"Omikron" ştammının yüksək yoluxduruculuğu vaksin olunmaq məsuliyyətini artırır ŞƏRH

Bu gün dünyada COVID-19 pandemiyasının "omikron" ştammı sürətlə yayılmaqdadır. Bu ştammın Cənubi Afrikada aşkar edilməsindən iki ay sonra dünya ölkələrində yayılma tempi artıb. ÜST-nin Avropa bürosunun məlumatına istinadən "omikron" xəstəliyin ağır keçməsinə nadir hallarda səbəb olmasına baxmayaraq yoluxmaların sayı nəzərəçarpacaq dərəcədədir. Yeni ştamm özündə 32 mutasiyanı birləşdirir. Artıq bildiyimiz kimi, Azərbaycanda da cari ilin yanvarın 12-də "omikron" ştammı aşkarlandı. Vətəndaşların layiqli həyat şəraitinin və təhlükəsizliyinin təmin edilməsi, hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Təbii ki, ötən iki ilə ərizidə dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarlar verilib və əməli tədbirlər reallaşıb. Dövlət tərəfindən tətbiq olunan qaydalar əhalinin təhlükəsizliyinin, sağlamlığının təmin edilməsinə yönəldilib.
Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2468 yoluxma faktının qeydə alınması virusun yayılma halının yüksək olmasının göstəricisidir. Hər gün ondan artıq insanın bu pandemiyadan vəfat etməsi əlbəttə ki, hər bir vətəndaşın daha da məsuliyyətini artırır. Təbii ki, infeksiyaya yoluxma halı mütəmadi olaraq yüksələn templə davam etmir, aşağı enmə və yenidən yüksələn xətt müşahidə olunur. Yoluxma sayının 4 rəqəmlidən tədricən 2 rəqəmliyə düşməsi və yenidən hazırki vəziyyətdə 4 rəqəmliyə yüksəlməsi hələ də bu qorxunc virusla ciddi mübarizə aparılmasına dələlət edir. Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verir. Yeni xəstəxanların istifadəyə verilməsi, maska istehal edən fabrikin işə başlaması və s. bu virusla mübarizədə önəmli rol oynadı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Bizdə hazırda 10 min çarpayı var, onlardan cəmi 10 faizi doludur. Yəni, 9 min çarpayı boşdur. Allah eləməsin, əgər pandemiya daha geniş vüsət alsa, bizim kifayət qədər imkanımız var. Burada önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Bizdə 875 reanimasiya yerimiz var, onlardan 26 faizi doludur. Burada da kifayət qədər boş reanimasiya yerlərimiz var. Yəni bu nöqteyi-nəzərdən biz özümüzü rahat hiss edə bilərik".
Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdə koronavirus infeksiyasından sağalanların sayında müsbət dinamika müşahidə olunur. Sağalan xəstələrin sayı ikiqat olaraq gündəlik yoluxma hallarını üstələyib. Təbii ki, vaxtında koronavirus xəstələrin müalicəsi üçün daha çox xəstəxanaların ayrılması, modul tipli xəstəxanaların istifadəyə verilməsi, həkimlərin fədakarlığı pandemiya ilə mübarizədə sözünün deyir. Bu gün ölkəmizdə mərhələli şəkildə təsirli tədbirlər həyata keçirilir və vəziyyət nəzarət altındadır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, COVID-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir, çox dəyərlidir: "Mən hesab edirəm ki, biz məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatını qoruduq. Qoymadıq ki, xəstəlik geniş vüsət alsın, qoymadıq ki, bu, nəzarətdən çıxsın və bundan sonra da bunu edəcəyik. Nə qədər lazımdırsa, o qədər də edəcəyik. Əminəm ki, birgə səylər nəticəsində, həm də bundan sonra dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq".
Bu günün reallığı odur ki, koronavirus infeksiyası əleyhinə peyvəndlənmə vacib hesab olunur. Artıq ölkəmizdə bir ildir ki, vaksinasiyaya start verilib. Bu gün isə vətəndaşlarımız "Buster" doza ilə vaksinasiya olunur ki, bu da orqanizmdə infeksiya əleyhinə daha dayanıqlı immun cavabın formalaşması üçün tətbiq edilən gücləndirici dozadır. Bu dozanın tətbiq edilməsində məqsəd ilkin peyvəndləmədən sonra yaranan, lakin vaxt keçdikdə azalmağa başlayan anticisimləri artırmaqdır. Bu gün ölkəmizdə "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 895 min 975 nəfər təşkil edir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 11 milyon 845 min 510, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 217 min 380, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 732 min 155 nəfər təşkil edir. Azərbaycan vətəndaşları könüllü olaraq peyvəndlənmədə iştirak edirlər. "Peyvəndlənmiş insanların arasında ölüm halları çox azdır", deyən Cənab Prezident bildirib ki, bəlkə də peyvəndlənmiş xəstələrdən hansısa çox ciddi xəstəliyi olan, yaxud da ki, xroniki xəstələr dünyadan gedir: "Mənim tanıdığım bir çox insan var ki, onlar vaksinasiyadan keçiblər, sonra yoluxublar və əsasən çox yüngül keçib. Hətta mən "omikron"a yoluxmuş insanları tanıyıram ki, 5-6 günə heç bir ciddi simptom olmadan sağalırlar".
COVID-19 xəstələrinin təcrid müddəti bir çox ölkələrdə, eləcə də Azərbaycanda 14 gündən 7 günə azaldılıb. Belə ki, yanvarın 24-dən etibarən isə COVID-19 PZR test nəticəsi "müsbət" olan şəxslərin və onlarla sıx təmasda olanların təcrid müddəti 14 gündən 7 günə endirilib. Azərbaycanda təcrid müddəti yalnız yerli ekspertlərin fikirləri deyil, beynəlxalq təcrübə də əsas götürülərək azaldılıb. Lakin təcrid müddəti başa çatmış vətəndaşlar arxayın olmamalı, sağlamlıq vəziyyətlərinə diqqət etməlidirlər.
Əgər bu gün biz pandemiyanın geniş yayılmasının qarşısını almaq istəyiriksə məsuliyyətli olmalı, tələb olunan bütün qaydalara lazımı şəkildə riayət etməliyik. Bu bizim vətəndaş məsuliyyətimizdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə