“Paşinyan Ermənistanın əvvəlki hakimiyyətləri uzun müddət gizlətdikləri barədə danışıb” Eldar Namazov

“Ermənistanın baş naziri erməni ictimaiyyətinə ilk dəfə onun haqqında məlumat verdi ki, əvvəlki erməni hakimiyyətləri necə inadkarlıqla və uzun müddət boyunca azərbaycanlı qaçqınların Qarabağın dağlıq hissəsinə qayıtmaq hüquqlarına malik olduqlarını gizlədirdilər”. SİA xəbər verir ki, bu barədə Strateji və beynəlxalq araşdırmalar mərkəzinin direktoru Eldar Namazov rusdilli haqqın.az saytına verdiyi açıqlamasında bildirib.

Nikol Paşinyanın Qarabağda yaşayan azərbaycanlıların hüquqları məsələsinin erməni tərəfindən mübahisə olunmadığı və mübahisə olunmayacağı barədə səsləndirdiyi sensasiyalı bəyanatını şərh edərkən Eldar Namazov əsasən qeyd edib ki, Ermənistanın baş naziri bu gün Rusiya sülhməramlılarının yerləşdikləri Qarabağın dağlıq hissəsində müharibədən sonrakı dövrdə həyatın müəyyən edilməsi baxımından həlledici məsələyə toxunub.

Xankəndiyə, Xocalıya, Əsgərana və Qarabağın başqa yaşayış məntəqələrinə vaxtilə bu regionlarda yaşamış on minlərlə azərbaycanlılar və onların nəsilləri geri dönməlidirlər

“Azərbaycanlı qaçqınların keçmiş DQMV-nin ərazisinə qayıtmaları ATƏT-in bütün sənədlərində qeyd olunub və ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar zamanı Dağlıq Qarabağın gələcək statusunun müzakirəsində şərt kimi qoyulub”, deyən politoloq xatırladıb ki, Ermənistanın əvvvəlki iqtidarları bu fakt haqqında bacardıqları qədər susurdular. Ona görə də erməni ictimaiyyətində əvvəlcədən yanlış və inadkar düşüncə yaranıb ki, Dağlıq Qarabağın statusunu yalnız ermənilər və başqa heç kim müəyyən edə bilməz. Halbuki, vaxtilə erməni tərəfinin də qəbul etdiyi ATƏT-in Minsk qrupundakı sənədlərdə tamamilə başqa məsələlər haqqında danışılırdı. Azərbaycanın ikinci Qarabağ müharibəsindəki qələbəsindən sonra qaçqınların qayıtmaları Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində daha mühüm və müəyyənedici məsələ olaraq nəzərə alınır. Ona görə ki, 44 günlük müharibəyə qədər Qarabağın dağlıq hissəsində yaşamış erməni əhalisinin əhəmiyyətli hissəsi həmin əraziləri tərk edərək Ermənistana, Rusiyaya və başqa ölkələrə köçüblər.

İkinci Qarabağ müharibəsindən sonra regionun dağlıq hissəsində 20-25 minə yaxın erməni qalmışdı. İndi isə Xankəndiyə, Xocalıya, Əsgərana və Qarabağın başqa bir sıra yaşayış məntəqələrinə vaxtilə bu regionlarda yaşamış on minlərlə azərbaycanlılar və onların nəsilləri geri dönməlidirlər, belə ki, onların qayıtmaları üçün qəbul olunmuş və razılaşdırılmış beynəlxalq sənədlər mövcuddur və həmin səbədlərə əsasən buna hüquqları var.

Dağlıq Qarabağın statusu haqqında, hətta teoretik söhbətlər etmək belə öz mənasını itirir

Məhz bununla da bağlı danışan Namazov 10 noyabr üçtərəfli bəyanatdakı razılaşmalar barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağın gələcək statusu haqqında jurnalistin sualına verdiyi cavabını olduğu kimi xatırladıb: “Bu barədə hələ ki, danışmaq tezdir, belə ki, bütün köçkünlər Qarabağa geri qayıtmalıdırlar və biz bu ərazilərdə etnik balansın necə olacağını bilmirik”.

Namazovun fikrincə, rus diplomatiyası artıq onda açıq şəkildə təsdiq edirdi ki, azərbaycanlı qaçqınların geri dönmələrindən sonra Dağlıq Qarabağın statusu haqqında, hətta teoretik söhbətlər etmək belə öz mənasını itirir. Politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın bu tezisi təkrarladığını deyib və qeyd edib ki, erməni baş nazir bu vasitə ilə öz ictimaiyyətinə azərbaycanlı qaçqınların geri dönmələri vacibliyini izah edib və bu, münaqişənin tənzimlənməsində mühüm bənddir. Paşinyan faktiki olaraq öz həmvətənlərini illüziyalardan uzaq olmağa və Qarabağın dağlıq hissəsini Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi tanımağa çağırıb.

Paşinyanın çıxışı Qarabağda yaşayan ermənilərdə gözlənilən şoku yaratdı və politoloqun sözlərinə görə, müvafiq məsələ ilə bağlı etirazlar uzağı stəkanda fırtına effektindən başqa heç nə olmayacaq. Belə ki, beynəlxalq hüquq, beynəlxalq ictimaiyyətin mövqeyi, 2020-ci ilin 10 noyabrında Moskvada imzalanmış üçtərəfli razılaşma mövcuddur və bütün bu sənədlərdə azərbaycanlı qaçqınların, onların nəsil nümayəndələrinin Qarabağın dağlıq hissəsindəki doğma ocaqlarına qayıtmaları birmənalı hüquqları kimi tanınmaqdadır.

Əgər erməni tərəfi erməni qaçqınların Bakıya, Gəncəyə və Azərbaycan şəhərlərinə qayıtmaları barədə danışmaq istəyirlərsə...

Eldar Namazov İrəvanda azərbaycanlıların Qarabağın dağlıq hissəsinə geri dönmələrinin yalnız ermənilərin Bakıya və başqa Azərbaycan şəhərlərinə qayıtmalarından sonra mümkün ola biləcəyi ilə bağlı səslənən ayrı-ayrı bəyanatlara da şərh verərək deyib ki, bu tezisin əsassızlığı ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu çərçivəsində demək olar ki, otuz il aparılan danışıqlar prosesində qaçqınlar dəqiqliklə iki kateqoriyaya bölünmüşlər: Qarabağdakı münaqişə ərazisindən olan qaçqınlar və digər ərazilərdən olan qaçqınlar. Bu həlldə birinci məsələnin ikinci məsələdən asılı saxlanılması cəhdi, hətta teoretik uğur şansına belə malik deyil. Eyni zamanda, əgər erməni tərəfi erməni qaçqınların Bakıya, Gəncəyə və Azərbaycan şəhərlərinə qayıtmaları barədə danışmaq istəyirlərsə, onda biz də müvafiq şəkildə otuz il əvvəl İrəvan da daxil olmaqla Ermənistanın iyirmi yaşayış məntəqəsindən və digər erməni şəhərlərindən qovulmuş bir neçə min azərbaycanlı qaçqınların doğma ocaqlarına geri dönmələrini tələb edəcəyik.

İrəvandan səslənən pafoslu və isterik bəyanatların heç kiçik rolu belə yoxdur

Ekspertin sözlərinə görə, azərbaycanlıların Qarabağın dağlıq hissəsinə geri dönmələri qeyd-şərtsizdir və alternativi yoxdur, belə ki, bu imkan ermənilərə verilib – məlum olduğu kimi, ikinci Qarabağ müharibəsindən sonra Ermənistana qaçan erməni əhalisi maneəsiz şəkildə Qarabağ ərazisinə geri dönüblər. Məhz bu şəkildə, birmənalı olaraq və maneəsiz bütün azərbaycanlı köçkünlər də geri qayıtmalıdırlar.

“Azərbaycanlıların geri dönmələri hüquqları mübahisə, ya da müzakirə predmeti ola bilməz”, deyə Eldar Namazov bildirib. Onun sözlərinə görə, zaman-zaman İrəvandan səslənən pafoslu və isterik bəyanatların heç kiçik rolu belə yoxdur. Söhbət postmünaqişə dövründə Qarabağda dinc həyatın qurulmasından gedir ki, artıq yaxın vaxtlarda BMT-nin Qaçqınlarla iş üzrə Ali komissarının iştirakı ilə bütün bunlar realizə olunmağa başlayacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə