“Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu tükənməz ibrət məktəbidir” ÖZƏL-MÜNASİBƏT

“Ulu Öndər Heydər Əliyevin zəngin irsi zaman keçdikcə daha çox araşdırılır, öyrənilir. Lakin Ümummilli Liderin bizlərə ən böyük mirası sayılan müstəqil və güclü Azərbaycanın inkişafının əsasını təşkil edən Ulu Öndər Heydər Əliyev strategiyasının hələ də açılmamış səhifələri, məqamları vardır”. Bunu “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir: “Bu məsələdə medianın da üzərinə böyük iş və məsuliyyət düşür. Ulu Öndər Heydər Əliyev fəlsəfəsinin gənc nəsillərə çatdırılması, onun bilavasitə rəhbərliyi və təşəbbüsü ilə reallaşdırılan layihələr haqqında daha dolğun, geniş və hərtərəfli məlumat bazasının yaradılmasına kütləvi informasiya vasitələri daim diqqət ayırmalıdırlar. Bu təşəbbüs tək Ümummilli Liderin anım günləri ərəfəsində yox, mütəmadi olaraq aparılmalıdır. Çünki zaman keçdikcə nəsillər dəyişir”.

S.Seyidova onu da bildirdi ki, gənclər yaşadıqları müstəqil və qüdrətli Azərbaycanın banisi, onun həyat və fəaliyyəti, dövlətçilik fəlsəfəsi barədə maarifləndirilməyə ehtiyac duyurlar: “Çünki ölkəmizdə bir çox ilklərin adı məhz Ulu Öndər Heydər Əliyevlə bağlıdır. Azərbaycanın gücü, qüdrəti artdıqca beynəlxalq əlaqələri genişlənir, ölkəmizə milyonlarla xarici ölkə vətəndaşları da gəlir. Ümummilli Lider, onun dövlətçilik təcrübəsi, xalqına həsr etdiyi ömür yolu və s. haqqında onlar da dolğun təsəvvürlərinin formalaşması ilə bağlı Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi, araşdırılması davam etdirilməli, bu istiqamətdə yeni təşəbbüslər ortaya qoyulmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...