Bu gün bütün kəlbəcərlilər üçün bayramdır - HULUSİ KILIÇ DANIŞDI

“Bu gün Azərbaycanın ən böyük rayonu olan Kəlbəcərin işğaldan azad olunmasının ildönümüdür. 10 noyabr üçtərəfli sazişə əsasən Kəlbəcər bir güllə atılmadan azad olundu. Bu çox böyük bir uğurdur. Bu gün münasibətilə bütün Azərbaycan xalqını və Kəlbəcər sakinlərini təbrik edirəm. Bu gün bütün kəlbəcərlilər üçün bayramdır. Bu bayram bizim də bayramımızdır”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, vaxtilə Kəlbəcər işğal olunduğu dövrdə Türkiyə Ermənistan ilə sərhədlərini bağladı: “Bu sərhədlər hələ də bağlıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyana qədər bu sərhədlər açılmayacaq. Azərbaycan Respublikasının Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin razılığı olmadan da Türkiyə Ermənistana sərhədlərini açmayacaq. Türkiyə Ermənistan ilə sərhədi bağlamaqla heçnə itirmir, amma Ermənistan çox şey itirir. Kəlbəcər Qarabağın Şuşadan sonra ən mühüm, böyük ərazisi, zəngin mədənləri olan rayondur. Keçən il Ali Baş Komandanın rəhbərliyi ilə Kəlbəcər bir güllə atılmadan işğaldan azad olundu. Bu çox böyük bir uğurdur. Bütün dünya artıq gördü ki, Azərbaycan güclü dövlətdir və onun yanında Türkiyə dövləti var. Ermənistan artıq bölgədəki yaranmış reallıqları qəbul etməlidir. Sülh razılaşmasına Azərbaycan hazırdır. Ermənistan tərəfi Azərbaycan ilə sülh danışıqlarına oturmalı və qonşuluq münasibətləri qurmalıdır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə