və heç vaxt olmayacaqdır. Amma görünən odur ki, Ermənistan 2020-ci il üçtərəfli bəyanatda əks olunmuş və sonrakı bəyanatlarla bir daha möhkəmləndirilmiş öhdəlikləri, sərhədlərin demarkasiyası və delimitasiyası, sülh müqaviləsinə dair Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları yerinə yetirmək məcburiyyətindədir. Aydın görünür ki, müharibədən sonrakı dövrdə Azərbaycanın yürütdüyü siyasət, münasibətlərin normallaşdırılması, təhlükəsizliyin əldə olunması ilə bağlı mövqeyi qətidir və Bakı qarşı tərəfdən də eyni mövqenin ortaya qoyulmasını gözləyir. Əks təqdirdə, Ermənistanın Azərbaycanın "Dəmir Yumruğunun" zərbəsini bir daha hiss etməsi qaçılmaz olacaqdır. Odur ki, 44 günlük müharibədən nəticə çıxarmaması Ermənistana yenidən baha başa gələ bilər.

Müharibədə rüsvayçı məğlubiyyətə uğramış Ermənistan reallıqları nəzərə almalı, yaranmış yeni vəziyyətə uyğun davranmalıdır. İrəvan bu reallıqlardan irəli gələn üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəliklər üçtərəfli bəyanatlarda, Moskva, Soçi və Brüssel razılaşmalarında öz əksini tapmışdır. Münasibətlərin normallaşdırılması əlbəttə ki, Ermənistanın bu öhdəlikləri yerinə yetirməsindən çox aslıdır.

Dünyada beynəlxalq təhlükəsizlik daim prioritet sahələrdən biri olduğundan Avropa İttifaqı da yaxşı bilir ki, Azərbaycan bölgədə bir təhlükəsizlik adası, Avropa İttifaqı ilə Cənubi Qafqazın əməkdaşlığı üçün açar bir dövlətdir. Artıq Azərbaycanla Avropa İttifaqının doqquz ölkəsi arasında strateji əməkdaşlıq müqaviləsi imzalanıb ki, bu da İttifaqa üzv olan ölkələrin üçdə birini təşkil edir.

Bu gün nəinki Avropa İttifaqı, eləcə də dünyanın ən güclü dövləti olan ABŞ-ın da Azərbaycanla münasibətləri yeni müstəvidə inkişaf edir. Bir neçə gün bundan öncə ABŞ prezidenti Cozef Baydenin müstəqillik günü münasibəti ilə Azərbaycan prezidentinə ünvanladığı məktubunda da bunun şahidi oluruq. Məktubda ifadə olan fikirlərdən belə nəticəyə gəlinir ki, ABŞ kimi bir supergüc də Azərbaycan reallıqlarını qəbul edir, qlobal terrorizmə qarşı mübarizədə Azərbaycanın mövqeyini dəstəkləyir və Cənubi Qafqazda Azərbaycanı regional və qlobal təhlükəsizliyə, davamlı sülhə töhfələr verən vacib bir tərəfdaş kimi qəbul edir, onun bu sahədə təşəbbüslərini, səylərini dəstəkləyir. Təbii ki, Azərbaycan Respublikası Prezidentinin uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan bu reallığın ABŞ tərəfindən dəstəklənməsi də təqdirəlayiq bir haldır.

Təsadüfi deyil ki, Brüssel formatında aparılan müzakirələrdə Avropa İttifaqının ortaya qoyduğu mövqe də Azərbaycanın regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə hesablanmış təşəbbüsləri ilə uzlaşır. Ötən ilin dekabrından Avropa İttifaqının vasitəçiliyi ilə start götürən "Brüssel prosesi"nin də məqsədi üçtərəfli bəyanatlarda nəzərdə tutulmuş məsələlərin reallaşması, münasibətlərin normallaşması və sülhün əldə olunmasıdır. Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı təklifləri konstruktivdir. Avropa İttifaqı hesab edir ki, artıq gələcəyə baxmaq, yeni reallıqlar çərçivəsində münasibətləri normallaşdırmaq vacibdir. Qurumun Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyasına, iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasına, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına verdiyi dəstək, bu məsələləri daim diqqətdə saxlaması da bir daha Avropa İttifaqının artıq Azərbaycan reallıqlarını qəbul etməsindən xəbər verir.

May ayının 22-də keçirilən üçtərəfli görüş Azərbaycanın irəli sürdüyü beş prinsipin müzakirəsi əsasında keçirildi, “Dağlıq Qarabağ” ifadəsi işlədilmədi, təhlükəsizlik, gömrük rüsumları və qaydaları, beynəlxalq daşımalar çərçivəsində sərhəd idarəetmə prinsipləri barədə razılıq əldə olundu. Yaxın günlərdə sərhəddə hər iki ölkənin komissiya üzvlərinin birinci iclasının keçirilməsi, sülh müqaviləsinin hazırlanması üçün xarici işlər nazirliklərinin nümayəndə heyətlərinin görüşməsi kimi mühüm qərarlar qəbul edildi. Bu da onu sübut edir ki, nəinki Cənubi Qafqazda, eləcə də dünyada sülhsevər, tolerant, güclü bir ölkə kimi tanınan Azərbaycan çox yaxın vaxtlarda öz qətiyyətli prinsiplərini reallaşdıracaq və bununla da, müdrik xaqlımızın istək və arzuları, milli maraqları təmin olunacaqdır.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə